Məhkəmə qərarları › İş №3(076)-506/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-506/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-506/2023 14.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Abbaslı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Şəmkir RPŞ-nin İTB-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq inzibati material ilə birlikdə baxılması üçün xx.xx.2023-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus torpaq sahəsindən ümumilikdə 100 manat dəyərində 20 ədəd müxtəlif növdə ağac ştillərini oğurlamışdır. Məhkəmə iclasında protokol tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 bildirdi ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərədə tutulmuş inzibati xətanın törətməsi özü təsdiqini tapmış, qeyd edilən fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, bundan sonra tərəfindən protokol tərtib edilmişdir və hazırda protokolu müdafiə edir və qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs bacısı Dürdanənin əridir və aralarında uzun müddətdir narazılıq var. Bacısı Dürdanə mərhum analarına və bacılarına aid qızıl-zinyət əşyalarını və alüminium qazanları ələ keçirmiş, ona geri qaytarmamışdır, eyni zamanda Etibar dünyasını dəyişmiş atası ilə vaxtilə aralarında torpaq sahəsi barədə olan şıfahi razılaşmaya əməl etməmişdir və bu səbəbdən münasibətləri yaxşı olmamışdır. O, bunda görə əsəbiləşib xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinə olan müxtəlif adda və növdə ağac şitillərini doqquz ədəd ərik, üç ədəd tikansız moruq şitillərini gizlin çıxarıb gətirib öz evinin həyətində əkmişdir. Məhkəmədən törətdiyi əməldən peşiman olmasını və barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, qaynı Şəxslə aralarında uzun müddətdən bəri narazılıq, çəkişmə, anlaşılmamazlıq vardır. Mərdanın ona məxsus, atasından miras qalmış torpaq sahəsinə gedən maşın yolunu süni maneələrlə daraltmış və yolun tən ortasından dəmir dirəklər basdırmışdır. xx.xx.2023-cü il tarixdə isə torpaq sahəsini yoxlamağa gedərkən təxminən 20 (iyirmi) ədəd bır-iki illik ümumi dəyəri təxminən 100 (yüz) manat olan müxtəlif adda və növdə ağac şitillərin yerində olmadığını, yerindən çıxarılıdığını görüb həmin şitillərin Mərdan tərəfindən oğurlana biləcəyini ehtimal etdiyindən hadisə barədə 102 xidmətinə müraciət etmişdir. Mərdanın tələb etdiyi qızılzinyət əşyalarını və alüminium qazanları geri qaytarmışlar, lakin Mərdanın həmin əşya və predmetləri qəbul etməkdən imtina etdiyini bildirmişdir. Hazırd onlar arasında barışıq əldə olunmamasını və ona vurulmuş 100 manat dəyərində maddi ziyanın ödənilməməsinin nəzərə alınaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəmkir rayonu Aşağı Seyfəli kənd sakini Zərərçəkmiş şəxs AR DİN-in 102 xidmətinə və Şəmkir rayon PŞ-nə müraciəti əsasında rayon PŞ-nin TB-də toplanmış material üzrə əməlində cinayət tərkibi olmadıgma görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd ediləməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus torpaq sahəsindən ümumilikdə 100 manat dəyərində 20 ədəd müxtəlif növdə ağac ştillərini oğurlamış, bu əməllərə görə barəsində cinayət işinin başlanılması rədd edilmiş, onun bu əməlləri İXM-in 227-ci maddəsinin tərkibi olduğundan barəsində xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərəflərin izahatı, barəsində tərtib edilmiş protokola və inzibati xəta haqqında iş materialları ilə tam sübuta yetirilmişdir. Hazırda vurulmuş maddi ziayn ödənilməməklə tərəflər arasında barışıq əldə olunmamışdır. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə görə, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində ağırlaşdıran hall müəyyən olunmadı. Məhkəmə Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və vurulmuş ziyanın miqdarını, fərdi əməklə məşğul olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməməsini, tərəflər arasında barışıq əldə olunmamasını nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Göründüyü kimi dəymiş zərərlə bağlı mübahisə olduğundan hazırki zərərin inzibati tənbeh tətbiq etməklə eyni vaxtda tutulması mümkün olmadığından zərər çəkmiş şəxsə zərərlə bağlı Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə uyğun olaraq mülki qaydada iddia qaldırmaq hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İXM-in 28.1-ci maddəsində göstərilir ki, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsində qeyd olunur ki, ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Qeyd olunan normanın tələbinə uyğun olaraq Şəxs qızının üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* saylı protokolda göstərilən əməl üzrə 200 (iki yüz) saat müddətində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar