Məhkəmə qərarları › İş №3(076)-507/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-507/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-507/2024 26.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kamaləddin oğlunun sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398–ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: xx.xx.2024–cü il tarixdə saat 09:30 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində keçirilən operativ vergi nəzarəti zamanı Şəxs MMC-də xüsusi lisenziya olmadan sahibkarlİq fəaliyyəti ilə məşğul olma faktı müəyyən edilmişdir. Bu hərəkətləri ilə Şəxs MMC Azərbaycan Respublikası İXM-in 398–ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən "xxxx" obyektində “Xüsusli razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan məşğul olan şəxslərin aşkar edilməsi” məsələsi üzrə operativ vergi nəzarəti həyata keçirilmiş, nəzarət tədbiri nəticəsində Şəxs MMC-nin lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. Həmçinin, "xxxx" obyektində daxili və xarici yüklərin çatdırılmasının həyata keçirilməsi, lakin obyektin vergi orqanında qeydiyyata alınmadığı müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Həmçinin, qeyd edir ki, obyekt vergi orqanında qeydiyyata alınmadığı üçün sürətli poçt xidməti fəaliyyəti üzrə ziyanın (əldə edilmiş gəlirin) müəyyən edilməsi mümkün olmamış, lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 713 nömrəli Fərmanı ilə təsdiq edilmiş lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına əsasən həmin inzibati xəta hadisəsi nəticəsində dövlət rüsumu kimi 1.250 manat ziyan vurulması müəyyən edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 3(076)-507/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş 1.250 manat ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında, yəni 2.500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-345/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Şəmkir Rayon Məhkəməsinin 3(076)-507/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş yenidən baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə və protokol tərtib etmiş orqana məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatı, habelə tədqiq edilmiş digər sübutları Şəxs MMC-nin qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, işdə olan xx.xx.2024–cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Şəxs MMC-də xx.xx.2024–xx.xx.2024–cü il tarixdə operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən "xxxx" obyektində “Xüsusli razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan məşğul olan şəxslərin aşkar edilməsi” məsələsi üzrə operativ vergi nəzarəti həyata keçirilmiş, nəzarət tədbiri nəticəsində Şəxs MMC-nin lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edilmişdir. İşdə olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, Şəxs MMC xüsusi mülkiyyət olmaqla, əsas fəaliyyət növü sair poçt və kuryer fəaliyyətindən ibarətdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli müqaviləyə əlavənin 3-cü bəndində qeyd edilmişdir ki, Müştərilərin obyekti rahat tapması üçün “İcraçı”ya məxsus obyektin görünən hissəsində Şəxs MMC-yə məxsus "xxxx" reklam daşıyıcı sərgilənməlidir. Müqavilə Expert MMC-nin direktoru Nurlan Qurbanov tərəfindən imzalanaraq Şəxs MMC-yə məxsus möhürlə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş xidmətlərin göstərilməsi barədə xx.xx.2023-cü il tarixli müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, Şəxs MMC-nin (sifarişçi) fəaliyyətinin bir istiqamətini, yəni kuryer və anbarlama xidmətlərini təmin etmək məqsədilə Mahir Qurbanovla (icraçı) müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən icraçı müstərilərə məxsus bağlamaları “Sifarişçi”yə məxsus filiallardan təhvil almalı və 1-3 iş günü ərzində bağlamaları müştəriyə təhvil verilməsini təmin etməlidir. Müştərilərin rahatlığı və tələbi əsasında lazım gəldiyi təqdirdə özünə məxsus təsərrüfat obyektində müştərilər üçün bağlamaların müvəqqəti anbarlamasını təmin etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs MMC-nin fəaliyyət göstərdiyi binalara "xxxx" reklam daşıyıcısı sərgilənərək fəaliyyət göstərir. Bununla da "xxxx" reklam daşıyıcısı olan obyektdə baş vermiş əməl Şəxs MMC tərəfindən törədilməsinə əsas verir ki, bununla da törədilən əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən sürətli poçt rabitəsi xidməti - fiziki poçt göndərişlərinin ən sürətlə işlənməsini və çatdırılmasını təmin edən poçt rabitəsi xidmətidir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən lisenziya və icazə verən orqanın vəzifəli şəxsləri bu Qanunun tələblərinin pozulmasına və lisenziyanın (icazənin) sahibinə vurulan zərərə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Həmin Qanunun 29-cu maddəsinə əsasən bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə- inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş 1.250 manat ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında, yəni 2.500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar