Məhkəmə qərarları › İş №3(076)-522/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-522/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-522/2024 16.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, borclu Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 43407/2024 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-223/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs, dörd uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 480 manat məbləğində aliment alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Borclu Şəxs icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün qərar və bildiriş təqdim edilməklə 10 gün müddətinə vaxt verilmişdir. Lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən tam təmin edilməmiş, bu müddət ərzində borclu tərəfindən tələbkara qismən ödəniş edilmişdir. Hazırda Şəxs icra şöbəsində verdiyi izahatında 960 (doqquz yüz altmış) manat cəmi borcunu ödəyə bilmədiyini bildirmişdir. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə tələbkarın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar təqdim edilmiş, borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcunu vaxtıvaxtında ödəmir. Borclunun icra sənədləri üzrə hazırda cəmi 660 manat (960 manatdan 300 manat ödəniş etmişdir) borcu qalmaqdadır. Borclu Şəxs əməli Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında borclu Şəxs ifadəsində bildirdi ki, imkanı daxilində borcundan ödəyir, xx.xx.2024-cü il tarixdə borcundan bir dəfəyə 300 manat ödəniş edib, hazırda bəzi problemləri var, bütün borcunu çalışıb ödəyəcək, məhkəmədən barəsində tərtib edilmiş protokolun xitam olunmasını xahiş etdi. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan Gəncə şəhər Məhkəməsinin 2(125)-223/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs dörd uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 480 manat məbləğində aliment alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-223/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xx.xx.2024-cü il tarixdə başlanılmış, tələbin könüllü icrası barədə bildirişlər borcluya təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materiallarından müəyyən olunur ki, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcundan xx.xx.2024-cü il tarixdə 300 manat pulu tələbkara ödəmişdir. Göründüyü kimi, borclu Şəxs nəinki icra sənədini üzrsüz səbəbdən icra etmir, əksinə o, icra sənədinin icrası ilə bağlı maddi imkanının yol verdiyi həddə hissə-hissə olmaqla ödənişlər etmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar