Məhkəmə qərarları › İş №3(076)-547/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-547/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-547/2024 17.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1982-ci il tarixdə Ukrayna Respublikasında anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsill, subay, işləməyən, Rusiya Federasiyası, Udmurtiya Respublikası, Sarapul rayonu, Uralski kəndi, Jeleznodorojnıy küçəsi, ev-1, mənzil-5 ünvanında qeydiyyatda olmaqla, Şəmkir şəhəri, Şəmkir küçəsi, ev 113 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə, Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1120/2024 saylı icra sənədi üzrə yaranmış 570 manat aliment borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Şəxs Nurlan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 190 manat məbləğində alimentin alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi qanuni qüvvəyə minmiş və xx.xx.2024-cü il tarixdə icra şöbəsinə daxil olmuşdur. İcra sənədi onun icraatına daxil olduqdan sonra borcluya tələbin könüllü icrası barədə bildiriş göndərsə də, borclu həmin bildirişi almamışdır. xx.xx.2024-cü il tarixdə isə borclu ilə əlaqə saxlaya bilmiş və borclu icra şöbəsinə gəlmişdir. Hazırda Şəxs borclu olduğu alimenti ödəməkdən yayınır və onun ödənilməmiş 570 manat aliment borcu vardır. Bununla da Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək alimentin ödənilməsindən boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ondan Nurlan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 190 manat məbləğində alimentin alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Halbuki, həmin qətnamədən yeni məlumatı olmuş, qətnamədən narazıdır və apellyasiya şikayəti verməyə hazırlaşır. Belə ki, həmin mülki işə onun iştriakı olmadan baxılaraq qərar qəbul edilmişdir. Halbuki, o, Rusiya Federasiyası vətəndaşıdır və onun Azərbaycanda rəsmi nikahı olmamışdır. Bundan başqa icra məmuru ona xəbərdarlıq etməmişdir. Hazırda barəsində tərtib edilmiş protokolu qəbul etmir. Belə ki, icra məmuru hərəkətsizlik göstərərək, ona məlumat verməmiş, yalnız xx.xx.2024-cü il tarixdə icra şöbəsinə gəlmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs icra məmuru tərəfindən zəng edilərək məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Nurlan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 190 manat məbləğində alimentin alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməyi tələb etmişdir. Lakin həmin bildirişin borclu tərəfindən alınması təsdiq edilməmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, məhkəmə qeyd edir ki, iş materiallarında icra məmuru tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası barədə bildirişin surəti olsa da, onun göndərilmə reyestri aşkar edilməmiş, həmçinin, bildirişin borclu tərəfindən alınması müəyyən edilməmişdir. Həmçinin, iş materiallarında icra məmuru tərəfindən borcluya ünvanlanmış xəbərdarlıq məktubu aşkar edilməmiş, o cümlədən, xəbərdarlığın borclu tərəfindən alınması öz təsdiqini tapmamışdır. Əksinə, icra məmurunun və borclunun izahatı ilə müəyyən edilir ki, Şəxs yalnız xx.xx.2024-cü il tarixdə icra məmurunun çağırışı ilə icra şöbəsinə gəlmiş, orada isə yazılı izahat verərək qətnamədən narazı olduğunu və apelyasiya şikayəti verdiyini bildirmişdir. Göründüyü kimi icra məmuru heç bir əsas yaranmadan borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclası zamanı isə müəyyən edildi ki, borclu Şəxs borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə icra məmuru tərəfindən ünvanına hər hansı xəbərdarlıq məktubu gəlmədiyini bildirmişdir. Belə olan halda borclunun icra sənədində göstərilən tələbləri qəsdən yerinə yetirməməsi halı müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Şəmkir Rayon Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar