Məhkəmə qərarları › İş №3(076)-57/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-57/2023

10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-57/2023 10.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xətaya dair protokol üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə təqdim etmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolda qeyd edilmişdir ki, Şəxs test-xətt üsuli ilə yoxlama zamanı sidik nümunəsindən narkotik maddədən istifadə etməsi müəyyən edilmişdir. Bununla da o İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi X5 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs test-xətt üsuli ilə yoxlama zamanı sidik nümunəsindən narkotik maddədən istifadə etməsi müəyyən edilmiş, məhkəmə narkoloji ekspertizası təyin edilmiş, AR SN-nin Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 33 saylı rəyindən göründüyü kimi Şəxs tibbi müayinəsi zamanı sidik nümunəsinin narkotik vasitələrin birmomentli immunoxromotoqrafik test-xətt üsulu ilə müayinəsi zamanı THC, narkomaniya xəstəliyi üçün səciyyəvi olan əlamətlər (narkotik vasitələr aclığı) aşkar edildi. Narkotik vasitələrdən istifadə etdiyi, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğu, narkoloji dispanserdə qeydiyyata alınmasının məsləhət görülmüşdür. Həmin fakt üzrə cinayət işinin başlanılması rədd edilmiş, əməldə inzibati xəta tərkibi olduğu müəyyən edilmişdir. Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir və müalicəyə ehtiyacı var. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Şəmkir şəhər sakinidir, təxminən 15-20 ildir ki, düşəndi «nəşə» (marixuana) çəkir, özünü təqsirli bilir. Məhkəmədən barəsində qərar qəbul edilərkən etdiyi əməldən səmimi peşman olmasını nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 çıxışında, Şəxs özünü təqsirli bilir, narkotik maddənin satışı məqsədinin olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə təqsirli bilinməlidir. İş materiallarına əlavə edilmiş: Sərxoşluq hallarının bütün növlərinin təyini məsədi ilə aparılan tibbi müayinəyə dair 59/2023 nömrəli, 09 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs tibbi müayinəsi zamanı sidik nümunəsinin narkotik vasitələrin birmomentli immunoxromotoqrafik test-xətt üsulu ilə müayinəsi zamanı THC aşkar edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından, material üzrə cinayət işinin başlanması əməldə tərkib olmaması əsasına görə rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olduğu üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə Şəmkir Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin həkim-məsləhət komissiyasının xx.xx.2023-cü il tarixli, 33 saylı rəyin surətindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanıya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolojı dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən, saat 18:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməli, həbsdə saxlama müddətinin əvvəli onun tutulduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-37.5-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması da məhkəmə araşdırması ilə müəyyən edildiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, inzibati həbs müddəti başa çatdıqdan sonra Şəxs müalicənin həyata keçirilməsi üçün ixtisaslaşmış müalicə müəssisəsinə təhvil verilməli və Şəxs narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi yardımla bağlı 2 saat vaxt sərf etdiyindən dövlət büdcəsinin hesabından müdafiəçi X4 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 12 (on iki) manat məbləğində pul vəsaiti Şəmkir Rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 01 (bir) ay müddətində həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən, saat 18:00-dan hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Həbsdə saxlanma ilə bağlı qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs narkoloji dispanserdə qeydiyyata alınması və narkomaniyadan məcburi müalicəsinin icrasına nəzarət yaşadığı yer üzrə Şəmkir Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Şəxs hüquqi yardım göstərilməsinə görə müdafiəçi X4 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 12 (on iki) manat məbləğində pul vəsaiti Şəmkir Rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən. Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar