Məhkəmə qərarları › İş №3(076)-570/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-570/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-570/2024 27.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir RPŞ–nin İTB–nin sahə rəisi: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1989–cu ildə Şəmkir rayonu, Çaparlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Şəmkir rayonu, Çaparlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1–ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 26 may 2024–cü il tarixdə saat 20 radələrində Bakı-Qazax yolunun 393-cü kmdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM–in 535.1–ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, şahid ifadələri və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək məhkəmə iclası zamanı izahatında göstərdi ki, 26 may 2024–cü il tarixdə saat 20 radələrində idarə etdiyi Mercedes markalı **-RJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Çaparlı kəndində çıxaraq Kür qəsəbəsi istiqamətində hərəkət etmişdir. Hərəkətdə olarkən bir neçə avtomobili ötmə əməliyyatı etmiş, lakin bir avtomobil onun ötmə əməliyyatına mane törətdiyi üçün manevr etmə qaydasını pozmuşdur. Bundan sonra Bakı-Qazax yolunun 393-cü km-də YPX-nin əməkdaşları onu saxlamış və yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu zaman polislərdən onu hansı səbəbə saxlamalarını soruşmuş, polis əməkdaşları isə onun şöbəyə getməli olmasını demişlər. Bundan sonra əsəbiləşmiş və polisə qarşı tabesizlik göstərmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Şəmkir RPŞ–nin DYPB-nin YPX-nin polis baş serjantı vəzifəsində işləyir. 26 may 2024–cü il tarixdə saat 20 radələrində Bakı-Qazax yolunun 393-cü km-də xidmət aparan zaman Bakı istiqamətində hərəkət edən Mercedes markalı **-RJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü manevr etmə qaydasını pozduğu üçün saxlanılmışdır. Adı sonradan məlum olan sürücü Şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və sənədləri tələb etmiş, həmçinin kamerada qayda pozuntusuna baxması təklif edilmişdir. Lakin Şəxs həmin vaxt polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən sürücü ərazidə xidmət aparan PPX-nin köməyi ilə gətirilərək Şəmkir RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ–nin DYPB-nin YPXnin polis baş serjantı X2 da şahid X3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, şahid ifadələrini, tədqiq edilmiş sənədələri ayrı–ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı–ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1–ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Məhkəmə, Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32–ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1–ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə –fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3–cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1–ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2–ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21–ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Azərbaycan Respublikası İXM–in 34.1–ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3–cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bununla belə işə əlavə edilmiş xx.xx.2024–cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024–cü il tarixdə saat 21:10–da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM–in 31.4–1–ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə olan halda məhkəmə qeyd edir ki, Şəxs xx.xx.2024–cü il tarixli inzibati qaydada tutulması nəzərə alınaraq, Azərbaycan Respublikası İXM–in 31.4–1–ci maddəsinə əsasən o, 150 manat məbləğində inzibati cərimə edilməlidir. Eləcə də, Şəxs məhkəmə iclas zalından həbsdən dərhal azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–nin 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM–nin 535.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar