Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-588/2023 26.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev pr., ev-115A, mənzil-43 ünvanında qeydiyyatda olan, Şəmkir rayonu Şiştəpə kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəmkir rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokollar üzrə inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəmkir rayon Polis Şöbəsində tərtib olunmuş materiallar baxılması üçün 26 aprel 2023-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 26 aprel 2023-cü il tarixdə gecə saatlarında Şəmkir rayonu, Şiştəpə kəndində yaşadığı evin qarşısında ucadan ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. xx.xx.2023-cü il tarixli MN ******* nömrəl inzibati xəta haqqında protokola görə, Şəxs 26 aprel 2023-cü il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində yaşadığı evin qarşısında onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəxs barəsində MN ******* saylı protokol üzrə 3(076)-587/2023 saylı və MN ******* saylı protokol üzrə 3(076)-588/2023 saylı inzibati işlərə baxılması, Şəxs tərəfindən eyni vaxtda törədildiyindən və eyni orqanın səlahiyyətinə aid olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda 3(076)-588/2023 sayla birləşdirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 25 aprel 2023-cü il tarixdə saat 23:40 radələrində özünə məxsus “Mercedes Benz” markalı **-CU-*** markalı avtomobili ilə Şəmkir şəhəri, Nəriman Nərimanov küçəsi ilə hərəkətdə olarkən arxasınca PPX-nin avtomobili gəlmiş, o, evə tələsdiyi üçün qarşıda hərəkətdə olan “VAZ-2107” markalı avtomaşını ötmüş, buna görə PPX sürücüsü ona saxla əmri vermişdir. O, evə tələsdiyi üçün avtomaşını saxlamamış və yaşadığı Şəmkir rayonu Şiştəpə kəndində yerləşən evinə getmişdir. Evə çatarkən başqa PPX avtomaşını onu saxlatmışdır. O, avtomaşından düşmüş, polis əməkdaşları ondan Şəmkir RPŞ-nə getməsini tələb etmişlər. Lakin o, polis əməkdaşlarına, içkili olduğunu, xəstə olduğunu, həmçinin psixoloji xəstə olduğunu bildirmiş və qanını onların üstünə tökəcəyini, əl çəkmələrini bildirmişdir. Daha sonra YPX əməkdaşları gəlib onu sərxoşluq testindən keçirmişlər və onu şöbəyə aparmışlar. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin Post-patrul xidməti bölüyü, polis nəfəri X1 izahatında göstərmişdir ki, 26 aprel 2023-cü il tarixdə gecə saat 00:10 radələrində PPXB-nin polis nəfəri, serjant Elvin Qasımzadə ilə birlikdə Şəmkir rayonu, Şiştəpə kəndində xidmətdə olarkən onlara radio ötürücü vasitə ilə deyilən “Mercedes Benz” markalı **-CU-*** markalı avtomobilin Şəmkir rayonu, Şiştəpə kəndində bir evin qarşısında dayandığını və sürücünün avtomobildən düşdüyünü görmüşlər. Onlar dərhal YPX əməkdaşlarına məlumat vermişlər və sürücüyə yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu vaxt həmin sürücü ucadan nalayiq ifadələr işlətmiş və aqressiv hərəkətlər nümayiş etdirmişdir. Onlar həmin sürücünü nizamintizama dəvət etmişlər, lakin sonuncu buna məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Həmin şəxs onları özünə xəsarət yetirməklə hədələmiş, qanını üstlərinə dökəcəyini və s. bildirmişdir. Bundan sonra onlar növbətçi hissəyə məlumat vermişlər və PPX və YPX əməkdaşları gəlmiş və sonuncunu Şöbəyə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin Post-patrul xidməti bölüyü, polis nəfəri X2 şahid X1 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 aprel 2023-cü il tarixdə saat 01:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf ifadəsi və inzibati protokolu tərtib etmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin ərəcəsini nəzərə alır və onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli 26 aprel 2023-cü il tarixdən, saat 01:40dan hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya bir başa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protetst verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-588/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-588/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver