Məhkəmə qərarları › İş №3(076)-610/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-610/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-610/2024 03.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədirliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1978-ci ildə Şəmkir şəhərində, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Şəxs 02 iyun 2024-cü il tarixdə saat 19 radələrində Şəmkir şəhəri, S.Vurğun küçəsində ucadan nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmiş, həmçinin, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özü etirafedici ifadəsi, şahid ifadələri və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, X3 ifadəsində xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman, Şəmkir RPŞ-nin DYP-nin YPBX-nin əməkdaşları tərəfindən Şəxs Şəmkir şəhəri, S.Vurğun küçəsində polis əmkdaşlarının qanuni tələblərinə tabe olmadığı və ucadan nalayiq ifadələr işlətdiyinə görə gətirilərək Şəmkir RPŞ-nin növbətçi hissəsinə təhvil verildiyini bildirmiş və məhkəmədən Şəxs barəsində ciddi intizam tənbehinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək məhkəmə iclası zamanı izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəmkir şəhəri, S.Vurğun küçəsində VAZ 2101 markalı, ** RE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Şəmkir RPŞ-nin DYP-nin YPBX-nin əməkdaşları ona saxla əmrini vermiş, o isə həddindən artıq spirtli içki qəbul edərək sərxoş vəziyyətdə olduğundan avtomobili dərhal saxlamamış, lakin həmin vaxt polis əməkdaşlarının onun arxasınca gəldiyini görüb saxlamış, həmin vaxt polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş və idarə etdiyi nəqliyyat vasitəsinin yol hərəkətindən kənarlaşdırmaq istəyən polis əməkdaşlarına avtomobili verməmişdir. Hazırda spirtli içki qəbul edib nəqliyyat vasitəsi idarə etdiyinə və polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək qanuni tələblərinə tabe olmadığına görə peşmandır. Odur ki, məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin DYPB-nin Yol-Patrul Xidməti inspektoru vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Şəmkir şəhəri, S.Vurğun küçəsində xidmətdə olarkən Şəmkir şəhəri, S.Vurğun küçəsində VAZ 2101 markalı, ** RE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəfindən saxla əmri verilmiş, lakin sürücü avtomobili dərhal saxlamamış və bir qədər irəli getdikdən sonra dayanmışdır. Sürücüyə yaxınlaşıb özünü təqdim edib onun qanun pozduğunu söyləyən zaman, kəskin spirt iyini hiss etmiş, sürücüyə alkotestrdən keçməli olduğunu bildirsə də, sürücü bundan imtina edərək nalayiq söyüşlər söyməyə başlamışdır. Onu dəfələrlə sakitləşdirməyə çalışsa da, o davamlı olaraq nalayiq söyüşlər söyməyə davam etmiş və nəqliyyat vasitəsini hərəkətdən kənarlaşdırmamağa çalışmışdır. Daha sonra məcburi qaydada Şəxs Şəmkir RPŞ-nin növbətçi hissəsinə gətirilərək təhvil verilmişdir. İşdə olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xırda xuliqanlıq hərəkətləri etdiyinə görə və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmadığı üçün, inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının təmin edilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, şahid ifadəsini, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələr ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs inzibati xəta hadisəsini sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə -fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Azərbaycan Respublikası İXM-in 34.1-ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati qaydada həbs edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə inzibati qaydada tutulduğundan, həbsə almanın əvvəli 02 iyun 2024-cü il tarixdən saat 19:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 02 iyun 2024-cü il tarixdən saat 19:30-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar