Məhkəmə qərarları › İş №3(076)-655/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-655/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-655/2025 18.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Məhkəmə iclas katibi Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materialı nəzərdən keçirərək, müəyyən etdi: Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı Nümayəndə tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda Şəxs QSC-nin 2024-cü ilin iyul ayı ərzində 3 gömrük bəyannaməsi üzrə 1884.57 ABŞ dolları dəyərində “meyvə” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətn həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Şəxs QSC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana xx.xx.2025-ci il tarixli 3-33-1700/2-00030/2025 nömrəli bildiriş göndərilsə də, hazırki dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi qeyd olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunan "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 12.2-ci yarımbəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Protokola əlavə edilmiş: -**********7490 sorğu nömrəli xx.xx.2025-cü il tarixli gömrük bəyannaməsindən aydın olur ki, mənşə ölkəsi Azərbaycan olan 18942 kq şaftalı 3157 ədəd plastik yeşiklərdə Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Rusiya ölkəsinə ixrac edilmişdir. -**********6935 sorğu nömrəli xx.xx.2025-cü il tarixli gömrük bəyannaməsindən aydın olur ki, mənşə ölkəsi Azərbaycan olan 19002 kq şaftalı 3167 ədəd plastik yeşiklərdə Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Rusiya ölkəsinə ixrac edilmişdir. -**********7210 sorğu nömrəli xx.xx.2025-cü il tarixli gömrük bəyannaməsindən aydın olur ki, mənşə ölkəsi Azərbaycan olan 6512 kq nektarin 814 ədəd plastik yeşiklərdə Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Rusiya ölkəsinə ixrac edilmişdir. Azərbaycan Rsepublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Rsepublikası Gömrük Məcəlləsinin 0.14-cü maddəsinə əsasən gömrük nəzarəti – gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlərdir. Azərbaycan Rsepublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanlarının hüququdur. Azərbaycan Rsepublikası Gömrük Məcəlləsinin 40.4-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Azərbaycan Rsepublikası Gömrük Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şəxsin və ya onun nümayəndəsinin bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərini, o cümlədən digər prosedurları pozmaqla malları idxal və ixrac etməsi, gömrük dəyərini düzgün bəyan etməməsi, gömrük güzəştlərindən təyinatı üzrə, yaxud düzgün istifadə etməməsi barədə kifayət qədər əsas olduqda, gömrük orqanlarının vəzifəli şəxsləri yazılı bildiriş göndərməklə onlardan bu Məcəllənin 70.2-ci maddəsində göstərilən müddəti əhatə edən müvafiq sənədlərin təqdim olunmasını tələb edirlər. Azərbaycan Rsepublikası Gömrük Məcəlləsinin 150.3-cü maddəsinə əsasən gömrük bəyannaməsinin forması və malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün onunla birgə təqdim olunan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilələk rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir. Azərbaycan Rsepublikası Gömrük Məcəlləsinin 151.1-ci maddəsinə əsasən gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun aşağıdakı şərtlərə uyğunluğunu yoxlayır: -151.1.1. malların nəzərdə tutulan gömrük proseduru altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin gömrük orqanının səlahiyyətlərinə aid olmasını; -151.1.2. gömrük bəyannaməsinin təqdim olunma vaxtının və yerinin gömrük qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə uyğunluğunu; -151.1.3. gömrük bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya məhdudiyyətlər qoyulmuş mallar haqqında məlumatın olub-olmamasını; -151.1.4. gömrük bəyannaməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğunluğunu; -151.1.5. gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu (bu Məcəllənin 150.5-ci maddəsində müəyyən edilmiş qaydada sənədlərin sonradan təqdim olunduğu hallar istisna edilməklə) və onların qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməsini. Azərbaycan Rsepublikası Gömrük Məcəlləsinin 151.2-ci maddəsinə əsasən gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və bəyannaməçi tərəfindən ona düzəliş edilməklə həmin çatışmazlıqların aradan qaldırılması mümkün olmadıqda, həmin bəyannamə gömrük orqanları tərəfindən təsdiq edilmir. Belə hallarda gömrük bəyannaməsində onun təsdiq edilməməsinin səbəbləri göstərilməklə, müvafiq qeyd aparılır. Azərbaycan Rsepublikası Gömrük Məcəlləsinin 162.1-ci maddəsinə əsasən bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Azərbaycan Rsepublikası Gömrük Məcəlləsinin 162.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən (bu Məcəllənin 163.6-cı maddəsində müəyyən edilmiş hal istisna olmaqla) və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli Qərarının 2.5-ci bəndinə əsasən malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün kağız üzərində yazılı və ya elektron formalarda gömrük bəyannaməsi ilə birgə xarici ticarətin həyata keçirilməsini təsdiq edən müqavilə və ya şəxsin mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənəd, yaxud istənilən digər sənəd gömrük orqanına təqdim edilməlidir. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericilikdə nəzərdə tutulan normalarla qarşılıqlı təhlil edərək qeyd edir ki, malların gömrük orqanına təqdim edilərkən verilmiş gömrük bəyannaməsi məhkəməyə təqdim edilmiş, bəyannamənin 20-ci qrafasında (çatdırıİma şərtləri) kod «003»-- konsiqnasiya yolu ilə mal ixracı zamanı malın dəyəri onun xaricdə satışından əldə olunan vəsait hesabına ixrac faktından sonra ödənildikdə (ixrac olunmuş mallar satılmadıqda ölkəyə geri gətirildiyi hallar istisna olmaqla) qeyd edilsə də tərəflər arasında bağlanmış müqavilə məhkəməyə təqdim edilməmişdir. Belə ki, Şəxs QSC-yə aid mənşə ölkəsi Azərbaycan olan məhsulun ixrac edilməsi üçün tərtib edilən **********7490 sorğu nömrəli xx.xx.2025-cü il tarixli, **********6935 sorğu nömrəli xx.xx.2025-cü il tarixli və **********7210 sorğu nömrəli xx.xx.2025-cü il tarixli gömrük bəyannamələrinin 44-cü qrafasında 4011 (Xarici iqtisadi sövdələşmənin həyata keçirilməsi zamanı bağlanan müqavilə) kodunun qarşısında tərəflər arasında bağlanmış müqavilənin nömrəsi və tarixi qeyd edilməsinə baxmayaraq müqavilə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli “Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiqi haqqında” sərəncamının 2-ci bəndinə əsasən ixrac olunan mallar üçün gömrük bəyannaməsinin doldurulması qaydalarında Qrafa 20. (çatdırıİma şərtləri) kod «003» - konsiqnasiya yolu ilə mal ixracı zamanı malın dəyəri onun xaricdə satışından əldə olunan vəsait hesabına ixrac faktından sonra ödənildikdə (ixrac olunmuş mallar satılmadıqda ölkəyə geri gətirildiyi hallar istisna olmaqla) kimi qeyd edilmişdir. Lakin işin hazırki vəziyyətində gömrük bəyannaməsinin tərtibi üçün əsas olan sənəd (müqavilə) təqdim edilməmişdir ki, bu halda mal ixrac olunduqdan sonra malının dəyərinin ödənilməsi şərtini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edilən qanunvericilik normalarını təhlil edərək bildirir ki, gömrük orqanın vəzifəli şəxsi gömrük bəyannaməsinin qanunvericiliklə müəyyən olunmuş şərtlərə uyğunluğunun yoxlanılması, təqdim edilən sənədlərlərə eyniləşdirilməsi, uyğunsuzluq müəyyən edildiyi təqdirdə bəyannaməçi tərəfindən ona düzəliş edilməklə həmin çatışmazlıqların aradan qaldırılması üçün bəyannaməni bəyannaməçiyə geri göndərməli idi. Məhkəmə hesab edir ki, belə olan halda gömrük bəyannaməsinin təqdim edilən sənədlərlə uyğunsuzluğunun məsuliyyətini bəyannaməçi daşımamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs QSC hüquqi şəxsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 105, 114, 115, 128-130, 138-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət və ya protest verilmədiyi təqdirdə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar