Məhkəmə qərarları › İş №3(076)-656/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-656/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-656/2024 04.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 485.1–ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC 33AA291/33AA292 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində gəlmiş “Qarışıq iran malları” yükünə dair 19 nömrəli, xx.xx.2024-cü il tarixli invoys sənədində və **********1467 sorğu nömrəli X3 25 (iyirmi beş) ədəd göstərilən “Xəmir qarışdıran avadanlıq” yükünü Gömrük Bəyannaməsində 32 (otuz iki) ədəd göstərməklə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələrini Azərbaycan Respublikasının gömrük ərazisinə gətirərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə müvafiq icra hakimiyyəti orqanına təhrif olunmuş məlumat vermişdir. Bu hərəkətləri ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 485.1–ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs MMC-nin inzibati xəta əməlini törətməsi işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası, Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinə və Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 61.3 və 62.4-cü maddələrinə əsasən Azərbaycan Respublikası, Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək, habelə tədqiq edilmiş digər sübutları Şəxs MMC-nin qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli, 3-33-2000/012/00175 saylı raportdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN. **********) tərəfindən 33AA291/33AA292 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində gəlmiş “Qarışıq iran malları” yükünə dair idxalatçı tərəfindən təqdim olunmuş **********1467 sorğu nömrəli qısa idxal bəyannaməsi, **********4253 sorğu nömrəli gömrük bəyannaməsi, eləcə də, yükə dair sənədlərin yoxlanılması zamanı məlum olmuşdur ki, NO:19 xx.xx.2024-cü il tarixli invoys sənədində və QİB-də 25 (iyirmi beş) ədəd göstərilən “Xəmir qarışdıran avadanlıq” yükünün Gömrük Bəyannaməsində 32 (otuz iki) ədəd göstərilməsi aşkar edilmişdir. İşdə olan, xx.xx.2024-cü il tarixli, 19 nömrəli “Qarışıq iran malları” yükünə dair invoys sənədindən görünür ki, invoys sənədində “Xəmir qarışdıran avadanlıq” yükü 25 (iyirmi beş) ədəd qeyd olunmuşdur. İşdə olan, xx.xx.2024-cü il tarixli, Şəxs MMC-nin direktoruna ünvanlanmış məktubdan görünür ki, təqdim olunan qısa idxal bəyannaməsi və gömrük bəyannaməsinin məlumatları arasında uyğunsuzluq olduğundan qeyd olunan faktın araşdırılması üzrə izahat və digər hərəkətlərin yerinə yetirilməsi üçün, direktorun və ya səlahiyyətli nümayəndənin Tovuz Gömrük İdarəsinə gəlməsi tələb olunmuşdur. İşdə olan, Şəxs MMC-nin direktoru X1 tərəfindən, Tovuz Gömrük İdarəsinə verilmiş izahatda, Təranə Əmiraslanova **********1467 sorğu nömrəli X4 düzgün tərtib edilməməsinin səbəbinin texniki səhvlə bağlı olduğunu bildirmişdir. İşdə olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyat nömrəsi (VÖEN) ********** göstərilməklə kommersiya qurumu olaraq hüquqi şəxs kimi qeydiyyata alınmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs MMC-nin törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1–ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə -fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş hüquqi şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar