Məhkəmə qərarları › İş №3(076)-687/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-687/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-687/2024 24.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir RPŞ-nin Kür PB-nin polis sahə rəisi: X2 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1956-cı ildə Şəmkir rayonu, Qılıncbəyli kəndində anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəmkir rayonu, Qılıncbəyli kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 157–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs 27 may 2024-cü il tarixdə Şəmkir rayonu, Ceyrançöl ərazisində Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır və onunla normal münasibətləri olmamış, aralarında mütəmadi narazılıqlar baş vermişdir. Belə ki, Şəmkir rayonu, Ceyrançöl ərazisində yerləşən və ona məxsus olan torpaq sahəsi Zərərçəkmiş şəxs tərəfindən qanunsuz olaraq istifadə edildiyindən əvvəllər Rasimə qarşı məhkəmədə iddia qaldırmış və bir çox məhkəmə mübahisələri olmuşdur. Nəticədə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həmin torpaq sahəsi ona verilmiş, bundan sonra icra hərəkətləri həyata keçirilərək torpağı ona təhvil verilmişdir. 27 may 2024-cü il tarixdə günorta saatlarında torpaq sahəsində ot biçdirmiş, həmin vaxt Rasimin əlində telefonla çəkiliş edə-edə ona məxsus torpaq sahəsinə girdiyini görmüşdür. Bu zaman Rasimə iradını bildirmiş və torpaq sahəsindən çıxmasını demişdir. Lakin Rasim ona məhəl qoymamış və qanunsuz çəkilişini davam etdirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə əsnasında əlbəyaxa olmuşlar. Əlbəyaxa zamanı Rasimin eynəyi və telefonu yerə düşmüş, bundan sonra yaxınlıqda olan oğlu Elşən və ot biçən işçilər gəlib onları aralamışlar. Buna baxmayaraq, həmin vaxt o, Rasimi döyməmiş, onu vuraraq hər hansı xəsarət yetirməmişdir. Rasimin hansı şəraitdə xəsarət almasından məlumatı olmamışdır. Hazırda özünü təqsirli hesab etmir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs göstərdi ki, Şəmkir rayonu, Ceyrançöl ərazisində ona məxsus fermanın yaxınlığında yerləşən torpaq sahəsini 2019-cu il tarixdə Şəxs almış və orada ağaclar əkmişdir. Lakin sonradan Suliddin ona qarşı məhkəmədə iddia qaldırmış və məhkəmə qərarına əsasən mübahisəli torpaq sahəsi ölçülərək Suliddinə qaytarılmışdır. 27 may 2024-cü il tarixdə ərazini gəzən zaman Suliddin onun qarşısına çıxmış, heç bir səbəb olmadan onunla mübahisə etməyə başlamış və əlində olan yaba ilə onu itələmişdir. Bundan sonra Suliddinin oğlu Elşən də onların yanına gəlmiş və hər ikisi onu döymüş, Suliddin yaba ilə onun diz nahiyəsindən, Elşən isə sillə ilə sifət nahiyəsindən bir neçə dəfə vurmuşdur. Hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Şəxs onun atasıdır. 27 may 2024-cü il tarixdə Rasim əlində telefonla çəkiliş edə-edə onlara məxsus Şəmkir rayonu, Ceyrançöl ərazisində yerləşən torpaq sahələrinə gəlmiş, bu səbəbdən atası irad bildiərək Rasimdən onlara məxsus torpaq sahəsindən çıxmasını tələb etmişdir. Lakin Rasim ərazini tərk etməmiş və atası ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı onlar əlbəyaxa olmuş, dərhal yaxınlaşaraq onları aralamışdır. O, atasını, ərazidə ot biçən Məşdi isə Rasimi kənarlaşdırmışdır. Həmin vaxt nə o, nə də atası Rasimi döyməmiş, onu vuraraq hər hansı xəsarət yetirməmişdir. Onlar aralanandan sonra ola bilsin ki, Rasimi özünü ora-bura çırpmış və nəticədə xəsarət almışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 27 may 2024-cü il tarixdə Şəmkir rayonu, Ceyrançöl ərazisində yerləşən torpaq sahəsində ot biçməyə getmişdir. Həmin gün saat 13-14 radələrində Suliddinlə Rasimin mübahisə edərək əlbəyaxa olmalarını görmüşdür. Həmin vaxt yaxınlıqda olan Elşənə atasının dalaşmasını demiş və birlikdə onlara tərəf getmişlər. Bu zaman o, Rasimi, Elşən də atasını ayırıb kənarlaşdırmışlar. Həmin vaxt Suliddinin və ya Elşənin Rasimi vurmasını görməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 27 may 2024-cü il tarixdə Şəmkir rayonu, Ceyrançöl ərazisində olarkən uzaqdan Suliddinlə Rasimin mübahisə edərək əlbəyaxa olmalarını görmüşdür. Həmin vaxt ərazidə olan fəhlələr və Suliddinin oğlu Elşən yaxınlaşaraq onları ayırmışlar. O, həmin vaxt Suliddinin və ya Elşənin kimisə vurmasını görməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli 467 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sağ qalça tini nahiyəsinin qançırı və sol budun aşağı üçdə birinin bayır səthinin sıyrığı küt əşyanın təsirindən törənmiş, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Beləliklə, barəsində inzibati protokol tərtib edilmiş Şəxs Zərərçəkmiş şəxs qəsdən vurması, döyməsi və ya ona hər hansı xəsarət yetirməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, zərərçəkmiş şəxsin bədən səthində aşkar edilmiş xəsarətlər ekspert rəyində göstərilsə də, həmin xəsarətlərin məhz barəsində protokol tərtib edilmiş şəxs tərəfindən yetirilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Zərərçəkmiş şəxs isə yalnız öz izahatında göstərdiyi dəlillərə əsaslanaraq barəsində protokol tərtib edilmiş şəxsin ona xəsarət yetirməsini bildirməklə kifayətlənmişdir. Əksinə, məhkəmə iclasında dindirilmiş şahidlər yuxarıda qeyd olunan tarixdə Şəxs Zərərçəkmiş şəxs vurmamasını, sadəcə olnların qarşılıqlı olaraq əlbəyaxa olmasını bildirmişlər. Həmçinin, məhkəmə tərəfindən iş materiallarında olan CD diskə baxış keçirilmiş və baxış zamanı Şəxslə Zərərçəkmiş şəxs mübahisə etmələri və əlbəyaxa olmaları müəyyən edilmişdir. Həmin vaxt Şəxs əlində yaba olsa da, onun yaba ilə Zərərçəkmiş şəxs vurması öz təsdiqini tapmamışdır. Bütün bu hallar isə onu deməyə əsas verir ki, Şəxs Zərərçəkmiş şəxs döyərək xəsarət yetirməsi halı istisna edilir. Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 157–ci maddəsindən görünür ki, şəxsin inzibati tənbehə məruz qalması üçün onun döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağır yetirməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası İXM–nin 157–ci maddəsinin tərkibinin yaranması üçün əməl qəsdən törədilməlidir. Məhkəmə hesab edir ki, Şəxs Zərərçəkmiş şəxs qəsdən döyməsi və ya ona qəsdən fiziki ağrı yetirməsi iş materialları ilə istisna olunur və belə olan halda tərəflər arasında qəsdən döymə ilə bağlı hadisə baş verməmişdir. Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar