Məhkəmə qərarları › İş №3(076)-693/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-693/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-693/2025 18.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərə baxılması üçün xx.xx.2025-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, indiyə qədər aliment borcundan xx.xx.2012-ci il tarixdə 350 manat ödəniş etmişdir. Hazırda 18350 manat aliment borcunu ödəməyə imkanı yoxdur, heç bir yerdən gəliri yoxdur, 2012-ci ildə 350 manat ödəniş etmişdir. Bugünkü tarixdə borcundan 300 manat ödəniş edə biləcəyini demişdir. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, icra sənədinin icra edilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən maneələri aradan qaldırmamışdır. Belə ki, borclu X2 əməli Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, bu gün borcundan 500 manat ödəniş etmişdir, borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçlarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, borclu Şəxs tərəfindən Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1040/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-826/2021 saylı xx.xx.2021-ci il tarixli icra üzrə borcun ödənilməsi ilə bağlı hərəkətlər edilir, onun tərəfindən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsi müəyyən olunmur. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-1040/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü Amin və xx.xx.2008-ci il təvəllüdlü Yamin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs 11 iyul 2011-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 50 (əlli) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-826/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü Amin və xx.xx.2008ci il təvəllüdlü Yamin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat, cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Qurbanova (Əliyeva) Samirə Qüdrət qızına verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1040/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icraata xx.xx.2011-ci il tarixdə və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-826/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icaata xx.xx.2021-ci il tarixdə başlanılmış, tələbin könüllü icrası barədə bildirişlər borcluya təqdim edilmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, hazırda qalıq borc 18350 manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında qeyd edilir ki, göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Beləliklə, “İcra haqqında” Qanunun 82-ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmüş tədbirlər nəticə vermədiyi hallarda borclunun, ilk növbədə, inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Belə ki, borclu 500 manat hazırki vəziyyətdə aliment borcundan ödəniş etmiş, bundan başqa söz verərək borcunu müəyyən müddət ərzində ödəməyi öhdəsinə götürmüş, həmçinin mütəmadi olaraq aliment ödənişləri edir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə n əzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olm adıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar