Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-695/2025 01.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Yusifli Seymur Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Quliyeva Zərnişan Firdovsi qızının katibliyi Şikayətçi: X1 iştirakları ilə Şəmkir RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, bildirmək istəyir ki, 08 iyul 2025-ci il tarixdə səhər saat 06 radələrində özünə məxsus xırdabuynuzlu mal-qaranı Şəmkir rayonunun Çaparlı kəndi ərazisində otlaq sahəsinə aparan zaman, otlaq yolu kənarı ilə hərəkət edən «KAMAZ» markalı, **-BC-*** dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü idarə etdiyi yük avtomobili ilə ona məxsus bir baş toğlunun ayağının üzərindən keçməklə əzmiş və hərəkətə davam etmişdir. Bu zaman o sürücüyə səslənərək avtomobili saxlatmış və sürücüyə avtomobili biraz arxaya hərəkət etdirməsini, təkərin altında qalmış toğlunun ayağının təkərin altından çıxarmasını bildirmişdir. Lakin buna baxmayaraq sürücü onun sözlərinə məhəl qoymayaraq yenidən avtomobili hərəkət etdirərək toğlunu əzərək, hadisəyə biganə formada yanaşaraq ərazidən uzaqlaşmışdır. X4 və X3 hadisənin necə baş verməsinin şahidi olmuşlar. O, hadisədən dərhal sonra DİN- nin 102 zəng xidməti ilə əlaqə saxlayaraq məlumat vermiş, həmçinin aidiyyəti üzrə polis orqanına şikayət etmişdir. Lakin nəticədə ona maddi ziyan dəyməsinə baxmayaraq, özü günahkar hesab edilərək Şəmkir rayon Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsi ilə təqsirli hesab edilərək barəmdə inzibati cərimə tətbiq edilməsinə dair protokol tərtib edilmişdir. Nəzərə çatdırmaq istəyir ki, mal-qaranın otladığı həmin ərazi kəndin örüş yeridir və surətli və ya digər formada avtomobillərin hərəkət etməsi üçün nəzərdə tutulmuş yolun kənarı və ya yaxınlığı deyildir. Odur ki barəsində tərtib edilmiş protokolun əsassız hesab edilərək ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında şikayətçi X2 şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Şəmkir RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X2 xx.xx.2025-ci il tarixdə, saat 06:30-da Şəmkir rayonu, Çaparlı kəndində mal-qaranı yolda nəzarətsiz qoymaqla İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin maddə üzrə təqsirli bilinib 40 manat məbləğində cərimə olunmuşdur; İş materiallarında olan fotoşəkildən görünür ki, xırda buynuzlu mal-qaraya aid hissəcik kənd ərazisində avtomobil yolunun hərəkət hissəsinə düşmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2ci maddə); İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə); İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır (124.2-ci maddə); Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir (124.3-cü maddə). Məhkəmədə müəyyən edilir ki, Şəmkir RPŞ-nin DYPB tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, zəruri araşdırma aparılmadan, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı görüntü və ya başqa bir təkzibedilməz dəlil olmadan inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. Belə ki,barəsində inzibati xətalara dair icraat aparılan X1 xırdabuynuzlu mal-qaranı yolun hansı hərəkət istiqamətindən ötürdüyü həmin mal-qaranı hansı qaydada nəzarətsiz qoyduğu (mal-qaranın nəzarətsiz qaldığı müddət və həmin müddətdə mal-qaranın yolun hansı hissəsində olması) barədə hər hansı sübut təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Şəmkir RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Şəmkir RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Seymur Yusifli
Məhkəmə qərarları › İş №3(076)-695/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-695/2025
01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver