Məhkəmə qərarları › İş №3(076)-7/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-7/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-7/2025 13.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəmkir İcra və Probasiya şöbəsi tərəfindən verilmiş protokoldan görünür ki, əsasən Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2405/2023 saylı icra sənədi üzrə yaranmış cəmi 33121.66 manat borcunu üzrsüz səbəbdən ödəməyərək, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2405/2023 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 33.121,66 (otuz üç min yüz iyirmi bir manat altmış altı qəpik) manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icraatında olmuşdur. İcra işinə baxış keçirilərkən Şəxs tələbkara 33121.66 manat borcunun olması müəyyən edilmiş, bundan sonra borclu icra şöbəsinə dəvət olunaraq tələbkara olan borcunu ödəməsi təklif olunmuş, lakin Şəxs maddi imkanı olmadığına görə borcunu ödəyə bilmədiyini bildirmişdir. Hazırda Şəxs cəmi 33121.66 manat borcu vardır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İcra məmuru məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Bundan başqa icra məmuru X1 cavablandırarkən qeyd etdi ki, borclunun əmlak vəziyyəti elektron sisitem vasitəsilə yoxlanılmış, borclunun "xxxx" ASC-də işləməsi və 345 manat əmək haqqı alması müəyyən olunduğundan, icra sənədi üzrə tutulma sonuncunun əmək haqqına yönəldilmiş, əlavə hər hansı əmlakı müəyyən olunmadığından əlavə hər hansı icra tədbirlərini həyata keçirmək mümkün olmamışdır. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2405/2023 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 33.121,66 (otuz üç min yüz iyirmi bir manat altmış altı qəpik) manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. O, icra sənədinin icrasından qəsdən yayınmır, maddi cəhətdən çətinlik çəkdiyi üçün borcunu ödəyə bilmir. Belə ki, özü şəkərli diabet tip İİ xəstəsi olduğu üçün müalicə alır. O, "xxxx" ASC-nə sürücü vəzifəsində işləyir və onun əmək haqqı 345 manat təşkil edir və icra sənədi üzrə tutulma onun əmək haqqına yönəldilmişdir və hər əmək haqqında tutulmalar aparılır. Əlavə hər hansı gəliri və gəlir gətirən əmlakı yoxdur. Bununla belə əlavə olaraq xx.xx.2025-ci il tarixdə borcundan 200 manat ödəniş etmişdir. Maddi cəhətdən çətinlik çəkdiyi üçün tələbkara olan borcunu tam ödəyə bilməmişdir. Qeyd etdiklərini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, borcludan şikayətçi olduğunu və onun barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2405/2023 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 33.121,66 (otuz üç min yüz iyirmi bir manat altmış altı qəpik) manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2405/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan tibbi sənədlərdən görünür ki, Şəxs şəkərli diabet tip İİ xəstəsidir. İşdə olan arayışdan görünür ki, Şəxs "xxxx" ASC-nə sürücü vəzifəsində işləyir və onun əmək haqqı 345 manat təşkil edir. İşdə olan ödəniş qəbzinin surətindən görünür ki, Şəxs borcundan 200 manat ödəniş etmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. İş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclunun "xxxx" ASC-də işləməsi və 345 manat əmək haqqı alması müəyyən olunduğundan, icra məmuru tərəfindən icra sənədi üzrə tutulma sonuncunun əmək haqqına yönəldilmişdir. Həmçinin borclu əmək haqqından tutulma aparılması ilə yanaşı tələbkara olan borcundan əlavə ödənişlər də etmişdir. Bundan başqa icra məmuru tərəfindən borclunun əmlak vəziyyəti yoxlanılmış, sonuncunun əlavə hər hansı gəliri və gəlir gətirən əmlakı müəyyən olunmamışdır. Göstərilən hal isə onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə tələbkara olan borcunu ödəməkdən qəsdən yayınmır, maddi cəhətdən çətinlik çəkdiyi üçün icra sənədinin icrasını təmin edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar