Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-710/2023 22.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1980-ci ildə Ermənistan, Krasnosel rayonunda anadan olmuş, Аzərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəmkir rayonu, Kür qəsəbəsində yaşayan Şəxs Аzərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 5674/2019 saylı icra sənədi üzrə yaranmış 8.328 manat aliment borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Аzərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Ramal və Cəlal adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borclu olduğu aliment məbləğini ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu aliment borcunu ödəməmişdir. Hazırda Şəxs 8.328 manat aliment borcu vardır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək alimentin ödənilməsindən boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi ilə ondan Ramal və Cəlal adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin alınıb X1 verilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu birdəfəyə ödəyə bilməmişdir. Belə ki, özü heç bir yerdə işləmir və maddi cəhətdən çətinlik çəkir. Bununla belə hazırda tələbkara olan borcundan 1.000 manat ödəmiş, qalan borcunu isə hər ay alimentdən əlavə 150 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. X1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs Ramal və Cəlal adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin alınıb X1 verilməsi qət edilmişdir. İşdə olan ödəniş qəbzindın görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə X2 1.000 manat pul ödəmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu aliment borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə tələbkara olan borcundan 1.000 manat ödəmiş, qalan borcunu isə hər ay alimentdən əlavə 150 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-710/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-710/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver