Məhkəmə qərarları › İş №3(076)-710/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-710/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-710/2025 28.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədirliyi Katib: Həşimov Ağaxan Habil oğlunun katibliyi Şəmkir RPŞ-nin İTB-nin sahə polis nəfəri: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə, Şəmkir rayonu, Mahmudlu kəndində anadan olmuş, Azərbayca Respublikasının vətəndaşı, orta təhsilli, subay, rəsmi olaraq heçbir yerdə işləməyən, Şəmkir rayonu, Y.Seyfəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 510-cu və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola əsasən Şəxs 26 iyul 2025-ci il tarixində saat təxminən 22:40 radələrində Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində ucadan nalayiq ifadələr işlətməklə və polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin sahə polis nəfəri, X4 izahatında göstərdi ki, 26 iyul 2025-ci il tarixində saat təxminən 22:40 radələrində Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində Şəxs ucadan nalayiq ifadələr işlətdiyinə və bizim qanuni tələblərimizə qəsdən tabe olmadığına görə gətirilərək Şəmkir Rayon Polis Şöbəsinə təhvil verildiyini bildirmiş və məhkəmədən Şəxs barəsində ciddi intizam tənbehinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs, özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında qismən təqsirli bilərək məhkəmə iclası zamanı izahatında göstərdi ki, o, 26 iyul 2025-ci il tarixində saat təxminən 22 radələrində Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yaşadığı evdə 02 ədəd Xırdalan piyvəsi içərək maşını həyətə salmaq məqsədi ilə çölə çıxmış və maşını moykadan götürüb içəri verən zaman DYP-nin əməkdaşları onu saxlayaraq içkili olub-olmamasını soruşmuşlar. O, onlara içkili olduğunu bildirmiş və bundan sonra DYP-nin əməkdaşları ona bildirmişlər ki, avtonəqliyyat dayanacağa getməlidir. O, onlara avtomobilin açarını təqdim etmiş və cəriməni ödəyə biləcəyini bildirmişdir. Lakin polis əməkdaşları ona onlarla birlikdə şöbəyə getməli olduğunu bildirmişlər. O, heç bir etraz etməyərək Şəmkir RPŞ-nə gəlmişdir. Odur ki izahatında göstərilənlərin nəzərə alınmasını və ona daha yüngül inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 22:45-də BMVV markalı, **-YP-*** dövlər qeydiyyat nişanlı avtomaşında polis baş leytenantı X6 ilə Şəmkir rayonu, Seyfəli kəndi ərazisində xidmət aparan zaman “VAZ-2107” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomaşın işıq sistemindən düzgün istifadə etmədiyi üçün tərəflərindən saxlanılmışdır. Saxlanılan zaman adı onlara sonradan məlum olan sürücü Şəxs sürücülük hüququ olmadan və spiritli içki qəbul edib avtomaşın idarə etdiyi məlum olmuşdur. Sürücünü tibbi müayinədən keçirərək avtomaşının duracağa yerləşdirən zaman sürücü onlara məxsus olan avtomaşını təpikləməyə və ucadan nalayiq söyüşlər söyməyə başlamışdır. Sürücünü nizam intizama dəvət etsələr də sürücü onları itələyərək öz qanunsuz əməllərinə davam etdirmişdir. Məsul Növbətçiyə məruzə edərək onların vasitəsilə Post Patrul xidmətini çağırmış və onu Şəmkir RPŞ-yə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1, şahid X5 ilə eyni məzmunda izahat verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkiblərinin əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələr ilə təqsirli bilinərək tənbeh edilməlidir. Belə ki, Şəxs etirafı ilə yanaşı, iş materialları ilə də müəyyən olunur ki, o, 26 iyul 2025-ci il tarixdə saat təxminən 22:40 radələrində Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində nalayiq ifadələr işlətməklə, səs-küy salaraq ictimai qaydanı pozmaqla və polisin qanuni tələblərinə əməl etməməklə, xırda xuliqanlıq hərəkətləri etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisiyasında göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətləri özündə ehtiva edir. Həmin əmələ görə əlli manatdan yüz manatadək məbləğdə cərimə və işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası qanunun 3-cü maddəsinin, 1 və 2-cı bəndlərinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələridir. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi iləmüşayiət edilmədikdə, təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Beləliklə, Şəxs əməllərində ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama inzibati xəta tərkibinin əlamətləri olması sübuta yetirilmiş və bununla da o, AR İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində daha ağır, yəni İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, inzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilməlidir. X3 Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (yüz əlli) manat miqdarında inzibati qaydada cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad buraxılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar