Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-717/2025 30.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiala açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 30 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-2208/2018 saylı, xx.xx.2018-ci il tarixli və 2(076)-2950/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən tələb tam təmin edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X1 tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Borclu Şəxs bugünkü tarixədək müəyyən ödənişlər etmiş və hazırda 3032 manat borcu qalmışdır. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin, 2(076)-2208/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.20214-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləği ilə 150 (bir yüz əlli) manat olmaqla, 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu borcunu ödəməmişdir. Borclu məhkəmənin eyni icra sənədi üzrə tələbləri yerinə yetirməkdən təkrar boyun qaçırmışdır. Hazırda Şəxs 6450 manat borcu vardır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsi istiqamətində heç bir hərəkət etmir. Ona görə də, hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, maddi imkanı daxilində ödənişlər etmişdir, lakin imkanı olmadığına görə borcunu tam şəkildə ödəyə bilmişdir və hazırda 3032 manat borcu var. Borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu icra sənədi üzrə heç bir hərəkət etmir, icra məmurunun göstərişlərini üzrsüz olaraq yerinə yetirmir, odur ki borclunun barəsində ciddi intizam tənbehi verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş, Şəmkir Rayon Məhkəməsinin, 2(076)-2950/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunmuş ünvanına göndərilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunmuş ünvanına göndərilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin, 2(076)-2208/2018 saylı, xx.xx.2018-ci il tarixli və 2(076)-2950/2023 saylı, xx.xx.2023-cü icra sənədləri üzrə tələbi könüllü icra etməsi üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs, həmçinin, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin rəisinin izahatlarını, tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında borcunu ödəmək imkanının olmadığını bildirməsinə dair verdiyi izahatını inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin həqiqətən də heç bir üzrlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, Şəxs Şəmkir Rayon Məhkəməsinin, 2(076)-2950/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, üzrsüz olaraq 3032 manat borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və s. halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 12:10-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-717/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-717/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver