Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-769/2023 24.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi X12, Zərərçəkmiş şəxslər X10, X5 və X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk pr.-237, ev-3, mənzil-103 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi Elmir İsaqlı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 206-cı maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu Mərkəzi bazarda X8 100 manat, xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu Mərkəzi bazarda X4 100 manat və X6 isə 110 manat pul alaraq onları aldadıb, onlara qarşı dələduzluq edərək pullarını ələ keçirmiş, bundan əlavə Şəxs götürülmüş sidik nümunəsinin test-xətt üsulu ilə yoxlanılması zamanı narkotik istifadə etməsi müəyyən olunmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 206-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Şəmkir Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli qərardadı ilə Şəxs barəsində MN ******* saylı, MN ******* saylı və MN ******* saylı protokol üzrə 3(076)-768/2023 saylı və MN ******* saylı protokol üzrə 3(076)-769/2023 saylı inzibati işlərə baxılması, Şəxs tərəfindən müxtəlif vaxtda törədilsə də, eyni orqanın səlahiyyətinə aid olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda 3(076)-769/2023 sayla birləşdirilmişdir. İnzibati xəta haqqında protokolları tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi X20 məhkəmə iclasında inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Yeni-Həyat kənd sakini X1 RPŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə adını bilmədiyi şəxsin ondan 100 manat almasını, daha sonra uzaqlaşıb geri qayıtmamasını bildirmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Zəyəm-Cırdaxan kənd sakini X2 RPŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə adını bilmədiyi şəxsin ondan meyvə alacağını bildirib üzərində xırda pul olmadığını deyərək ondan 110 manat alıb, daha sonra uzaqlaşıb geri qayıtmamasını bildirmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə Şəmkir şəhər sakini X3 RPŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə tanımadığı bir şəxs tərəfindən aldadılaraq, dələduzluq yolu ilə 100 manat pulunun alınmasını bildirmişdir. Daxil olmuş həmin müraciətlərlə bağlı araşdırma aparılmış və araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən olunmuş və sonuncu xx.xx.2023cü il tarixdə sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə tibbi müayinədən keçirilən zaman, ondan götürülmüş sidik nümunəsində OPİ (heroin) aşkar olunmuşdur. Təhqiqat araşdırması zamanı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlarla Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrinin tərkibi olduğundan sonuncunun barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti Şəmkir RPŞ-nin İTB-nə göndərilmişdir. Nəticədə Şəxs barəsində müvafiq protokollar tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək məhkəmə iclasında göstərmişdir ki, qeyd olunan inzibati xətaları törətməklə zərərçəkmiş şəxslər X11, X9, X14 aldadaraq onlara qarşı dələduzluq edib pullarını ələ keçirmişdir. Bundan əlavə təxminən bir ay bundan əvvəl narkotik vasitə qəbul etmişdir. Hazırda əməllərindən peşmandır. Məhkəmədən himayəsində 5 nəfər uşağının olmasını, ailə vəziyyətini nəzərə almasını və ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X19 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, 19 mart 2023-cü il tarixdə Şəmkir şəhərində, idarə etdiyi “Kran” markalı avtomobilin yanında olarkən, tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq, Şəmkir şəhəri, 20 Yanvar küçəsində dəmir butkasının olduğunu, həmin butkanın Dəllər qəsəbəsinə aparılmalı olduğunu bildirmiş və onlar 50 manata razılaşmışlar. Həmin şəxs onun avtomobilinə əyləşmiş və birlikdə 20 Yanvar küçəsinə getmişlər. Şəmkir şəhəri, 20 Yanvar küçəsində həmin şəxs avtomaşından düşərək sənəd götürəcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra onun yanına gələrək, ondan 100 manata xırda pulu olub-olmamasını soruşmuş və həmin şəxsə bir ədəd 50, iki ədəd 20 və bir ədəd 10 manat olmaqla, cəmi 100 manat xırda pul vermişdir. Həmin şəxs bir neçə dəqiqəyə bütöv 100 manatı gətirəcəyini bildirsə də, qayıtmamış və həmin şəxsi tapa bilməmişdir. Nəticədə bu barədə Şəmkir rayon Polis Şöbəsinə məlumat vermişdir. Hazırda şikayətçidir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin cəzalandırılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X13 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, 20 aprel 2023-cü il tarixdə günorta saatlarında yaşadığı Şəmkir rayonu, Yeni-Həyat kəndində olarkən tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq əşyalarını “Qazel” markalı avtomobillə bazara aparmasını xahiş etmiş, o, ilk olaraq razılaşmamış, daha sonra isə razılaşmışdır. Həmin şəxs onun idarə etdiyi avtomobilə əyləşərək, götürüləsi əşyaların bazarda olduğunu bildirmiş və sonuncu ilə birlikdə bazara getmişdir. Bazarda o, avtomobili yolun kənarında saxlamış, həmin şəxs avtomobildən düşərək qapı tərəfdən ona yaxınlaşıb 100 manata xırda pul istəmişdir. O, həmin şəxsə bir ədəd 50, iki ədəd 20 və bir ədəd 10 manatlıq olmaqla, cəmi 100 manat xırda pul vermişdir. Həmin şəxs pulları götürmüş və bütöv 100 manatı gətirəcəyini bildirib getmişdir. O, həmin şəxsi gözləsə də, sonuncu qayıtmamış və pulunu gətirib verməmişdir. Nəticədə bu barədə Şəmkir rayon Polis Şöbəsinə məlumat vermişdir. Hazırda şikayətçidir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin cəzalandırılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X16 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, 20 aprel 2023-cü il tarixdə bazarda meyvə satarkən tanımadığı bir nəfər şəxs ona yaxınlaşmış və 4 yeşik almanı yaxınlıqda olan “VAZ-21011” markalı avtomobilin yük yerinə qoymasını bildirmişdir. Daha sonra həmin şəxs üzərində xırda pulunun olmadığını bildirərək ondan 110 manat pul almış və qayıdıb pulunu verəcəyini bildirərək onun yanından uzaqlaşıb getmişdir. Daha sonra həmin şəxsin dediyi kimi 4 yeşik almanı yaxınlıqda olan “VAZ- 21011” markalı avtomobilin yük yerinə qoymuşdur. Bir neçə dəqiqədən sonra isə tanımadığı şəxs onun yanına gələrək avtomobilin ona məxsus olduğunu və həmin şəxsi isə sərnişin kimi gətirdiyini bildirmişdir. O, pulunu aparan şəxsi axtarmış, lakin tapa bilməmişdir. Nəticədə bu barədə Şəmkir rayon Polis Şöbəsinə məlumat vermişdir. Hazırda şikayətçidir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından, onun əməllərində Azərbaycan Respublikası İXM-nin 227 və 206-cı maddələrinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Şəmkir RPŞ-nin İTB-nə göndərilmiş, toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1186/2023 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidik analizində OPİ (heroin) aşkar edilmişdir. İş materiallarında olan AR SN Gəncə şəhər Narkoloji Dispanserinin 23 may 2023-cü il tarixli, 901 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 23 may 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 may 2023-cü il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 3(076)-688/2023 saylı 08 may 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq еdilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 206-cı maddələrində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, izahatlar, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-in 227 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Şəxs məsuliyyətini yüngülləşdirən hal əməlindən peşman olması, onun məsuliyyətini ağırlaşdıran hal isə eyni inzibati xətanı il ərzində təkrar törətməsidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, onun təqsirinin dərəcəsini, habelə eyni inzibati xətanı il ərzində təkrar törətməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227 və 206-cı maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-37.5-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması da məhkəmə araşdırması ilə müəyyən edildiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, inzibati həbs müddəti başa çatdıqdan sonra Şəxs müalicənin həyata keçirilməsi üçün müalicə müəssisəsinə təhvil verilməli və o, narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində 02 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli 23 may 2023-cü il tarixdən, saat 19:00-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-769/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-769/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver