Məhkəmə qərarları › İş №3(076)-797/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-797/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-797/2025 19.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Məsail oğlunun sədrliyi, Xanalıyeva Nuray Fərəc qızının katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs1 və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3350/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi yerinə yetirməmişdir. Hazırda borc 3050 manat təşkil edir. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, lakin borclu icra sənədində göstərilən maneələri aradan qaldırmamışdır və bununla bağlı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə 500 manat cərimə edilmişdir. Lakin bundan sonra keçən müddət ərzində borcu üzrə hec bir ödəniş etməmişdir. Bununlada borclu Şəxs əməli İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, hal-hazırda borcunu birdəfəyə ödəməyə imkanı yoxdur, icra sənədini icra etməmə səbəbi işsiz olması idi. Hal-hazırda usta kimi fəaliyyət göstərir. Gördüyü işdən hər ay 400 manat miqdardan az olmayaraq hissə-hissə ödəmək imkanı var bu gün borcluya 500 manat ödəyibdir. Himayəsində üç azyaşlı uşağı var və bununla əlaqədar möhlət istəyir ki, borcunu hissə-hissə ödəsin ayda 400 manatdan az olmayaraq. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, cavabdeh tərəfindən 3000 (üç min ) manat borcun 500 (beş yüz) manatını borcunu bu gün ödəmişdir, qalan borcun, yəni 2500 (iki min beş yüz) manatın hər ay 400 (dörd yüz) manatdan az olmayaraq ödənilməsinə razıdır, əks halda borclunun həbs olunmasını məhkəmədən tələb edir. Belə ki, borclu bir il ərzində hec bir ödəniş etməmişdir və yalnız bu gün 500 manat ödəniş etmişdir. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3350/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xx.xx.2024-cü il tarixdə başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 3(076)-601/2025-ci nömrəli xx.xx.2025-ci il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə 500 manat cərimə edilmişdir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə İXM-nin 528.1-1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən təkrar icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Borclu Şəxs məhkəmə aktının tələbini icra etməmə səbəbini işsizliyi ilə əlaqələndirərək, üzrsüz səbəbdən təkrar icra etməmə halını inkar etmişdir, eyni zamanda yeni iş yerinə düzələrək, aldığı məvacibdən xx.xx.2025-ci il tarixdə borcluya 500 manat ödədiyini və bundan sonra 2025-ci ilin sentyabr ayından başlayaraq borcluya hər ay 400 manatdan az olmayaraq hissə-hissə pul ödəməyə hazırdır və borcluda onunla razıdır . İş materiallarından görünür ki, borclu Şəxs məhkəməyə xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək 3000 (üç min) manat borcun 500 (beş yüz) manatını ödədiyini, qalan borcunu isə sentyabr ayından başlayaraq hər ay 400 (dörd yüz) manatdan az olmayaraq ödəməyə söz verdiyini, əks-halda həbs olmağına razı olduğunu bildirmişdir. İş materiallarından görünür ki, tələbkar Zərərçəkmiş şəxs1 məhkəməyə xx.xx.2025-ci il tarixində ərizə ilə müraciət etmiş, müraciətində bildirmişdir ki, 3000 (üç min) manat borcun 500 (beş yüz) manatını borcludan almış, qalan borcun, yəni 2500 (iki min beş yüz) manatın hər ay 400 (dörd yüz) manatdan az olmayaraq ödənilmədiyi halda borclunun həbs olunmasını məhkəmədən tələb edir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməli üzrə müəyyən olunmuş bir il müddətin üzrsüz səbəbdən təkrar icra etməməsi halı mövcud olmadığından və icra məmuru tərəfindən bununla bağlı hərhansı bir dəlil və ya sübüt təqdim etmədiyindən onun inzibati məsuliyyətə cəlb edilməsinin hüquqi əsası aşkar olunmadı. Belə ki, 19 avqust 2025-ci il tarixdə borcundan 500 manat tələbkara ödəmiş, həmçinin söz verərək borcunu 400 (dörd yüz) manatdan az olmayaraq müəyyən müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilr. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il müddət tamamlanmadığından, şəxs işsizlik səbəbindən məhkəmə aktının tələbini icra etmədiyindən, hal-hazırda borcundan 500 manat ödədiyini, borcunun qalan hissəsini müəyyən müddət ərzində hər ay 400 (dörd yüz) manat məbləğindən az olmayaraq ödənilməsini öhdəsinə götürdüyündən, tələbkar borclunun öhdəliyi üzrə borcun hər ay 400 (dörd yüz) manat məbləğindən az olmayaraq ödənilməsi şərti ilə razılaşdığından, onun barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-nin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan elan edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar