Məhkəmə qərarları › İş №3(076)-80/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-80/2025

03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-80/2025 03.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədirliyi Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1980-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Dəyirmandağ kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Şəmkir şəhəri, M.Oleq küçəsi 47-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, Şəmkir rayonu Kraz yolu yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs əli ilə baş nahiyyəsinə vuraraq sonuncuya fiziki ağrı yetirərək onu döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərər çəkmiş şəxsin, şahidin izahatı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, X2 izahatında göstərdi ki, Şəmkir rayonu Kraz yolu yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Şəmkir RPŞ-yə müraciət edərək qayını arvadı Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin qərar Şəmkir RPŞ-in İTB-yə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs özünü inzibati iş üzrə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs tanıyır. Belə ki, Zərifə onun keçmiş gəlininin nənəsidir, hazırda aralarında normal münasibətlər yoxdur. xx.xx.2024-cü il tarixdə o, Şəmkir şəhəri 20 yanvar küçəsində marşurut avtobusunda olan zaman Zərifə də həmin avtobusa minmişdir. Bu zaman Zərifə qəfildən dirsəkləri ilə onun kürək nahiyəsindən vurmuşdur. O da, Zərifəyə əl qaldıran zaman Zərifə əlləri ilə sifət nahiyəsindən vurmuş, bundan sonra o da avtobusdan yerə düşərək DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Mübahisə zamanı o heçkəsi vurmamış və döyməmişdir. Hazırda da ondan şikayətçidir, aralarında barışıq yoxdur. Odur ki qeyd etdiklərinə əsasən, onun əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Şəxs tanıyır. Belə ki, Könül onun nəvəsinin keçmiş qayınanasıdır, hazırda aliment üstündə aralarında mübahisə vardır. xx.xx.2024-cü tarixdə o, Şəmkir şəhəri 20 yanvar küçəsində marşurut avtubusuna minən zaman avtobusun içərisində təsadüfən Könül ilə rastlaşmışdır. Bu zaman Könül avtobusun içərisində arxaya keçmək üçün ona yol verməmişdir. O da, avtobusun içərisində arxaya keçmək istəyərkən Könül əlləri ilə saçından tutaraq dartmışdır. Həmin vaxt avtobusda olan tanımadığı şəxslər onları ayırmışdır. Mübahisə zamanı o, Könülü vurmamış və döyməmişdir. Hazırda da Şəxs ilə barışmamışdır və onun barəsində ciddi inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X4 izahatında göstərdi ki, o, 5 saylı marşurut üzrə Şəmkir- Kraz yolu avtobusunda sürücü işləyir. Şəxs və Şəxs tanıyır, hər ikisi mütəmadi olaraq marşuruta minmişlər. xx.xx.2024-cü il tarixdə o idarə etdiyi **-GN-*** nömrəli avtobusla Şəmkir şəhəri 20 yanvar küçəsində hərəkətdə olarkən Könül ilə Zərifə avtobusun içərisində əlbəyaxa olmuşlar. Daha sonra Könül avtobusdan düşərək getmişdir. Hadisə ilə əlaqədar ona başqa məlum olan hal yoxdur. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025ci il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və onun zərər çəkmiş Zərərçəkmiş şəxs döyərək inzibati xəta törətməsi müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, həmçinin, zərər çəkmiş şəxsin və şahidin izahatını, tədqiq edilmiş sənədləri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Həmçinin, Şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi ilə əlaqədar izahatında göstərdiyi xüsusatlar, özünü müdafiə xarakteri daşıyır, heç bir əsaslı və mötəbər dəlillərə əsaslanmır, Şəxs yalnız formal mülahizələrlə çıxış edərək tətbiq ediləcək inzibati məsuliyyətdən yayınmaq məqsədini ehtiva edir, lakin, işdə olan sənədlər və digər sübutlar onun inzibati xəta hadisəsində təqsirli hesab edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərər çəkmiş şəxslə barışmamasını, həmçinin, nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar