Məhkəmə qərarları › İş №3(076)-823/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-823/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-823/2024 07.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kamaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 548.2–ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankında tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və Təşkilati İşlər Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsinin rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs ASC Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2-1747/2024 saylı məktubu ilə tələb edilən sənədləri ( bu günədək səhmdar Alı Məhyəddinova dividend hesablanıb-hesablanmaması, hesablanmışdırsa səhmdara hesablanmış dividendlərin məbləği haqqında məlumat və ödənilməsini təsdiq edən sənəd, 2022-2023-cü illər üzrə səhmdarların ümumi yığıncaqlarının keçirilibkeçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncaqların protokollarını və sözügedən yığıncaqlara səhmdar Alı Məhyəddinovun dəvət edilməsini təsdiq edən sənəd (poçt vasitəsi ilə ünvanlanması barədə bildiriş)) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2024-cü il tarixdə törədilmişdir. Bu hərəkətləri ilə Şəxs ASC Azərbaycan Respublikası İXM-in 548.2–ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs ASC-nin həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankına və Şəxs ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının və Şəxs ASC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək, habelə tədqiq edilmiş digər sübutları Şəxs ASC-nin qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, işdə olan və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-1-26/2-1747/2024 saylı məktubdan görünür ki, 2022-2023-cü ilə dair emitentin illik hesabatının 7 gün ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs ASC-nin törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2–ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə xx.xx.2024-cü il tarixli, 6-1-26/2-1747/2024 saylı məktub göndərilərək, 2022-2023-cü ilə dair emitentin illik hesabatının 7 gün ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuş, lakin həmin məlumatlar Mərkəzi Banka təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs ASC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2–ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş hüquqi şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs ASC-yə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İXM-nin 548.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar