Məhkəmə qərarları › İş №3(076)-827/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-827/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-827/2024 17.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs QSC–nin nümayəndəsi X4 iştirakı ilə Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 192.1–ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəmkir Rayon Məhkəməsinə Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İXM–nin 192.1–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs QSC tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şahid2, Şahid1 və X3 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclası zamanı Şəxs QSC-nin nümayəndəsi X8 məhkəmə iclası zamanı protokolun dəlillərini qəbul etməyərək izahatında göstərdi ki, Şəxs QSC iş fəaliyyəti ilə əlaqədar olaraq işğaldan azad olunmuş ərazilərə həm cəmiyyətin əməkdaşları ilə, həm də kənar hüquqi şirkətin əməkdaşları iş fəaliyyətinə (xidmətlərə) cəlb etməkdədir ki, protokolda adları keçən şəxslər də cəmiyyətin deyil, başqa şirkətin əməkdaşları olmuşdur. Yəni, Şəxs QSC–nin həmin şəxslərlə əmək müqaviləsi bağlaması öhdəliyi olmamışdır. Sadəcə olaraq həmin şəxslər cəmiyyətin işğaldan azad olunmuş ərazilərdə xidmət göstərilməsi üçün cəmiyyətin iş faliyyəti ilə bağlı olmayan işə cəlb olunmuşlar. Əlavə olaraq qeyd edir ki, cəmiyyətin iş fəaliyyəti ilə bağlı işğaldan azad olunmuş ərazilərdə işə cəlb ediləcək şəxslərə ilk öncə portaldan icazə alınaraq onların əraziyə keçməsi və görüləcək işlərlə tanış olması təmin edilir, həmin şəxslər təklif edilən işlərdə işləyəcəyi halda onlarla əmək müqaviləsi bağlanılır. Həmin icazənin bir dəfəlik 3 aylıq müddətə götürülməsində səbəb isə həmin şəxslərin tez–tez əraziyə keçərək cəmiyyətin müəyyən edilmiş sahələrinə köməklik və xidmət göstərmələri olmuşdur. Belə olan halda isə həmin şəxslərlə əmək müqaviləsi bağlanmasına heç bir zərurət yaranmamışdır. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin inzibati xəta haqqında protokolu əsassız və qanunsuz olmuşdur. Hesab edir ki, Şəxs QSC-nin protokolda adı keçən şəxslərlə əmək müqaviləsi bağlamaq kimi öhdəliyi olmadığından və həmin şəxslər başqa şirkətin işçiləri olduğundan Şəxs QSC-nin əməlində hər hansı inzibati xəta tərkibi yoxdur. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Şəxs QSC-nin maliyyə-mühasibatlıq işlərini yerinə yetirir. Qeyd edir ki, Şahid2, Şahid1 və X6 Şəxs QSC-nin əməkdaşları olmamış, bu səbəbdən onlarla əmək müqaviləsi bağlanmamışdır. Belə ki, Şəxs QSC Respublikanın müxtəlif rayonlarında kənd təsərrüfatı sahəsində, o cümlədə işğaldan azad olunmuş ərazilərdə intensiv bağçılıqla məşğuldur. İş fəaliyyəti ilə əlaqədar olaraq işğaldan azad olunmuş ərazilərə həm cəmiyyətin əməkdaşları ilə, həm də kənar hüquqi şirkətin əməkdaşları iş fəaliyyətinə (xidmətlərə) cəlb edilməkdədir. Kənar hüquqi şirkətin əməkdaşları ilə cəmiyyətin müxtəlif sahələrində rəsmi və ya şifahi qaydada razılaşdırılmış işlər görülməkdədir. Başqa hüquqi şirəkətin əməkdaşlarının gördükləri işlərin cəmiyyətin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Protokolda adları göstərilmiş şəxslər də başqa hüquqi şəxsin əməkdaşları olmuş və cəmiyyətin işğaldan azad olunmuş ərazilərdə xidmət göstərilməsi üçün cəmiyyətin iş faliyyəti ilə bağlı olmayan işə cəlb olunmuşlar. Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin əməkdaşları Şahid2, Şahid1 və X2 cəmiyyət tərəfindən icazə alınaraq işğaldan azad olunmuş ərazilərə keçməsi üçün alınmış icazələrə əsasən həmin şəxslərin cəmiyyət tərəfindən iş cəlb edildiyi əsasla cəmiyyətin barəsində protokol tərtib etmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Şəxs QSC şirkətini tanımır və həmin şirkətdə hər hansı əmək fəaliyyətinə cəlb edilməmişdir. O və digər şəxslər işğaldan azad olunmuş ərazilərdə ev təmizliyi ilə məşğul olmuş, Şəxs QSC tərəfindən onlara yalnız işğaldan azad olunmuş ərazilərə keçmələri üçün icazə alınmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, şahid ifadələrini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə ilk öncə şahid ifadələrinə qiymət verərək hesab edir ki, baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilmiş, inzibati xəta haqqında adı keçən şəxslərin Şəxs QSC-də hər hansı əmək fəaliyyətinə cəlb edilməmələrini aydın şəkildə göstərmişlər. Ona görə də məhkəmə həmin şahid ifadələrini sübut növü kimi qəbul edərək, nəzərə alır. Beləliklə, məhkəmə, inzibati xəta haqqında protokola iş üzrə olan və təqdim edilmiş materiallar əsasında baxaraq, qeyd edir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şahid2, Şahid1 və X3 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı müəyyən edilməmiş, habelə iş materiallarında bununla bağlı mötəbər mənbədən əldə edilmiş sübutlar mövcud deyildir. Həmçinin, məhkəmə iclasında dindirilmiş Şahid1 və X6 da Şəxs QSC şirkətini tanımadıqlarını və həmin şirkətdə hər hansı əmək fəaliyyətinə cəlb edilmədiklərini israrlı şəkildə göstərmişlər. Bununla da Şəxs QSC tərəfindən inzibati xətanın törədilməsi sübut olunmur. Göründüyü kimi Şəxs QSC–nin əməlində hər hansı inzibati xəta tərkibi olmamış, belə olan halda əmək qanunvericiliyinin tələbləri pozularaq, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı müəyyən edilməmiş və xx.xx.2024–cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərkən mötəbər mənbədən əldə edilmiş sübutlara istinad edilməmişdir. Beləliklə, məhkəmə o qənaətə gəlir ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidməti, Şəxs QSC–nin İnzibati Xətalar Məcəlləsinin 192.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1–ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Hazırki vəziyyətdə isə Şəxs QSC–nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1–ci maddəsinin tərkibinin olması müəyyən edilmir. Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş Şəxs QSC-nin təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105.1–ci maddəsinə əsasən bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar