Məhkəmə qərarları › İş №3(076)-840/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-840/2024

11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-840/2024 11.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs xx.xx.1986-cı ildə Şəmkir rayonu, Zəyəm qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Mübariz İbrahimov küçəsi ev 23də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-69/2021 saylı, xx.xx.2015ci il tarixli, 2(076)-529/2015 saylı və xx.xx.2015-ci il tarixli, 2(076)-371/2015 saylı icra sənədləri üzrə yaranmış borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-69/2021 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 4750 manat borc və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" sığorta şirkəti ASC-yə ödənilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2015-ci il tarixli, 2(076)- 529/2015 saylı icra sənədinə əsasən, Şəxs 30000 manat məbləğində kompensasiya ödənişi, həmin ödənişin poçt vasitəsilə köçürülməsi üçün 300 manat məbləğində xidmət haqqı olmaqla cəmi 30300 manat məbləğində pul alınıb iddiaçı icbari sığorta bürosuna verilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-371/2015 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 6740 manat pul alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu borcunu tam ödəməmişdir. Hazırda Şəxs cəmi borcundan 3000 manat ödəniş etmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İcra məmuru məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 həmçinin sualları cavablandırarkən qeyd etmişdir ki, Şəxs 2014-cü ildən həbsdə olduğuna görə icra vərəqəsi aidiyyatı üzrə icra edilməsi üçün 6 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Lakin məhkum cəzaçəkdiyi müddətdə işlə təmin olunmadığı üçün icra vərəqəsinin icrası təmin olunmamışdır. Şəxs 2024-cü ilin fevral ayında cəzasını çəkib qurtardıqdan sonra o, icra və probasiya şöbəsinə dəvət olunmuş və 05.2.2014-cü il tarixdə ona tələbin könüllü icrası ilə bağlı bildiriş təqdim olunmuşdur. lakin hazırkı vaxtadək borclu borcunu tam ödəməmişdir. Hazırda Şəxs cəmi borcundan 3000 manat ödəniş etmişdir. Tələbkarlar "xxxx" sığorta şirkəti ASC-yə, İcbari Sığorta Bürosuna və X2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarların və nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-69/2021 saylı icra sənədinə əsasən, 4750 manat borc və ödənilmiş 30.40 manat dövlət rüsumu ondan tutularaq iddiaçı "xxxx" sığorta şirkəti ASC-yə ödənilməsi qət edilmişdir. Bundan çaşqa Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2015-ci il tarixli, 2(076)-529/2015 saylı icra sənədinə əsasən, ondan 30000 manat məbləğində kompensasiya ödənişi, həmin ödənişin poçt vasitəsilə köçürülməsi üçün 300 manat məbləğində xidmət haqqı olmaqla cəmi 30300 manat məbləğində pul alınıb iddiaçı icbari sığorta bürosuna verilməsi qət edilmişdir. Həmçinin Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-371/2015 saylı icra sənədinə əsasən, ondan 6740 manat pul alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu bir dəfəyə ödəyə bilməmişdir. 2014-cü il tarixdən, 2024-cü ilin fevral ayınadək 6 saylı cəzaçəkmə müəssəsində cəza çəkmiş, icra sənədi ilə oradan çıxdıqdan sonra tanış olmuşdur. Hazırda vərəm xəstəsidir, tələbkarlara borcu ödəməkdən boyun qaçırmır və borcunu ödəməli olmasını bilir, lakin xəstəliyi ilə əlaqədar heç yerdə işləyə bilmədiyindən tələbkarlara olan borcunu ödəyə bilmir. Hazırda qohumların köməkliyi ilə ümumi borcundan tələbkar İmmi Əsgərovaya 3000 manat məbləğində ödəniş etmişdir, qalan borcunu hissə-hissə ödəyəcəyini bildirərək onun barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-69/2021 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 4750 manat borc və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" sığorta şirkəti ASC-yə ödənilməsi qət edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2015-ci il tarixli, 2(076)-529/2015 saylı icra sənədinə əsasən, Şəxs 30000 manat məbləğində kompensasiya ödənişi, həmin ödənişin poçt vasitəsilə köçürülməsi üçün 300 manat məbləğində xidmət haqqı olmaqla cəmi 30300 manat məbləğində pul alınıb iddiaçı icbari sığorta bürosuna verilməsi qət edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-371/2015 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 6740 manat pul alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-69/2021 saylı, xx.xx.2015-ci il tarixli, 2(076)-529/2015 saylı və xx.xx.2015-ci il tarixli, 2(076)-371/2015 saylı icra sənədləri üzrə icraat birləşdirilmişdir. İş materiallarında olan “Tələbin könüllü icrası haqqında” bildirişlərin surətlərindən görünür ki, icra orqanı borcludan icra sənədlərində göstərilən tələbləri icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə borcluya xəbərdarlıq edilmişdir. Həmin bildiriş xx.xx.2024-cü il tarixdə borcluya təqdim edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə uzun müddət cəzaçəkmə müəssəsində olmasına və cəzaçəkmə müəssəsindən az müddətədə azad olunmasına baxmayaraq ümumi borcundan 3000 manat ödəməklə, qalan borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin araşdırma zamanı tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, borclu hazırda vərəm xəstəsi olduğundan, işlə bağlı çətinlik çəkir. İcra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə borclu Şəxs tanış edildikdən sonra tələbkarlara olan borcunu ödəmək üçün cəhdlər etmiş və yaxın qohumlarının dəstəyi ilə tələbkar İmmi Əsgərovaya 3000 manat məbləğində ödəniş etmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar