Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-841/2025 28.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Yusifli Seymur Mübariz oğlunun sədrliyi Katib: Məmmədova Alsu Dəyanət qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Borclu: Şəxs xx.xx.1996-cı ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəmkir rayonu Yeni Həyat kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Əsgərov X3 Rayon Məhkəməsinin 2(042)-814/2023 saylı, xx.xx.2023-cü il tarixli, və Şəmkir Rayon Məhkəməsinin 2(076)-389/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun müdafiə edərək izahatında göstərdi ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-814/2023 saylı, xx.xx.2023-cü il tarixli, və Şəmkir Rayon Məhkəməsinin 2(076)-389/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədlərinə əsasən, borclu Şəxs bir uşağın saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, həmçinin, Şəxs hər ay bir uşağın yetkinlik yaşınadək saxlanması üçün ölkə üzrə minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, icra sənədinə əsasən üzərinə düşən hərəkətləri etməmiş və borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək icra sənədində göstərilən xüsusatlara əməl etməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından boyun qaçırır. Borclu icra sənədini könüllü icra etmədiyi üçün sonuncu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Borclu Şəxs məhkəmə iclası zamanı izahatında bildirdi ki, imkanı yoxdur, ona möhlət verilməsini işləyib aliment borcunun bir qismini hissə-hissə ödəmək niyyətindədir,odur ki icraata xitam verilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin 2(042)-814/2023 saylı, xx.xx.2023cü il tarixli, və Şəmkir Rayon Məhkəməsinin 2(076)-389/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədlərinə əsasən, borclu Şəxs bir uşağın saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, həmçinin, Şəxs hər ay bir uşağın yetkinlik yaşınadək saxlanması üçün ölkə üzrə minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərarın surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-814/2023 saylı, xx.xx.2023-cü il tarixli, və Şəmkir Rayon Məhkəməsinin 2(076)- 389/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə icraat birləşdirilərək, qərarın surəti icra sənədi üzrə borclunun icra sənədində qeyd olunmuş ünvanına göndərilmişdir. İş materiallarında olan “Tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə həmçinin, borclunun Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatlarını, tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatı onun açıq-aşkar icra sənədini qərəzli şəkildə icra etmək niyyətində olmamasına dəlalət edir və inzibati xəta haqqında işin materialları Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs qızının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və s. halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, hazırki işin faktiki hallarına əsasən Şəxs barəsində tətbiq olunacaq cərimə inzibati tənbeh tədbiri hazırki işin hallarına,barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətinə uyğun və daha ədalətli tənbeh növüdür belə ki, burada nəzərə alınmalı əsas meyar aliment borcunun ödənilməməsi səbəbindən uşağın hüquqları, digər tərəfdə isə borclunun real maddi vəziyyəti və proporsionallıq prinsipidir. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsi göstərir ki, azadlıqdan məhrumetmə son çarə olmalıdır və yalnız mütləq zəruri hallarda tətbiq edilə bilər Avropa İnsan Hüquqları Məhkəməsinin Vasilevskiy və Bogdanchikov Rusiyaya qarşı işində (2014) – AİHM qeyd etdi ki, icra tədbirləri (hətta aliment işlərində belə) şəxsin maddi imkanları nəzərə alınmadan həyata keçirilərsə, bu proporsionallıq prinsipini pozur eyni zamanda AHİM-nin Ramos Nunes de Carvalho e Sá Portuqaliyaya qarşı işində məhkəmə qeyd etmişdir ki, (2018, Böyük Palata) – sanksiya seçilərkən şəxsin vəziyyəti və alternativ tədbirlərin mövcudluğu nəzərə alınmalıdır.AİHM-in sözügedən qərarlarda ümumi yanaşması ondan ibarət olmuşdur ki,azadlıqdan məhrumetmə (inzibati həbs) yalnız ödəmək imkanı olub, qəsdən icra etməyən şəxslərə tətbiq edilə bilər. Əgər şəxs açıq-aşkar maddi imkansızdırsa və aliment borcunu ödəmək niyyətindədirsə (ümumiyyətlə ödəmədən yayınmaq fikri yoxdursa) o zaman həbs proporsional tədbir deyil. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seymur Yusifli
Məhkəmə qərarları › İş №3(076)-841/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-841/2025
28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver