Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-862/2024 29.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, DİN BDYP-nin xx.xx.2024-cü il tarixli qərarından X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 DİN BDYP-nin xx.xx.2024-cü il tarixdə qəbul olunmuş, inzibati tənbeh vermə haqqında EQ 21957455 nömrəli qərarından şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 göstərdi ki, xx.xx.2024-cü il tarixdə DİN BDYP-nin Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə olunmuşdur. Belə ki, o avtomobili ilə Mingəçevir-Bərdə-Ağcabədi yolu ilə Bərdə rayonunun girişində Yol polisi İdarəsinin postuna çatarkən saat 11:30 radələrində baxmayaraq SSRİ-qından heç bir qatar hərəkəti olmayan dəmir yol xəttinə çatanda STOP işarəsinin tələbinə uyğun olaraq dayanıb gözləyib və qatarın gəlişi olmadığından dəmir yolunu keçib və 3-4 metr məsafədə yenidən artıq Yevlax-Bərdə yolunun girişində yenidən STOP işarəsinin tələbinə riayət edib və sol yol zolağından yəni Yevlax rayon tərəfindən avtomobil gəlmədiyindən əmin olduqdan sonra əsas yola daxil olub. Cəmi 5- 10 metrlikdə DYP idarəsinin postunda Yol polisi onun maşınını sağa verib saxlamağını tələb edib. O tələbi həmin an yerinə yetirmiş və ani olaraq avtomobilindən düşərək yol polisi nəfərinə doğru hərəkət etmişdir. Yol polisi nəfəri ona yaxınlaşdı və özünü təqdim etmədən ona əli ilə salam vermişdir. Ona bildirib ki, qayda pozuntusu etmisən. O öz növbəsində bütün yol işarə tələblərinə riayət etdiyini və heç bir qayda pozmadığını bildirmişdir. Yol polisi nəfəri qatar xəttində STOP işarəsinə əməl etmədiyini bildirib. O öz növbəsində onu yolundan etməməyi, yas yerinə getdiyini heç bir qayda pozmadığını, Baş X5nin SMS RADAR proqramına üzv olduğunu, qaydanı pozduğu an ona sms gəldiyini bildirmişdir. Yol polisi isə ona o zaman cəriməni göndərəcəyəm deyə ondan uzaqlaşdı. SMS isə 7 saat sonra gəlmiş və nədənsə Video görüntü göndərilmədi. Çünki Video görüntüdə onun dayan durma və yol nişanının tələbinə riayət etməsi aydın görünəcəkdir. Yalnız şəkil göndərilib və onun hərəkətdə olması və ya dayanmağı heç cür təyin edilə bilməz. Ona görə də qərar qərəzlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə və şikayət vermiş şəxs işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. İş materiallarına əlavə edilmiş qızı DİN BDYP-nin qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 21957455 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) barəsində 40 (qırx) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin üzərinə qoyulsa da, həmin orqan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən materialları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta hadisəsi olan vaxt X1 yol hərəkəti qaydalarına əməl edilməməsi video görüntü ilə müəyyən edilməli, yalnız bundan sonra X1 əməlində inzibati xəta tərkibinin olub-olmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 3461.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 inzibati tənbeh verilməsinə dair DİN BDYP-nin xx.xx.2024-cü il tarixli EQ 21957455 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-862/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-862/2024
29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver