Məhkəmə qərarları › İş №3(076)-889/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-889/2024

23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-889/2024 23.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1979-cu il tarixdə Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 22 iyul 2024-cü il tarixdə DİN “102” xidmətinə zəng edərək nalayiq söyüşlər söyməklə xırda xuliqanlıq etmiş, həmçinin, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs həmin inzibati xəta əməlini törətməsi özünün etirafı, şahid ifadələri və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək məhkəmə iclası zamanı izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə DİNin 102 zəng xidmətinə müraciət edərək həmkəndlisinin ona borcu olduğunu və vermədiyini bildirmiş, daha sonra əsəbiləşərək sərxoş halda operatorları nalayiq ifadələrlə təhqir etmişdir. Daha sonra polis əməkdaşları onun olduğu yerə gəlib ona yaxınlaşaraq, özlərini təqdim etmiş və onu nizam-intizama dəvət etmişlər. Lakin o, sərxoş olduğu üçün polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ucadan nalayiq ifadələr işlətməyə davam etmişdir. Hazırda əməlindən peşmandır. Odur ki məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin İTB-nin polis nəfəridir. Şəxs xx.xx.2024-cü il tarixdə DİN-in 102 zəng xidmətinə müraciət edən zaman əsəbiləşərək sərxoş halda operatorları nalayiq ifadələrlə təhqir etmişdir. Daha sonra onun olduğu yerə gəlib ona yaxınlaşaraq, digər polis əməkdaşları ilə birlikdə özlərini təqdim etmişlər və onu nizam-intizama dəvət etmişlər. Lakin o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ucadan nalayiq ifadələr işlətməyə davam etmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan sərxoşluq vəziyyətinin ölçü cihazı kimi istifadə edilən xüsusi texniki vasitə ilə ölçülmüş sərxoşluq qəbzindən görünür ki, Şəxs 1.204 % sərxoşluq vəziyyətində olmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli, “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs, inzibati həbs növündə tənbeh tətbiq edilə biləcək inzibati xəta əməlini törətməsinə kifayət qədər əsaslar olduğundan o, həmin tarixdə saat 18:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, şahid ifadələrini, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələr ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Şəxs inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə -fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Azərbaycan Respublikası İXM-in 34.1-ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 535.1-ci maddəsinin sanksiyası daxilində inzibati qaydada həbs edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Şəxs 22 iyul 2024-cü il tarixdə inzibati qaydada tutulduğundan, həbsə almanın əvvəli 22 iyul 2024-cü il tarixdən saat 18:50-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 22 iyul 2024-cü il tarixdən saat 18:50-dən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar