Məhkəmə qərarları › İş №3(076)-903/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-903/2024

26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-903/2024 26.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədirliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir DYPB-nin YPX üzrə inspektoru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri Kəpəz rayonu, V.Xuluflu küçəsi ev 49-da qeydiyyatda olmaqla, Gədəbəy rayonu Yenikənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə, Şəxs, 26 iyul 2024-cü il tarixdə saat 14:00 radələrində Şəmkir şəhəri, N.Nərimanov küçəsində sürücülük hüququ olmadan “OPEL CORSA” minik markalı ** KY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə, özünün etirafı və zərər çəkmiş şəxsin izahatı ilə təsdiq olunmuşdur. Məhkəmə iclası zamanı Şəmkir DYPB-nin YPX üzrə inspektoru, X2 izahatında göstərdi ki, 26 iyul 2024-cü il tarixdə saat 14:00 radələrində Şəmkir şəhəri, N.Nərimanov küçəsində xidmətdə olan zaman adı sonradan məlum olan Şəxs “OPEL CORSA” minik markalı ** KY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsini aşkar etmişdir. O, sürücünün sərxoş vəziyyətdə olmasını onun hərəkətlərində və nəqliyyat vasitəsini idarə etmək tərzində gördüyündən əsaslı şübhələr yaranmışdır və buna görə sürücünü saxladaraq xidməti vəzifələrini icra etmişdir. Hadisə üzrə aidiyyəti üzrə araşdırma aparılan zaman, məlum olmuşdur ki, Şəxs, narkotik vasitə qəbul etmiş və sərxoş vəziyyətdə olmuşdur. Ona görə də qeyd olunanları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı Şəxs ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında özünü təqsirli bilərək izahatında göstərdi ki, həqiqətən 26 iyul 2024-cü il tarixdə saat 14:00 radələrində Şəmkir şəhəri, N.Nərimanov küçəsində sürücülük hüququ olmadan “OPEL CORSA” minik markalı ** KY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir, bununla bağlı Gəncə şəhərində həkim narkoloq tərəfindən yoxlama aparılaraq aidiyyəti sənəd də tərtib edilmişdir. lakin hadisə zamanı xəsarət alan olmamışdır. Hazırda Gədəbəy rayonunda yaşayır, ara-sıra narkotik vasitələrdən istifadə edir, ona görə də daha çox taksi ilə gedibgəlir, üç azyaşlı övladı var, ondan başqa uşağa baxan yoxdur. Odur ki qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli, 2620/2024 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə”yə dair protokoldan görünür ki, Şəxs narkotik vasitə olan marixuana qəbul etmiş və sərxoş vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xəta törətmiş şəxsin izahatını, əməlindən peşman olmasını, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunmuş cərimənin məbləğinin 10 faizi miqdarından azad edilsin. Təyin edilmiş inzibati cərimə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 1 saylı Xəzinədarlıq İdarəsində olan hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar