Məhkəmə qərarları › İş №3(076)-944/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-944/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-944/2024 07.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Tələbkar: "xxxx" MMC-nin nümayəndəsi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1989-cu il tarixdə Şəmkir rayonu, Sabirkənd kəndində anadan olmuş, Аzərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Şəmkir rayonu, Sabirkənd kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Аzərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə, Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-805/2024 saylı icra sənədi üzrə yaranmış 380 manat borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-805/2024 saylı icra sənədinə əsasən, Şəxs 350 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu tələbkara olan borcunu ödəməmişdir. Hazırda Şəxs 380 manat borcu vardır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsindən boyun qaçırır. Ona görə də hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-805/2024 saylı icra sənədinə əsasən, ondan 350 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda da tələbkara olan borcunu ödəməkdən yayınmır və borcu ödəməli olmasını bilir. Lakin, işsizdir, maddi çətinlikləri çoxdur, mövcud vəziyyəti aradan qaldırmağa çalışır. Bundan başqa ən qısa zamanda borcunu ödəməyi öhdəsinə götürür. Odur ki qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X4 məhkəmə iclası zamanı izahatında göstərdi ki, borclu hazırda 380 manat ödəniş etməlidir, lakin, bu barədə onun tərəfindən heç bir hərəkət edilmir, ona görə də icra məmurunun tərtib etdiyi protokol əsaslıdır. Odur ki məhkəmədən borclunun barəsində tədbir görülməsini xahiş etmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)- 805/2024 saylı icra sənədinə əsasən, Şəxs 350 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-805/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, məhkəmə qeyd edir ki, iş materiallarında icra məmuru tərəfindən borcluya ünvanlanmış xəbərdarlıq məktubu aşkar edilməmiş, o cümlədən, xəbərdarlığın borclu tərəfindən alınması öz təsdiqini tapmamışdır. Bundan başqa icra məmuru borclunun tələbin yönəldilə biləcəyi digər əmlaklarının olub-olmaması və tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi istiqamətində hər hansı hərəkətlər etməmiş, yəni icra məmuru icra sənədinin icrası ilə bağlı heç bir məcburi icra tədbiri təyin etməmiş və birbaşa borclunun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində məcburi icra tədbirlərinin ardıcıllıqla siyahısı verilmiş, həmin maddədə məcburi icra tədbirlərinin, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlərdən ibarət olması təsbit edilmişdir. Göründüyü kimi icra məmuru yuxarıda qeyd olunan normanın tələblərini pozaraq heç bir əsas yaranmadan Şəxs barəsində birbaşa son icra tədbiri olan inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə olan halda borclunun icra sənədində göstərilən tələbləri qəsdən yerinə yetirməməsi halı müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Şəmkir Rayon Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar