Məhkəmə qərarları › İş №3(076)-946/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-946/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-946/2024 07.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir RPŞ-nin Kür PB-nin sahə rəisi: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: X2 iştirakı ilə xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Şəmkir rayonu, Qaralar kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs 07 avqust 2024-cü il tarixdə Şəmkir rayonu, Kür qəsəbəsində ucadan ünvansız nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmiş, həmin vaxt onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək izahatında göstərdi ki, təxminən 1 ay cəzaçəkmə müəssisəsindən çıxmış və günımuzd fəhləliklə məşğul olur. 07 avqust 2024-cü il tarixdə saat 11 radələrində Şəmkir rayonu, Qaracəmirli kəndində Füzuli adlı şəxsin həyətində işləyərkən polis əməkdaşı ona yaxınlaşaraq, cəzaçəkmə müəssisəsindən çıxdığı üçün qeydiyyata düşməli olmasını bildirmiş və onu polis şöbəsinə dəvət etmişdir. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş və bir söz demədən onlarla birlikdə şöbəyə getmişdir. Həmin vaxt o, nalayiq söyüşlər söyməklə xırda xuliqanlıq etməmiş, habelə polis əməkdaşlarına qarşı hər hansı tabesizlik göstərməmişdir. Hazırda özünü təqsirli hesab etmir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin PPXB-nün polis nəfəridir. 07 avqust 2024-cü il tarixdə saat 11 radələrində Şəmkir rayonu, Kür qəsəbəsində xidmətdə olarkən bir nəfər şəxsin küçədə ucadan ünvansız nalayiq söyüşlər söyməsini müəyyən etmiş, dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və onu nizam–intizama dəvət etmişlər. Lakin adı onlara sonradan məlum olan Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bir müddət sonra isə həmin şəxs sakitləşmiş və özü xidməti avtomobilə əyləşərək onlarla birlikdə bölməyə gəlmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin PPXB-nün polis nəfəri X3 da şahid X5 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işin araşdırılmış halları, eləcə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahid ifadələri ilə Şəxs xırda xuliqanlıq etməsi, eləcə də polis əməkdaşlarına tabesizlik göstərməsi sübut olunmur. Məhkəmə şahid ifadələrinə qiymət verərək, qeyd edir ki, polis əməkdaşları məhkəmə iclası zamanı sualları cavablandərarkən ziddiyyətli cavablar vermiş, həmçinin onlar hazırki inzibati iş üzrə maraqlı şəxs olduqlarından onların ifadələri sübut növü kimi qəbul edilməməlidir. Beləliklə, barəsində inzibati protokol tərtib edilmiş Şəxs xırda xuliqanlıq etməsi, eləcə də polis əməkdaşına hər hansı tabesizlik göstərməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə– əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1–ci maddəsindən görünür ki, şəxsin inzibati tənbehə məruz qalması üçün onun polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasını nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs xırda xuliqanlıq etməsi, eləcə də polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması iş materialları ilə istisna olunur və belə olan halda hər hansı inzibati xəta hadisəsi baş verməmişdir. Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Bundan başqa qeyd edilməlidir ki, inzibati xəta haqqında işə baxılarkən qanunun tələbinə əsasən inzibati xəta törətmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından o, müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın haqqını ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 saylı qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2010-cu il tarixli 21 saylı qərarının 1.1-ci bəndinə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 2 manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Ona görə də məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına iş materialları ilə tanış olmağa və məhkəmə iclaslarında iştirak etməyə sərf edilmiş ümumilikdə 2 saata görə 12 manat (1 saat X 6 manat) ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1–ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs maddi imkanı olmadığından hüquqi yardıma görə haqq ödəməkdən azad edilsin və onun müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilsin. Şəmkir Rayon Vəkil Bürosunun vəkili X4 işin materialları ilə tanış olmağa və məhkəmə baxışında iştirak etdiyi saatlara, ümumilikdə 2 (iki) saata görə 12 (on iki) manat pul vəsaiti dövlət büdcəsi hesabına ödənilsin. (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 805670; Bankın VÖENi:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN-i: **********). Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar