Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-948/2025 10.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Katib: Eminbəyli Firuzə Ramiz qızının katibliyi Şikayətçi: X2 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Şəmkir Rayon Mərkəzi X16 Şəxsinin nəzdində həkim radioloq, ünvan 1 ünvanda yaşayan X2 Şəmkir Rayon Polis Şöbəsinin sahə rəisi Elmir İsaqlı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli qərardadı ilə onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Şəmkir Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəmkir Rayon Polis Şöbəsinə geri qaytarılmışdır. Ona görə məhkəmə materialları geri qaytarmışdır ki, iş materiallarına işə baxılması üçün zəruri sübutlar əlavə edilməmiş, işə baxılarkən də bu natamamlığı tamamlamaq mümkün görünməmişdir. Yəni, işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələləri həll edilməmişdir. Halbuki Müşviq adlı şəxsin xəstəxananın iş rejimini pozması, orada xırda xuliqanlıq hərəkətləri etməsi ilə bağlı kifayət qədər sübutlar, aktlar vardır ki, o həmin sübutları polis orqanına təqdim edə bilməmişdir. İş geri qaytarıldıqdan sonra o heç bir dəfə də polis şöbəsinə dəvət edilməmiş, eyni inzibati xəta haqqında protokol əsasında, əlavə heç bir araşdırılma aparılmadan ona tənbeh verilmişdir.Ona tənbeh polis sahə rəisi tərəfindən verilmişdir. Onun qanunsuz olaraq tənbeh verməsi polis əməkdaşının ona qarşı qərəzli olmasından xəbər verir. Belə ki, həmin şəxsin inzibati tənbeh vermə haqqında qərar qəbul etmək səlahiyyəti yoxdur.“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı göstərilmişdir. Həmin siyahının 2.5-ci bəndinə əsasən bu işə baxmaq səlahiyyəti ancaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin adından şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri, nəqliyyatda polis idarələrinin, şöbələrinin, xətt bölmələrinin, məntəqələrinin rəisləri, onların müavinlərinə aiddir.Göründüyü kimi sahə rəisi bu işdə maraqlı olduğundan fərmanın tələblərini pozaraq, kobud qanun pozuntusuna yol verərək, qanunsuz olaraq, məhkəmədən iş materialları geri qaytarıldıqdan sonra onun və xəstəxanadan olan digər şəxslərin hər hansı bir izahatlarını almadan, araşdırma aparmadan inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir.Müşviq adlı şəxs kişi cinsindən olmaqla,boylu-buxunlu biridir ki, ona xəsarət yetirməsi ağlabatan mühakimə əsasında da mümkün deyildir.Müşviq dəfələrlə xəstəxanaya gələrək, özünü Ağır cinayətlər məhkəməsinin işçisi, DTX-nin işçisi kimi təqdim edərək, onun iş fəaliyyətini telefonla çəkmiş, o isə sonuncu dəfə onun qanunsuz əməllərinə etiraz etdikdə qışqır-bağır salaraq xəstəxananın iş fəaliyyətini pozmuşdur. Bu insan məqsədyönlü şəkildə xəstəxanaya gəlir, ya da göndərilir. Polis isə bu şəxsi əsassız olaraq müdafiə edir.Təhqiqatçının cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından da şikayət versə də, prokurorluq tərəfindən hər hansı münasibət bildirilməmişdir.İXM-nin 157-ci maddəsi, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutur.Xəsarət aşkar edilsə də belə, hər bir xəsarət qəsdən yetirilən fiziki ağrı kimi qəbul edilə bilərmi? Bu hala qiymət verərkən Müşviqin yarım saat ərzində xəstəxanının iş rejimini pozması, xuliqanlıq aktının davam etdirilməsi kimi hallara niyə hüquqi qiymət verməmişdir?İşlədiyim kabinetə müraciət edənlərin əksəriyyəti hamilə qadınlardır. Polis əməkdaşı niyə demir ki, ay Müşviq əlində telefon, hamilə xəstə olan otağı niyə çəkirsən? Əksinə Müşviq müdafiə edilərək, həkim barədə qanunsuz qərarlar qəbul edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən 13 iyun 2025-ci il tarixli qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə şikayət vermiş şəxs X3 şikayətdə göstərilənlərə uyğun izahat verərək, onun əməlində inzibati xəta tərkibi olmadığına və Müşviq adlı şəxsə heç bir xəsarət yetirmədiyinə görə, barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 12:30 radələrində Aybəniz Hüseynovanın xidməti otağının qarşısında, yəni dəhlizdə səs-küy eşidərək mühafizəçilər X26, X12, X8 və X9 ilə birlikdə onların yanlarına gəlmişlər. Həmin vaxt X13 telefonu verməsini və çəkdiyi videonu silməsini tələb etməsini görmüşdür. Həmin vaxt Müşfiq telefonu vermədiyi üçün o, telefonu Müşfiqin əlindən alaraq Sərvərə vermişdir. Sərvər isə Müşfiqin çəkdiyi videonu silmişdir. Sonra isə Müşfiq telefonu götürüb, xəstəxanadan çıxıb getmişdir. X4 xx.xx.2025-ci il tarixdə saat təxminən 12:30 radələrində Şəmkir Rayon Mərkəzi X16 X6 xidməti otağının qarşısında mübahisə zamanı Aybəniz Hüseynova tərəfindən Müşviq Hüseynova qarşı hər hansı bir zorakılıq hərəkətlərinin edilməsini görməmişdir. X7 həmin şəxsi döyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21, X10 X17 ilə eyni məzmunda izahat verərək X17 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş 21 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X3 xx.xx.2025-ci il tarixdə X25 RMX-də mübahisə edərək X11 döymüşdür və İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə bağlı inzibati protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən X3 həmin günü İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir; xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X1 Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə 300 manat cərimə edilmişdir; Şəmkir Rayon Polis Şöbəsinin təhqiqatçısı Nicat Əvəzli tərəfindən HK-1/681 saylı material üzrə xx.xx.2025-ci il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən X2 əməlində cinayət tərkib olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, həmçinin X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddisində nəzərdə tutulmuş inzibati xəta tədbirinin görülməsi məqsədi ilə qərarın surəti polis şöbəsinin aidiyyəti əməkdaşına həvalə olunmuşdur; Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Şəmkir Rayon Polis Şöbəsinin sahə rəisi Elmir İsaqlı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş törədilməsi ehtimal edilən inzibati xəta üzrə icraat inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən onun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi yolverilməzdir. İş materiallarından aydın olur ki, hazırki inizbati xəta ilə bağlı Şəmkir rayon polis şöbəsinin sahə rəisi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə barədə qərar X2 iştirakı olmadan və zəruri araşdırma aparılmadan qəbul edilmiş, işlə bağlı digər zəruri sübutlar göstərilməmişdir. Məhkəmə, iclasında şahid qismində dindirilmiş X17, X26, X14 bir daha təsdiq etmişlər ki, X20 Əliyevə heç bir xəsarət yetirməmişdir. Eyni zamanda hazırki şikayətlə əlaqədar olaraq həmçinin, qərarı qəbul etmiş orqan tərəfindən barəsində icraat aparılan şəxsin təqsirliliyini sübut edən heç bir sənəd, görüntü də məhkəməyə təqdim edilməmişdir. Bununla da şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmayaraq qərarı qəbul etmiş orqan tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8-ci maddə); İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2ci maddə); İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı (106.0-cı maddə); İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Göründüyü kimi, qərarı qəbul etmiş qurum tərəfindən iş üzrə bütün faktiki hallar tam araşdırılmadan, şikayət vermiş şəxsin törətdiyi xətaya dair təqsirliliyinin mövcudluğu tam müəyyən olunmadan, bu şəxsin iş üzrə icraatın aparılmasında iştirakı təmin olunmadan və qəbul edilmiş qərarda heç bir sübut göstərilmədən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəmkir Rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. X3 barəsində Şəmkir Rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №3(076)-948/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-948/2025
10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver