Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-962/2024 16.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxsoviçin Müdafiəçi: Vəkil iştirakı ilə, xx.xx.1990-cı ildə Rusiya Federasiyasında anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, ali təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxsoviçin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinə Şəxsoviçin barəsində Azərbaycan Respublikası İXM– nin 343.2 və 535.1–ci maddələri ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 15 avqust 2024-cü il tarixdə, saat 22:45 radələrində Şəmkir şəhəri, H.Aslanov küçəsində, nəqliyyat vasitəsini idarə etmək hüququ olan, nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi üçün inzibati tənbeh alan və həmin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən, bir il ərzində təkrar nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edən, Şəxsoviç sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılarkən tibbi müayinədən imtina etmiş, həmçinin, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, Şəxsoviç özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında qismən təqsirli bilərək izahatında göstərdi ki, 15 avqust 2024-cü il tarixdə, saat 22:45 radələrində Şəmkir şəhəri, H.Aslanov küçəsində, ** HG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən polis əməkdaşları onun nəqliyyat vasitəsini saxlatmışlar, polislər ondan sərxoş vəziyyətdə olmasını soruşduqda, o, sərxoş olmadığını bildirmiş və alkotestr müayinəsindən keçmişdir, əslində həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Polis əməkdaşları ondan nəqliyyat vasitəsinin açarını tələb etmişlər, lakin o, həddən artıq spirtli içki qəbul etdiyi üçün özündə olmamış və açarı təqdim etməmiş, bir müddət sonra açarı polis əməkdaşlarına vermişdir. Daha sonra sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün, polislər onu tibbi müayinəyə aparmışlar. Bundan başqa xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi üçün yol polisi əməkdaşları onun barəsində inzibati protokol tərtib etmiş və 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətəbiq edilməsi barədə qərar qəbul olunmuşdur. O, polis əməkdaşlarının bəzi tələbləri qarşısında tabesizlik nümayiş etdirsə də, nəqliyyat vasitəsini polis əməkdaşlarına təhvil vermiş, hazırda etdiyi hərəkətlərə görə peşmandır. Odur ki məhkəmədən qərar qəbul edərkən nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, X6 ifadəsində göstərdi ki, 15 avqust 2024-cü il tarixdə, saat 22:45 radələrində Şəmkir şəhəri, H.Aslanov küçəsində, X3 ilə birlikdə xidmətdə olan zaman, ** HG *** d.q.n nəqliyyat vasitəsini idarə edən şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün və onun sərxoş vəziyyətdə olması barədə, kifayət qədər şübhəli məqamlar müşahidə etdiyindən həmin nəqliyyat vasitəsinə saxla əmri vermişdir. Bu zaman sürücü Şəxsoviçin spirtli içki qəbul etməsi onunla söhbət zamanı daha aydın hiss olunmuş, sürücüyə alkotestr vasitəsilə sərxoşluğunun müəyyən edilməsi, həmçinin, onun nəqliyyat vasitəsinin idarə edilməsindən kənarlaşdırılması üçün, lazımı hərəkətlər etməsi tələb olunmuş, lakin sürücü qanuni tələblər qarşısında tabesizlik hərəkətləri nümayiş etdirmişdir. Daha sonra sürücü, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün, tibbi müayinəyə aparılmış lakin, həkim tərəfindən müayinədən imtina etmişdir. Şəxs törətdiyi inzibati xəta əməllərinə görə barəsində tədbir görülməsi üçün gətirilərək Şəmkir RPŞ-yə təhvil verilmişdir. Bundan başqa, Şəxsoviç xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3, şahid X6 ilə eyni məzmunlu ifadə verərək Kərim Mehdiyevin qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclası zamanı şahid X2 izahatında bildirdi ki, 15 avqust 2024-cü il tarixdə, saat 22:45 radələrində Şəmkir şəhəri, H.Aslanov küçəsində, Şəxsoviç ilə birlikdə, Gədəbəy rayonundan gələn zaman, polis əməkdaşları Şəxs idarə etdiyi nəqliyyat vasitəsini saxlatmışlar. O, Şəxs ilə birlikdə olan zaman onun spirtli içki qəbul etdiyini görmüşdür. Belə ki, Şəxsla “Narzan” istirahət mərkəzində olmuşlar və orada yeyib-içmişlər. İşdə olan, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxsoviç, xx.xx.2024-cü il tarixdə alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə, ** HG *** d.q.n nəqliyyat vasitəsini idarə etdiyi üçün, səlahiyyətli orqan tərəfindən AR İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İşdə olan, xx.xx.2024-cü il tarixli, 3221/2024 saylı aktdan görünür ki, Şəxsoviç sərxoşluq vəziyyətinin tibbi müayinəsindən imtina etmişdir. İşdə olan, xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxsoviç həmin tarixdə saat 01:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxsoviçin məhkəmə iclasında verdiyi izahatını, şahid ifadələrini, tədqiq edilmiş sənədləri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin maddənin sanksiyası daxilində inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə -fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bundan başqa, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxsoviçin Azərbaycan Respublikası İXM-in 343.2-ci maddəsi ilə təqsirli olması sübut olunmur və inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 343.2-ci maddəsinə münasibətdə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin məcəllənin 333.2-ci maddəsinə əsasən, bu məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 343.2-ci maddəsinə görə bu məcəllənin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin məcəllənin 138.1.1-ci maddəsinə əsasən, əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün İnzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Konustitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 138-ci maddəsi inzibati xəta haqqında iş üzrə qərarın, şikayət və ya protest üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə minməsi qaydasını müəyyən etmişdir. Belə ki, həmin maddəyə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar, əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün və ya apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Sadalanan normaların tələbləri onu deməyə əsas verir ki, şəxsin inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya hakimin qanunla müəyyən edilmiş qaydada qüvvəyə minmiş qərarının olması zəruridir. Yalnız bundan sonra bir il ərzində şəxs tərəfindən həmin inzibati xətanın təkrar törədilməsi onun məsuliyyətinin ağırlaşmasına və onun üçün daha ağır məhrumiyyətlərlə nəticələnən tənbeh tətbiq edilməsinə səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsinin 33.1.2 və 333.2-ci maddələrinin tələbləri baxımından inzibati tənbeh vermə haqqında qərarın həmin Məcəllənin 138-ci maddəsində nəzərdə tutulmuş qaydada qanuni qüvvəyə minməsindən sonra bir il ərzində eyni xətanın təkrar törədilməsi şəxsin məsuliyyətinin ağırlaşması və onun barəsində daha sərt tənbeh tədbirinin tətbiqi üçün əsasdır. Məhkəmə qanunun yuxarıda sadalanan normalarını və Azərbaycan Respublikası Konustitusiya Məhkəməsinin mövqeyini əlaqəli şəkildə müqayisə edərək belə qənaətə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsinin tərkib əlamətlərinin yaranması üçün, həmin Məcəllənin 333.2-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu başlıca amil kimi təsbit olunur. X4 Məcəlləsinin 333.2-ci maddəsinin tərkib əlamətlərinin yaranması üçün isə, həmin Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinə görə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə minməsi zəruri hal kimi şərtləndirilmişdir. Göründüyü kimi, Şəxsoviç xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilindiyi üçün barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, lakin həmin qərarın qanuni qüvvəyə minməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət keçməmiş, buna görə də onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsinin tərkib əlamətləri yaranmamışdır. Azərbaycan Respublikası İXM–in 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxs Şəxsoviçin Azərbaycan Respublikası İXM-in 343.2-ci maddəsi ilə təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində həmin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–in 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxsoviç oğlunun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən Şəxsoviçin inzibati xəta hadisəsini sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Şəxsoviçə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Şəxsoviç 16 avqust 2024-cü il tarixdən saat 01:10-dan inzibati qaydada tutulduğundan, həbsə alınmanın əvvəli də həmin tarixdən hesablanmalıdır. Bundan başqa, həmin inzibati xəta haqqında işə baxılarkən, inzibati xəta törətmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, ona hüquqi yardım dövlətin vəsaiti hesabına, Şəmkir rayon vəkil bürosunun vəkili Vəkil tərəfindən göstərilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 saylı qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2010-cu il tarixli 21 saylı qərarının 1.1-ci bəndinə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 2 manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Ona görə də məhkəmə hesab edir ki, Vəkil Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına iş materialları ilə tanış olmağa və məhkəmə iclaslarında iştirak etməyə sərf edilmiş ümumilikdə 2 saata görə 12 manat (2 saat X 6 manat) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxsoviçin barəsində Azərbaycan Respublikası DİN-in Şəmkir RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2–ci maddəsinə münasibətdə xitam verilsin. Şəxsoviç Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 16 avqust 2024-cü il tarixdən saat 01:10-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxsoviçin maddi imkanı olmadığından hüquqi yardıma görə haqq ödəməkdən azad edilsin və onun müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilsin. Şəmkir Rayon Vəkil Bürosunun vəkili Vəkil iş materialları ilə tanış olması və məhkəmə baxışında iştirak etdiyi saatlara, ümumilikdə 2 (iki) saata görə 12 (on iki) manat pul vəsaiti dövlət büdcəsi hesabına ödənilsin. (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 805670; Bankın VÖEN-i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN-i: **********) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-962/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-962/2024
16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver