Məhkəmə qərarları › İş №3(076)-968/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-968/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-968/2024 20.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədirliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi, Şəmkir RPŞ-nin Kür PB-nin polis sahə rəisi: X4, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs və X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə, xx.xx.1957-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs, 16 iyun 2024-cü il tarixdə, Şəmkir rayonu, Mahmudlu kəndində, Zərərçəkmiş şəxs və X3 vuraraq onlara dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərər çəkmiş şəxslərin və özünün izahatları və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəmkir RPŞ-nin Kür PB-nin sahə rəisi, X6 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, Tovuz rayonu Qovlar qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs və Gəncə şəhərində yaşayan, X1 RPŞ-nin Kür PB-nə ərizə ilə müraciət edərək Şəmkir rayonu, Mahmudlu kənd sakini Şəxs tərəfindən döyülmələri barədə məlumat vermişlər. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-nin, TB-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra, həmin qərar Şəmkir RPŞ-in Kür PB-nə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs, özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda özünə məxsus Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində yerləşən kafeni işlədir. Kafedə ofisiant və qabyuyan işləyən Xəyalə və Müzayyə adlı qadınlar bir muddətdir ki, onun istifadəsində olan kafedə işləyirlər. xx.xx.2024-cü il tarixdə Asim adlı şəxs ona Xəyalə və Müzayyəyə sonuncunun ad günündə iştirak etməsi üçün icazə verməsini bildirmişdir. O isə etiraz edərək iş yeri olduğunu deyib onlara icazə verməmişdir. Bu zaman Müzayyə “Bir günün pulunu vermə gedəcəm”. Deyə bildirmiş, daha sonra Müzayyə və Xəyalə kafedən çıxıb getmişlər. Axşam saat 21:30 radələrində, Müzayyə və Xəyalə sərxoş vəziyyətdə kafeyə gəlmişlər. Həmin vaxtı Müzayyəyə üz qırxan maşınının harada olmasını soruşmuş, həmin vaxt Müzayyə onu təhqir edərək ona qarşı nalayiq ifadələr işlətdiyinə görə aralarında mübahisə baş vermiş, mübahisə zamanı Müzayyə onun üzərinə hücum çəkərək onun əynində olan köynəyini dartıb cırmışdır. Bundan sonra o, sadəcə Müzayyəni özündən aralamaq üçün itələmişdir. Xəyalə isə mətbəx bıçağını götürüb onun üzərinə hücum çəkən zaman, Anar adlı müştəri Xəyalənin əlindən bıçağı almışıdr. Müzayyə həmin vaxtı özü yerə yıxılıb ayaqlarını yuxarı qaldıraraq qışqırmağa başlamışdır. Həmin vaxtı o, sadəcə Xəyalənin onun üzərinə hücum çəkən zaman, onun sinəsindən itələmiş və getməsini ona demişdir. Odur ki qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxs, Zərərçəkmiş şəxs, məhkəmə iclası zamanı izahatında göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir və fədi əməklə məşğul olur. xx.xx.2024-cü il tarixdə Telman adlı kafe sahibinin onu döyməsi barədə Şəmkir RPŞ-nin Kür PB-nə ərizə ilə müraciət etmişdir. O, Telman adlı şəxsin Şəmkir rayonu, Mahmudlu kəndindən keçən şosse yolun kənarında yerləşən kafedə qabyuyan işləyir. xx.xx.2024-cü il tarixdə həmin kafedə ofisiant işləyən Xəyalə adlı qadınla birlikdə ad gününə getmişlər. Həmin günün axşamı təxminən saat 21:30 radələrində kafeyə gec gəldiklərinə görə Telman onlara irad bildirərək Xəyaləni əli ilə vurmuş və onu boğazından tutub boğan zaman o, Xəyaləni Telmanın əlindən almaq istəmiş, bu zaman Telman əl zərbələri ilə onu da vurmuş, saçından tutub yolmuş və onu itələyib yerə yıxmış və yerdə onu sürüməyə başlamışdır. Həmin vaxtı onlar bir təhər Telmanın əlindən çıxıb yola çıxmışlar və polis maşınına əl edib post-patrul avtomaşını ilə Kür PB-nə gəlmişlər. Həmin vaxtı kafedə tanımadığı müştərilər də olmuşdur. Hazırda Şəxs şikayətçidir, məhkəmədən Şəxs barəsində ağır inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərər çəkmiş şəxs, X5, ifadəsində Zərərçəkmiş şəxs, məhkəmə iclası zamanı qeyd etdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermiş, əlavə olaraq Şəxs şikayətçi olduğunu və barəsində inzibati tənbehin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayon MTE və PA şöbəsinin 13 iyul 2024-cü il tarixli, 665 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs, bədən səthində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin ön səthinin, sol bud nahiyəsində yuxarı üçdə birinin və sağ əlin arxa səthinin qançırları küt əşyaların təsirindən törənmişlər, törəmə müddətləri 11 iyul 2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayon MTE və PA şöbəsinin 15 iyul 2024-cü il tarixli, 675 saylı rəyindən görünür ki, X2, bədən səthində aşkar edilmiş xəsarətlər- boyunun ön səthinin sıyrığı, sol budun yuxarı üçdə birinin ön səthinin qançırı və sol budun aşağı üçdə birinin ön səthinin səthi yarsı, küt əşyaların təsirindən törənmişlər, törəmə müddətləri 11 iyul 2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 22 iyul 2024-cü il tarixdə qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, həmçinin, zərər çəkmiş şəxslərin izahatlarını, 13 iyul 2024-cü il tarixli, 665 saylı və 15 iyul 2024-cü il tarixli rəyləri, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə, tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərər çəkmiş şəxslərin şikayətçi olmasını, habelə, Şəxs altmış beş yaşına çatmasını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar