Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-973/2024 18.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs MMC-nin direktoru X2 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 483–cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM–nin 483–cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC xx.xx.2024-cü il tarixdə Tovuz Gömrük İdarəsində ixrac gömrük bəyannaməsi üzrə Rusiya Federasiyası Moskva şəhərində qeydiyyatda olan “OOO FORTUNA” ünvanına göndərilmiş “təzə pomidor” yükünün müqabilində ödənilməli olan 18.427,5 ABŞ dolları məbləğində valyuta vəsaitinin təyin olunmuş müddət ərzində 16.418,03 ABŞ dolları müvəkkil bank hesabına köçürülməsini təmin etmiş, 2.009,47 ABŞ dolları məbləğində valyuta vəsaitinin isə təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsini təmin etməmişdir. Məhkəmə iclası zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı X3 izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC xx.xx.2024-cü il tarixdə Tovuz Gömrük İdarəsində ixrac gömrük bəyannaməsi üzrə Rusiya Federasiyası Moskva şəhərində qeydiyyatda olan “OOO FORTUNA” ünvanına göndərilmiş “təzə pomidor” yükünün müqabilində ödənilməli olan 18.427,5 ABŞ dolları məbləğində valyuta vəsaitinin təyin olunmuş müddət ərzində 16.418,03 ABŞ dolları müvəkkil bank hesabına köçürülməsini təmin etmiş, 2.009,47 ABŞ dolları məbləğində valyuta vəsaitinin isə təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsini təmin etməmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 483–cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmiş və bu səbəbdən cəmiyyətin barəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib etmişlər. Hazırda protokolun dəlillərini müdafiə edir və Şəxs MMCnin barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Şəxs MMC-nin direktoru X5 məhkəmə iclası zamanı protokolun dəlillərini qəbul etməyərək izahatında göstərdi ki, həqiqətən Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə Tovuz Gömrük İdarəsində ixrac gömrük bəyannaməsi üzrə Rusiya Federasiyası Moskva şəhərində qeydiyyatda olan “OOO FORTUNA” şirkətinə “təzə pomidor” məhsulu ixrac edilmiş, həmin məhsulun müqabilində ödənilməli olan 18.427,5 ABŞ dolları məbləğində valyuta vəsaiti təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülmüşdür. Belə ki, Swift köçürmə sistemində məhdudiyyətlər olduğuna görə vəsait Rusiya rublu ilə köçürülmüşdür. Valyuta kursunda hər gün məzənnə dəyişdiyinə görə RF-dan köçürülən vəsaitlə daxil olan vəsait arasında 2.009,47 ABŞ dolları kurs fərqi yaranmışdır. Halbuki, Rusiya Federasiyası tərəfindən müqavilə üzrə öhdəlik tam şəkildə yerinə yetirilmiş, yəni ixrac edilmiş məhsulun dəyəri müvəkkil bank hesabına köçürülmüşdür. Belə olan halda Şəxs MMC-nin əməlində hər hansı inzibati xəta tərkibi olmamışdır. Həmçinin, qeyd edir ki, 16.418,03 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bank hesabına köçürüldüyü halda, cəmi 2.009,47 ABŞ dolları məbləğində valyuta vəsaitinin köçürülməməsi ağlabatan deyildir. Belə ki, 16.418,03 ABŞ dolları məbləğində vəsaiti ödəyən şirkət tərəfindən 2.009,47 ABŞ dolları məbləğində vəsaitin ödənilməməsi mümkünsüzdür. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Şəxs MMC-nin əməkdaşıdır. Şirkətləri yaşıl dəhliz şirkətidir və hər il çox sayda, böyük məbləğlərdə tədarükləri olur. İxrac edilən mıhsulların dəyəri isə vaxtlı-vaxtında müvəkkil bank hesabına köçürülür. Həmçinin, xx.xx.2024-cü il tarixdə Tovuz Gömrük İdarəsində ixrac gömrük bəyannaməsi üzrə Rusiya Federasiyasının “OOO FORTUNA” şirkətinə “təzə pomidor” məhsulu göndəriliş, məhsulun dəyəri "xxxx" ASC-nin Şəmkir filialındakı hesablarına köçürülmüşdür. Lakin RF-da Swift köçürmə sistemində məhdudiyyətlər olduğuna görə vəsait Rusiya rublu ilə köçürülmüşdür. Rusiya rublunda isə hər gün kurs məzənnəsi dəyişdiyinə görə RF-dan köçürülən vəsaitlə daxil olan vəsait arasında 2.009,47 ABŞ dolları kurs fərqi yaranmışdır. Halbuki, Rusiya Federasiyası tərəfindən müqavilə üzrə öhdəlik tam şəkildə yerinə yetirilmiş, ixrac edilən məhsulun dəyəri müvəkkil bank hesabına köçürülmüşdür. Həmçinin, qeyd edir ki, şirkət ümumi olaraq il ərzində “OOO FORTUNA” şirkətinə 444467,5 ABŞ dolları dəyərində məhsul tədarük edir ki, bunun müqabilində cəmi 2.009,47 ABŞ dollarının müvəkkil bank hesabına köçürülməməsi ağlabatan deyildir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahid ifadısini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi Şəxs MMC-dən ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsini tələb etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Rusiya Federasiyasının “OOO FORTUNA” şirkəti ilə Şəxs MMC arasında bağlanmış bank nəzarəti müqaviləsinin ödəniş məlumatından görünür ki, müqavilə üzrə əməliyyat valyutası ABŞ dolları olsa da, ödəniş Rusiya rublu ilə olmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş hesabdan Çıxarışdan görünür ki, “OOO FORTUNA” şirkəti tərəfindən Şəxs MMC-nin hesabına köçürülən pulun valyutası Rusiya rublu olmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən “OOO FORTUNA” şirkətinə 17.550 kq məhsul ixrac etmiş, müqabilində 1.446147,40 Rusiya rublu köçürülmüşdür. Məhkəmə ilk öncə şahid ifadəsinə qiymət verərək hesab edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxs baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilmiş, ixrac edilən məhsulun mübaqilində ödənilən məbləğin Rusiya rublu ilə ödənilməsini, bu səbəbdən valyutanın məzənnəsində fərq olmasını, əslində isə məhsulu alan şirkət tərəfindən öhdəliyin tam şəkildə yerinə yetirilməsini aydın şəkildə göstərmişdir. Ona görə də məhkəmə həmin şahid ifadəsini sübut növü kimi qəbul edərək, nəzərə alır. Beləliklə, məhkəmə, inzibati xəta haqqında protokola iş üzrə olan və təqdim edilmiş materiallar əsasında baxaraq, qeyd edir ki, Şəxs MMC tərəfindən 2.009,47 ABŞ dolları məbləğində valyuta vəsaitinin təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsini təmin edilməməsi halı müəyyən edilməmişdir. Əksinə işdə olan Gömrük bəyannaməsi ilə müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən “OOO FORTUNA” şirkətinə 18.427,5 ABŞ dolları dəyərində 17.550 kq məhsul ixrac etmiş, müqabilində isə müvəkkil bank hesabına 1.446147,40 Rusiya rublu köçürülmüşdür. Belə ki, Rusiya rublunda hər gün kurs məzənnəsi dəyişdiyinə görə RF-dan köçürülən vəsaitlə daxil olan vəsait arasında 2.009,47 ABŞ dolları kurs fərqi yaranmışdır. Bu hal isə 2.009,47 ABŞ dolları məbləğində valyuta vəsaitinin təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməməsi kimi qiymətləndirilməməlidir. Belə ki, Rusiya Federasiyası tərəfindən müqavilə üzrə öhdəlik tam şəkildə yerinə yetirilmiş, ixrac edilən məhsulun dəyəri müvəkkil bank hesabına köçürülmüşdür. Bu hal isə Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483–cü maddəsinin tərkibi olmasını istina edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483–cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki vəziyyətdə isə “OOO FORTUNA” şirkəti tərəfindən pul köçürülməsi Rusiya rublu ilə həyata keçirilməklə kurs fərqi yaransa da, ixrac edilmiş məhsulun dəyəri tam şəkildə müvəkkil bank hesabına köçürülmüşdür. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC-nin ümumi olaraq il ərzində “OOO FORTUNA” şirkətinə 444467,5 ABŞ dolları dəyərində məhsul tədarük etməsi, bunun müqabilində isə cəmi 2.009,47 ABŞ dollarının müvəkkil bank hesabına köçürülməməsi ağlabatan və işin hallarına uyğun deyildir. Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105.1–ci maddəsinə əsasən bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483–cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-973/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-973/2024
18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver