Məhkəmə qərarları › İş №3(076)-987/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-987/2023

15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-987/2023 15.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X3 qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-nin barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə “"xxxx" ASC 36953.08 ABŞ dolları məbləğində olan vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş, 2 il müddətin keçməsinə baxmayaraq, 36953.08 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “"xxxx" ASC-nin -nin nümayəndəsi X2 protokola etiraz edərək bildirdi ki, göstərilən məbləğ daşıyıcı xidmət müqaviləsində nəzərdə tutulan məbləğdir. Bu barədə də xx.xx.2022-ci il tarixli akt tərtib edilib. Belə ki, "xxxx" ASC ilə “ArcelorMittal RZK X5 San ve TİC AŞ” aktı hazırladırlar ondan ötrü ki, xx.xx.2021-ci il tarixli RZK25052021/15 saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixli 1 saylı əlavə üzrə aşağıda qeyd edilən yükekspedisiya xidmətlərini və emal xidmətini icra edir, müştəri isə qəbul edir. Lakin, bu barədə banka məlumat gec verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC-nin "xxxx" ASC-nə ünvanlanmış xx.xx.2023-cü il tarixli 4523 saylı məktubundan görünür ki, Sizin xx.xx.2023-cü il tarixli 46 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, "xxxx" ASC-nin (VÖEN **********) kapital Bank ASC-də olan AZ27AİİB******************** saylı hesablaşma hesabından xx.xx.2021ci il tarixində “ArcelorMittal RZK X5 San ve TİC A.S” şirkətinin xeyrinə aparılmış 36953.08 USD avans ödənişi xx.xx.2023-cü il tarixində təqdim edilmiş xx.xx.2022-ci il tarixli aktla bağlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il təhvil-təslim aktından müəyyən edilir ki, onlar, aşağıda imza edənlər, müştəri "xxxx" ASC, baş direktoru Vüqar Sadıqzadənin şəxsində bir tərəfdən və satış nümayəndəsi “ArcelorMittal RZK X5 San ve TİC AŞ”, Mişel Beharın şəxsində digər tərəfdən aktı hazırladırlar ondan ötrü ki, xx.xx.2021-ci il tarixli RZK25052021/15 saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixli 1 saylı əlavə üzrə aşağıda qeyd edilən yük-ekspedisiya xidmətlərini və emal xidmətini icra edir, müştəri isə qəbul edir. Cəmi məbləğ 36953.08 dollardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, protokolda göstərilən xx.xx.2021-ci il tarixdə xaricə köçürülmüş 36953.08 AVŞ dolları vəsait müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxalını deyil, malların daşınması zamanı yükekspedisiya xidməti üçün nəzərdə tutulmuş vəsait olduğundan və həmin vəsaitin də xx.xx.2022-ci il tarixli akta əsasən təhvil-təslim edilməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" ASCnin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" ASC-nin -nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar