Məhkəmə qərarları › İş №3(076)-991/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-991/2023

07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-991/2023 07.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri X9 nümayəndəsi X10 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax-Tovuz regional Şöbəsinin nümayəndəsi X5 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax-Tovuz regional Şöbəsinin rəisi X3 19 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından və 09 iyun 2023-cü il tarixli MN ******* nömrəli protokolundan X9 verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax-Tovuz regional Şöbəsinin rəisi X3 19 iyun 2023-cü il tarixli MN ******* nömrəli qərarı ilə 1500 manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan və protokoldan X16 şikayət verərək həmin qərarın qanunun tələblərinin pozulması ilə qəbul edildiyini bildirmiş və qərarın və protokolun ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri X16 tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax- Tovuz regional şöbəsinin rəisi X6 onun barəsində Gədəbəy rayon Soyuqbulaq kənd tam orta məktəbində məktəbin gözətçisi işləmiş mərhumə X4 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmamasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntularına yol verilməsini iddia edilərək İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş - işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati xəta nəzərdə tutduğu üçün inzibati tənbeh verilməsi qərarı qəbul edilmişdir. Buna səbəb isə vətəndaş X7 Gədəbəy rayon Soyuqbulaq kənd tam orta məktəbindən mərhum həyat yoldaşı X1 haqq-hesabını və müavinət pulunu ala bilməməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə daxil olmuş müraciəti əsasında X14 Xidməti Qazax-Tovuz regional şöbəsində aparılmış araşdırma olmuşdur. Yoxlama nəticəsində akt tərtib edilmiş və əsassız olaraq 09 iyun 2023-cü il tarixli ******* saylı İnzibati xəta protokolu tərtib edilmişdir. X2 tələblərinin və müddəalarının tərəfimdən pozulması göstərilsə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad edilməmişdir. Hazırki halda isə inzibati xəta törədilməsi güman edilən hər hansı bir hərəkət və hərəkətsizliyə onun tərəfindən yol verilməmişdir. Belə ki, X4 həyat yoldaşı tərəfindən mərhumənin vərəsəsi olmasını təsdiq edən müvafiq sənədlər təqdim edilməmiş, ona görə də bu halın qanunvericiliyin tələblərinə zidd olmayaraq yalnız qanunda nəzərdə tutulduğu kimi onun birinci dərəcəli vərəsələrinə ödənilməsi təmin edilməli olduğu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət və müddəaların riayət olunmasına çalışmışdır. X14 Xidməti Qazax-Tovuz regional şöbəsinin ona ünvanladığı 09 iyun 2023-cü il tarixli məktubunda özü qeyd edir ki, daxil olmuş sənədlərdən məlum olmuşdur ki, mərhum X4 həyat yoldaşı X11 mərhumun vərəsəsi kimi hərəkət etmiş və təqdim olunmuş sənədlərdə öz əksini tapmışdır. Təqdim olunmuş sənədlər dedikdə isə Müfəttişlik ölüm şəhadətnaməsi ilə nikah şəhadətnaməsini əsas tutmuşdur. Əmək Müfəttişliyinin ona ünvanladığı 19 iyun 2023-cü il tarixli məktubunda isə qeyd edilir: “Odur ki, mərhum X4 ödənilməmiş son haqqhesabının və müavinətinin həyat yoldaşı X8 xx.xx.2023-cü il tarixədək ödənilməsi təmin edilsin” . Halbuki Azərbaycan Respublikasının Qanunvericik aktları, Əmək Məcəlləsi və Mülki Məcəlləsində son haqq-hesabın və müavinət pularının vərəsə kimi hərəkət etmiş və yaxud da həyat yoldaşına ödənilməsi kimi halları nəzərdə tutulmamışdır. Qanunvericilikdə bu cür hallarda yalnız vərəsəlik təsdiq edən sənədlər nəzərdə tutulmuşdur. P.Əliyevanın varisi barədə idarəyə heç bir rəsmi sənəd təqdim edilməmişdir. Ona görə də müavinətin və sonuncu haqq-hesabın ödənişi ödənilməli deyildi. Yuxarıda göstərilən səbəbləri Qazax- Tovuz Regional Təhsil İdarəsinin rəsmi nümayəndəsi Əmək Müfətdişliyinə bildirsə də bunu nəzərə alınmamış, əksinə mütəttişlik tərəfindən əmək məcəlləsinin 77.7-ci maddəsinin tələbinə zidd olaraq 09.06.23-cü il tarixli 3-17-5/2-20979/2023 nömrəli məktubla Əliyev Zabili vərəsə kimi göstərərək (halbuki təqdim olunmuş sənədlər sırasında vərəslik hüququnu təsdiq edən hər hansı bir sənəd yoxdur) müavinətin ona 03.07.23-cü il tarixədək ödənilməsini, təkrarən 19.06.23-cü il tarixli 3-17-5/2-22161/2023 nömrəli məktubla yenə Əmək Məcəlləsinə zidd olaraq bu dəfə də 19.07.23-cü il tarixədək vərəsəyə yox həyat yoldaşı Əliyev Zabilə ödənilməsi barədə məktub göndərmişdir. İnzibati xəta haqqında protokol tərtib edilərkən bir sıra ciddi prosessual qanun pozuntularına yol verilmişdir. Belə ki, protokol tərtib edilməmişdən əvvəl iştirakımız təmin edilməli olduğu halda təmin edilməmiş, hüquq və vəzifələrimiz izah olunmamış, izahatımız alınmamışdır. Belə olan halda İnzibati Xətalar Məcəlləsinin 100.3, 100.4-cü maddəsində göstərilən normalar da pozulmuşdur. Beləliklə X14 Xidməti Tovuz regional şöbəsinin rəisi Elçin Sülüymanovun adından qəbul edilmiş 19 iyun 2023-cü il tarixli ******* saylı qərarı və onun qəbul edilməsinə əsas olmuş 09 iyun 2023-cü il tarixli ******* saylı İnzibati xəta protokolu əsassız və qanuna zidd olduğundan ləğv olunmalıdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri X9 nümayəndəsi X17 çıxış edərək bildirdi ki, inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə heç bir məlumat verilməmiş, inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə barəsində icraat aparılan şəxsə rəsmi qaydada məlumat verilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinə vərəsəlik şəhadətnaməsi təqdim olunmamış, bu səbəbədən də müavinətin kimin hesabına köçürülməsini müəyyən etmək mümkün olmamışdır. Buna görə də qəbul edilmiş qərarı əsassız hesab edir və ləğv olunmasını xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax-Tovuz regional Şöbəsinin nümayəndəsi X12 bildirdi ki, inzibati xəta haqqında iş üzrə ilkin araşdırma zamanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinə məlumat verilmiş, qərar çıxarılan gün, yəni xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax- Tovuz Regional Təhsil İdarəsinin müdiri X9 nümayəndəsi iştirak etmişdir. Eyni zamanda Gədəbəy rayonu Soyuqbulaq kəndində gözətçi vəzifəsində işləmiş X4 əri Zabil Əliyev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax-Tovuz regional Şöbəsinə müraciət edərək Pərvanə Əliyevanın vərəsəsi olmasını bildirmiş və İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdən arayış təqdim edərək dəfn xərcini onun çəkməsini bildirmişdir. Belə olan halda müavinət vərəsə kimi onun həyat yoldaşı X8 ödənilməli idi. Buna görə də şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iş üzrə tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax-Tovuz regional Şöbəsinə qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş 19 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X16 tərəfindən X4 İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 09 iyun 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X16 tərəfindən X4 İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilmişdir. Protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin adı qeyd edilsə də, protokol inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış, protokolda onun izahat verməkdən imtina etməsi, imza etməkdən imtina etməsi göstərilməmişdir. Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.7-ci maddəsinə əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Mülki Məcəllənin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsinin sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin üzərinə düşür. Qeyd edilən orqan X9 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə nəticəyə gələrkən X4 vərəsəsinin yalnız əri olması halını ərinin izahatı əsasında müəyyən edərək son haqq-hesab və müavinətin əri X8 ödəməməsini əsas gətirərək X13 inzibati məsuliyyətə cəlb etmişdir ki, həmin izahat başqa sübutlar olmadan şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. İş materiallarındakı aktdan, habelə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın təqdim etdiyi sənədlərdən və nümayəndəsinin izahatından da göründüyü kimi X4 həyat yoldaşının vərəsəlik şəhadətnaməsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinə təqdim edilməmiş, beləliklə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri X9 əməlində işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində hər hansı qanun pozuntusuna yol verməsi müəyyən edilməmişdir. Göründüyü kimi inzibati xəta hadisəsi araşdırılarkən natamam araşdırılmış, şəxsin vərəsəlik şəhadətnaməsinin olub-olmaması qərar qəbul edən orqan tərəfindən araşdırılmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır Digər tərəfdən inzibati xəta haqqında iş üzrə icraat zamanı protokol tərtib edilərkən barəsində icraat aparılan şəxsə ümumiyyətlə heç bir məlumat verilməmiş, protokol barəsində icraat aparılan şəxsin iştirakı olmadan tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi inzibati xəta haqqında protokolun tərtib olunması zamanı barəsində icraat aparılan şəxsə məlumat verilməməsi nəticəsində İXM-in 100.1-100.5-ci maddələrinin tələbləri bütünlüklə pozulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, X9 barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuş, işin bütün faktiki halları araşdırılmadan İXM-in tələblərinə uyğun olmayan qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bundan başqa Məhkəmə iclasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax- Tovuz Regional Təhsil İdarəsinin müdiri X16 şikayətində inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, inzibati xəta haqqında protokol inzibati tənbeh verilməsini nəzərdə tutmur, yalnız ehtimal olunan inzibati xəta faktının sənədləşdirilməsindən ibarət olmaqla gələcəkdə inzibati xəta haqqında işə baxılarkən sübut növü kimi istifadə olunur. İnzibati Xətalar Məcəlləsində protokoldan şikayətin verilməsi və ya protokolun ləğv edilməsi nəzərdə tutulmadığından şikayət həmin hissədə təmin edilə bilməz. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax-Tovuz regional Şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 19 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax- Tovuz regional Şöbəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar