Məhkəmə qərarları › İş №3(077)-15/2024

Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-15/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-15/2024 18.03.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X26 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, barəsində inzibati xəta haqqında qərar tərtib olunmuş "xxxx" MMC-nin nümayəndələridirektoru X3 və icraçı direktoru X4 iştirakları ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Prokurorluğu Şuşa Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “MT Constructıon" MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şuşa Rayon Prokuroru, Kiçik ədliyyə müşaviri, X21 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli qərar və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN: **********) sahə rəisi X11 tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər X19, X22, X15, X16, X5, X9 və X20 2023-cü ilin noyabr ayından 2023-cü ilin dekabr ayınadək olan müddət ərzində Şuşa şəhərinin “Dəmir Yumruq” küçəsində yerləşən yaşayış binaları layihəsi üzrə tikintidə rəngsaz-suvaqçı kimi işlərin yerinə yetirilməsinə cəlb edərək Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozub əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar X19, X22, X15, X16, X5, X9, X25 və X6 izahatları və materiala əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Belə ki, İsmayıl Murulov izahatında göstərmişdir ki, 2023-cü ilin noyabr ayından Şəxs MMC-də sahə rəisi işləyən işçisi Səxavət Məmmədov tərəfindən rəngsaz-suvaqçı kimi işə götürülərək Şuşa şəhərinin “Dəmir Yumruq” küçəsində yerləşən yaşayış binaları layihəsi üzrə tikintidə işlərə cəlb edilsə də, onunla əmək müqaviləsi bağlanmamış və əmək haqqı ödənilməmişdir. X22, X15, X16, X5, X9, X25 izahatlarında İsmayıl Murulovun izahatına oxşar məzmunlu izahat verib sonuncunun dediklərini təsdiq edərək, eynilə 2023-cü ilin noyabr ayından Şəxs MMC-də sahə rəisi işləyən işçisi Səxavət Məmmədov tərəfindən rəngsaz- suvaqçı kimi işə götürülərək Şuşa şəhərinin “Dəmir Yumruq” küçəsində yerləşən yaşayış binaları layihəsi üzrə tikintidə işlərə cəlb edildiklərini, lakin əmək müqaviləsi bağlanılmadığını və əmək haqqı ödənilmədiyini qeyd etmişlər. Şəxs MMC-də tikinti üzrə sahə rəisi işləyən X11 izahatında göstərmişdir ki, həmin MMC-də tikinti üzrə sahə rəisi işləyir, şirkətin xeyrinə X19, X22, X15, X16, X5, X9 və X17 Şəxs MMC ilə əmək müqaviləsi bağlanılmadığını bildiyi halda, sonuncuları rəngsaz-suvaq işlərinin görülməsinə cəlb etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin 16 fevral 2024-cü il tarixli məktubundan və məktuba əlavə olunmuş sənədlərdən görünür ki, İsmayıl Murulov, Əhməd Əhmədov, Rəhim Nüfərov, Namazəli Balayev, Məhəmməd Qaflanov, Abdulla Şəhriyev və Bəhri Əhmədov barəsində Şəxs MMC tərəfindən əmək müqaviləsinin bağlanması ilə bağlı mərkəzləşmiş elektron informasiya sisteminə bildiriş daxil olmamışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb 02-C-24 nömrəli materialın araşdırması zamanı əldə olunmuş məlumat olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin icraçı direktoru X12 oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixdən Şəxs MMCdə icraçı direktor olaraq işə başlamışdır. İcraçı direktor kimi şirkətdə işlərə və işçilərə nəzarət, işlərin yerinə yetirilməsi, sahə rəislərinə müvafiq göstərişlərin verilməsi, şirkətin fəaliyyətinə nəzarət edilməsi, işlərin təhvil alınması işləri ilə məşğul olur. Faktla bağlı onu deyə bilər ki, İsmayıl Murulov və digərlərinin əmək haqlarını ala bilməmələri ilə bağlı şikayət eldikləri barədə məlumat almışdır. Şirkətin Şuşa layihəsi üzrə sahə rəisi Səxavət Məmmədova həmin şəxsləri Şuşaya dəvət etmələrini bildirmiş, S.Məmmədov əvvəlcə Şuşa şəhərinə gələcəklərini bildirmiş, daha sonra ona yaxınlaşaraq gəlməyəcəklərini demişdir. Qeyd olunan şəxsləri şəxsi olaraq tanımır. Sadəcə olaraq onu qeyd edə bilər ki, həmin şəxslər sahə rəisi Səxavət Məmmədov tərəfindən işə götürülmüşdür. Səxavət Məmmədov ondan iş həcminə görə pul alırdı və pulun kimə ödənilməsi barədə məlumatı olmamışdır. Qərarda adları qeyd olunan şəxslərin "MT Construction” MMC-də işləməsi barədə məlumatları olmadığı üçün onlarla əmək müqaviləsi bağlanılmamışdır. Məlumatları olsa idi onlarla rəsmi qaydada əmək müqaviləsi imzalayardı. Əməlindən peşiman olduqlarını nəzərə alınmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru X13 eyni məzmunda izahat verərək əməllərindən peşiman olmalarının nəzərə alınmasını xahiş etmişdir. Şuşa Rayon Prokurorluğu məhkəməyə ərizə ünvanlayaraq məhkəmə prosesində üzrlü səbəbdən nümayəndəsinnin iştirak edə bilmədiyini göstərmiş, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və "MT Construction” MMC barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə işə Şuşa Rayon Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Şuşa Rayon Prokuroru, Kiçik ədliyyə müşaviri, X21 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, X19, X22, X15, X16, X5, X9 və X25 əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC tərəfindən 2023-cü ilin noyabr ayından 2023-cü ilin dekabr ayınadək olan müddət ərzində Şuşa şəhərinin “Dəmir Yumruq” küçəsində yerləşən yaşayış binaları layihəsi üzrə tikintidə rəngsazsuvaqçı kimi işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Qeyd olunan hallar iş materiallarına əlavə edilmiş X10, X14, X7, X8, X1, X2, X17 və X6Şuşa Rayon Prokurorluğunda alınmış izahatları ilə təsdiq olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Şuşa Rayon Prokurorluğuna ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan və əlavə olunmuş sənədlərdən görünür ki, İsmayıl Murulov, Əhməd Əhmədov, Rəhim Nüfərov, Namazəli Balayev, Məhəmməd Qaflanov, Abdulla Şəhriyev və Bəhri Əhmədov barəsində Şəxs MMC tərəfindən əmək müqaviləsinin bağlanması ilə bağlı mərkəzləşmiş elektron informasiya sisteminə bildiriş daxil olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMCnin Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirildiyindən həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 18.6, 43.3-1, 54.2 və 103-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 oktyabr 2023-cü il tarixli Qərarında göstərilir ki, “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, prokuror tərəfindən qəbul edilən və özündə inzibati xəta haqqında protokolda əks etdirilməli olan bütün məlumatları ehtiva edən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın təkrarən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə işlərə baxmaq səlahiyyəti olan orqana (vəzifəli şəxsə) göndərilməsi icraatda həddən artıq formallığa səbəb olmaqla, “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərinin pozulması ilə nəticələnə bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi həmin Qərarında qərara almışdır ki, “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və X hissələrinin hüquqi mahiyyətindən irəli gələrək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsində sadalanan inzibati xətalarla yanaşı, digər inzibati xətalar haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş prokuror həmin qərarı hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün bu Məcəllənin 18.5 və 103-cü maddələrinə əsasən məhkəməyə göndərməkdə haqlıdır.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmədə sübutların tədqiqatı zamanı işin təkzib edilməyən halları ilə müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC-ni vəzifəli şəxsləri tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edilərək, fiziki şəxslər X19, X22, X15, X16, X5, X9 və X20 2023-cü ilin noyabr ayından 2023-cü ilin dekabr ayınadək olan müddət ərzində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanılmadan işlərə (xidmətlərə) cəlb edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18.5, 40, 43, 48- 51, 55, 114-117, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar