Məhkəmə qərarları › İş №3(077)-27/2024

Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-27/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-27/2024 11.06.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X7 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X1, tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdadiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şuşa rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(077)-164/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 2747 manat pul tutularaq tələbkar X3 ödənilməlidir. Lakin borclu Şəxs məhkəmə qətnaməsinin icrasından üzrsüz səbəbdən yayınaraq icra məmurunun qanuni tələblərinə tabe olmamış və onun tərəfindən bu günədək hər hansı ödəniş edilməmişdir. Bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X4 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X5 izahatında göstərmişdir ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(077)-164/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 2747 manat pul tutularaq ona ödənilməlidir. Lakin, borclu tərəfindən hazırki vaxtadək ona heç bir ödəniş edilməmişdir. Məhkəmədən, borclu Şəxs borcunu 6 ay ərzində ödəməyə söz verdiyini nəzərə alaraq, onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini qismən etiraf edərək izahatında göstərmişdir ki, maddi imkanı yoxdur. Əgər vaxt verilsə, 6 ay ərzində, yəni xx.xx.2024-cü il tarixinədək borcunu ödəyə bilər. Ona görə də barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X11 icra işi üzrə tərəflər arasında barışıq əldə olunduğunu nəzərə alaraq, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(077)-164/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 2700 manat borc və 47 manat dövlət rüsumu tutularaq tələbkar X3 ödənilməlidir. Şuşa rayon İcra və Probasiya Şöbəsinin “İcraata başlama haqqında” xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(077)-164/2023 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlə birlikdə xx.xx.2023-cü il tarixdə Şəxs təqdim edilmişdir. Borclu Şəxs Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisinə verdiyi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli izahatların məzmunundan müəyyən olunur ki, borclu Şəxs tərəfindən Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(077)-164/2023 saylı icra sənədi üzrə tələbkar X3 heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyikimi, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərəçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da Şəxs məhkəmə qərarı ilə müəyyən edilmiş borcun ödənilməsini təmin etməmiş, ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Həmçinin, məhkəmə borclunun və onun müdafiəçisinin tələbkarın mövqeyini nəzərə almaqla, inzibati icraata xitam verilməli olması ilə bağlı dəlillərinə münasibət bildirərək, qeyd etməyi zəruri hesab edir ki, inzibati icraata xitam verilməsinin əsasları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsində sadalanmışdır və hazırki iş üzrə həmin əsaslardan heç biri mövcud deyildir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icraata xitam verilməsi barədə xahişi təmin oluna bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirildiyindən ona həmin maddənin sanksiyası daxilində ədalətli tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran halların olmadığını, ilk dəfə inzibati xəta törətməsini, inzibati xətanı səmimi etiraf etməsini, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Qərarının 1ci bəndinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 5-ci bəndinə görə isə, bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X8 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 66.3, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Şuşa rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X8 3 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar