Məhkəmə qərarları › İş №3(077)-3/2022

Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-3/2022

07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-3/2022 07.04.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X2,Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan-Şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı,ali təhsilli,evli, "xxxx" MMC-nin sahə nəzarətçisi vəzifəsində işləyən,Bakı şəhəri, Nəsimi rayonu,Bül- Bül prospekti,mənzil 37.38,ev 28-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən Şəxs barəsində tərtib edilmiş 18 fevral 2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir.İnzibati xəta haqqında protokola əsasən, "xxxx" MMC-nin Şuşa rayonunda yerləşən iş sahəsində Texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş sahə nəzarətçisi Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində işçi Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki,Şuşa Rayon Prokurorluğu 28.01.2022-ci il tarixli 03C-21 saylı məktubula X3 Xidmətinə müraciət edərək Zərərçəkmiş şəxs Şuşa rayonu,Daşaltı kəndində hündürlükdən yıxılaraq ümumilikdə sağlamlığına az ağır zərər vurmağa dair xəsarət alması barədə araşdırma aparıldığını və toplanmış materialda cinayət hadisəsi olmadığını,lakin "xxxx" MMC-nin nəzarətçi briqadiri vəzifəsində işləyən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olduğu bildirilmişdir.Bununla da, X3 Xidmətinin əmək müfəttişi X6 tərəfindən 18 fevral 2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir.Hazırda Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki,o,"xxxx" MMC-də bağban işləyir və vəzifəsi yaşıllıqlara qulluq etmək,ərazini təmiz saxlamaq və sair bu kimi işlərdir.Əmək müqaviləsi bağladıqdan sonra “Bakı Konqres Mərkəzin”də işləməyə başlamış,təxminən 1 ay işlədikdən sonra Şuşaya könüllü getməyi barədə iş yerindən təklif gəlmiş və könüllü olaraq ilk işçi qrupu ilə birlikdə 2021-ci ilin may ayında Şuşa şəhərinə getmişdir.Orada vəzifəsi ərazinin təmizlənməsi,dövlət və qeyri-dövlət tədbirlərində təmizlik işlərinin aparılması və sair bu kimi işlər olmuşdur.Sonuncu dəfə 2021-ci ilin oktyabr ayında Şuşa rayonuna ezamiyyətə getmiş və 08.11.2021-ci il tarixinə qədər orada qalmışdır.04.11.2021-ci il tarixdə briqadir kimi tanıdığı Fariz adlı şəxsin tapşırığı ilə Daşaltı kəndinə getmiş və orada müxtəlif təmizlik işləri görmüşlər.Daha sonra Fariz ona və digər iş yoldaşı Ramizə Daşaltı kəndində olan üç mərtəbəli istifadəsiz fərdi yaşayış evinin çardağına qalxaraq orada olan şiferləri sökməyi tapşırmışdır.Fariz tapşırığı verməyə səbəb kimi dövlət tədbirinin keçiriləcəyini bildirmişdir.Tapşırığa əsasən həmin evin taxta atmalarını və şiferlərini sökməyə başlamış,lakin onlardan əvvəl həmin evdə söküntü işləri aparıldığından o üçüncü mərtəbədən açılmış dəlikdən ikinci mərtəbəyə yıxılmış və müxtəlif bədən xəsarətləri almışdır.Yıxıldıqdan sonra briqadir kimi tanıdığı Kənan adlı şəxs onu əvvəl Şuşa şəhərindəki xəstəxanaya aparmış və ona orada ilkin tibbi yardım göstərilmişdir.Bir neçə gün sonra isə Kənan və Fariz adlı şəxslər onu Bakı şəhərinə gətirərək evinin yaxınlığındakı dayancaqda düşürmüşlər və bir daha onunla maraqlanmamışlar.Yalnız ağrılarının çox olduğunu bildirdikdən sonra ona 200,100 və 150 manat olmaqla maddi yardım etmişlər.Yıxıldıqdan sonra ağrıları artıdığından Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna getmiş və müayinə olunduqdan sonra həkimə necə yıxılması barədə danışmış,həkim isə bu barədə Polis Bölməsinə məlumat verməli olduğunu bildirmişdir.Polis Bölməsinin işçiləri onun izahatını almamışdan qabaq Kənan ona zəng edərək evinin hamamda yıxıldığını bildirməsini xahiş etmiş,ona görə də,polis işçilərinə bu məzmunda izahat vermişdir.Kənanın dediyini eləməkdə məqsədi ona müalicəsi üçün maddi yardım edəcəyini düşünməsi olmuş,lakin ona heç bir köməklik göstərilmədiyindən 15.12.2021-ci il tarixdə Şuşa Rayon Prokurorluğuna müraciət etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki,o,2014-cü ildən hal-hazıra kimi "xxxx" MMC-də sahə nəzarətçisi vəzifəsində işləyir.01.11.2021-ci il tarixdən Şuşa rayonuna ezam olunmuş və əsas işi menecerin gündəlik görüləcək işlər barədə tapşırıqlarını qəbul edərək işçilər arasında iş bölgüsü aparmaq,görüləcək işləri təşkil etmək,işçiləri lazımi avadanlıqlarla təmin etmək,görülmüş işlərin icra vəziyyətini yoxlamaq və sair bu kimi işlərdir.Onun nəzarətçi kimi nəzarət etməli olduğu əməkdaşların sayı təxminən 15 nəfərdir.04.11.2021-ci il tarixdə menecer Orxan Nəbilidən 08.11.2021-ci il tarixdə Şuşa rayonu,Daşaltı kəndində keçiriləcək dövlət əhəmiyyətli tədbirlə əlaqədar ərazinin təmizlənməsi,söküntü materiallarının ərazidən uzaqlaşdırılması,yarım sökülü və binaların səliqəyə salınması və sair bu kimi görüləcək işlər barədə müvafiq göstəriş almışdır.Tapşırıq aldıqdan sonra təxminən saat 11-12 radələrində Daşaltı kəndinə gedərək orada işlərlə əlaqədar işçilərə şifahi təlimat keçmiş və işçi sayı çox olduğundan Fariz Məmmədovu özünə qeyri-rəsmi köməkçi seçmişdir.X7 da digər işçilərlə eyni vəzifədə olmuşdur.Bir müddət kilsəyə gedən yol boyu təmizləmə tapşırığını icra edən işçilərə nəzarət etdikdən sonra digər işçilərin yanına getmiş və təcrübəsi daha çox olduğundan Farizdən işçilərə nəzarət etməsini xahiş etmişdir.Təxminən yarım saat sonra Fariz Məmmədov ona zəng edərək işçilərdən Zərərçəkmiş şəxs kənddə olan fərdi yaşayış evinin çardaq hissəsində təmizlik işləri apararkən evin içinə doğru yıxılaraq xəsarət aldığını bildirmişdir.Dərhal hadisə yerinə getmiş və işçilərin Zərərçəkmiş şəxs fərdi yaşayış evindən çıxararaq yolun kənarında oturtduğunu görmüşdür.Zərərçəkmiş şəxs nə baş verməsi barədə soruşduqda Elnur sol qolunu tutaraq çardağın döşəməsində qəflətən yaranmış dəlikdən yerə yıxıldığını və əzildiyini bildirmişdir.O,Elnuru dərhal Şuşa şəhərində yerləşən xəstəxanaya aparmış və ilkin müayinədən sonra sol qolunun,bədənin sol nahiyyələrinin əzildiyi və ciddi problem olmadığı məlum olmuşdur.Bundan sonra Zərərçəkmiş şəxs işə geri qayıtmaq istəsə də,onu dincəlməsi üçün müvəqqəti yaşadığı evə aparmışdır.Daha sonra Fariz ilə birlikdə digər işçilərin yanına qayıdarkən Farizdən hadisənin necə baş verdiyini dəqiqləşdirmiş,Fariz isə ona bildirmişdir ki,Zərərçəkmiş şəxs həmin fərdi yaşayış sahəsinə çıxmağa icazə verməmiş,Elnur ora icazəsiz çıxmışdır.Çıxmağına səbəb kimi fərdi yaşayış evinin çardağında olan taxtaların pis göründüyünü söyləmişdir.Hadisədən bir neçə gün sonra Zərərçəkmiş şəxs ətraflı müayinə olunması üçün Bakı şəhərinə gətirmiş,lakin Bakı şəhərinə gecə çatdıqları üçün Elnuru xəstəxanaya deyil,evinə aparmışdır.Sonradan Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq xəsarətlərinin ağır olduğunu və ona maddi yardım göstərilməsini xahiş etmişdir.Zərərçəkmiş şəxs bu xahişlərini nəzərə alaraq dəfələrlə ona maddi yardım göstərmiş,lakin Zərərçəkmiş şəxs bununla kifayətlənməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şuşa Rayon Prokurorunun köməkçisi,İ dərəcəli hüquqşünas X1 03C-21 nörmrəli yoxlama material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14.01.2022ci il tarixli qərarından görünür ki,03C-21 nörmrəli yoxlama material üzrə Azərbaycan Respublikası Cinayət Məcəllənin 131,132 və 222-ci maddələrinin tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi,"xxxx" MMC-nin nəzarətçisi,briqadiri Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün toplanmış materialın rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. - X3 Xidmətinin əmək müfəttişi X6 tərəfindən tərtib edilmiş 18.02.2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki,"xxxx" MMC-nin Şuşa rayonunda yerləşən iş sahəsində Texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş sahə nəzarətçisi Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində işçi Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər aldığından Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Bu fakt Şuşa Rayon Prokurorluğunun 28.01.2022-ci il tarixli 03C-21 nörməli məktubu ilə təsdqini tapmışdır.Şəxs izahatında bildirmişdir ki,zərərçəkmiş Zərərçəkmiş şəxs özbaşına evin üst tərəfinə çıxmış və oradan yıxılmışdır. - "xxxx" MMC-nin 01.04.2021-ci il tarixli 103 nömrəli əmrindən görünür ki,01.04.2021ci il tarixdən "xxxx" MMC tərəfindən Şuşa şəhərində aparılan abadlıq işlərində görüləcək işlərlə əlaqədar siravi əməkdaşlar arasında iş bölgüsünün aparılması,işlərin icra vəziyyətinin yoxlanması,nəzarət edilməsi,əməyin mühafizəsi,təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi qaydalarına riayət edilməsi,briqada üzvlərinin (nəzarət etdiyi işçilərə) əmək və istehsalat intizamına,texniki-təhlükəsizlik təlimatlarına riayət etmələrini təmin edilməsinə,işçilərə təhlükəsizlik iş üsulunun öyrədilməsinə,təlimatların vaxtında keçirilməsinə,biliklərin yoxlanmasını təşkil edilməsinə və onlara iş öncəsi təlimatlanmamış işə buraxmamasına,fəhlələrin texniki təhlükəsizlik qaydalarına riayət etmələrinə,özünəzarəti təşkil etməyə,yüksək təhlükəli işlərin tapşırıq,icazəyə uyğun yerinə yetirilməsini təmin edilməsinə,briqadirin səlahiyyətinə daxil olmayan işləri görməmək,xüsusi hallar istisna olmaqla (insanların xilas edilməsi və qəzaların aradan qaldırılması),işin təhlükəsizlik tələblərinə,qaydalarına,normalarına,standartlarına və təlimatlara riayət edilməklə yerinə yetirilməsini təşkil edilməsinə məsul şəxs kimi Şəxs təyin edilmişdir. - "xxxx" MMC-nin 02.08.2021-ci il tarixli 288B nömrəli əmrindən görünür ki,Şəxs "xxxx" MMC-nin Şuşa rayonu ərazisində göstərdiyi fəaliyyətlə əlaqədar əməyin mühafizəsi və texniki təhlükəsizlik texnikası üzrə cavabdeh şəxs təyin olunmuşdur. - "xxxx" MMC-nin təhqiqat aktından görünür ki,Komissiya "xxxx" MMC-nin bağbanı Zərərçəkmiş şəxs ehtiyatsızlığını,sahə nəzarətçisi Şəxs nəzarətsizliyini müəyyən etmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki,"xxxx" MMC-nin 14.01.2022-ci il tarixli 5/22 nömrəli məktubunda göstərilmişdir ki,07.11.2021-ci il tarixdə Şuşa şəhərində,eləcə də rayonun Daşaltı kəndində “Daşaltı məscidi”nin təməlinin qoyulması ilə əlaqədar keçiriləcək yüksək səviyyəli dövlət tədbirinə hazırlıq məqsədilə menecer – Orxan Nəbili tərəfindən sahə nəzarətçisi-briqadir Şəxs tədbir iştirakçılarının keçəcəyi yol boyu,tədbirin keçiriləcəyi ərazidə və yaxın ətraf ərazilərdə təmizlik –abadlıq (ərazinin süpürülməsi,tullantıların ərazidən daşınması və sair təmizlik abadlıq işləri) işlərinin görülməsi tapşırılmış və sonuncuya əməkdaşlar arasında iş bölgüsü həyata keçirməklə müvafiq nəzarət edilməsi həvalə edilmişdir.Sahə nəzarətçisi-briqadir Şəxs də öz növbəsində işçilər arasında iş bölgüsünü həyata keçirərək 04.11.2021-ci il tarixdə saat 12:00 radələrində bağban Zərərçəkmiş şəxs “Daşaltı məscidi”nin təməlinin qoyulası ərazidən təxminən 100-200 metr aralıqda ərazinin süpürülməsi tapşırılmışdır.Daha sonra nəzarətçi-briqadir Şəxs digər işlərlə əlaqədar qeyd olunan ərazidən uzaqlaşmış və bu zaman Zərərçəkmiş şəxs özünü məsuliyyətli işçi kimi göstərmək məqsədilə fərdi yaşayış evinin çardağına qalxaraq orada hansısa təmizlik işlərini görmüş və nəticədə öz ehtiyatsızlığı nəticəsində hündürlükdən yıxılaraq xəsarət almışdır.Lakin nə nəzarətçisibriqadir Şəxs,nə də, "xxxx" MMC-yə aidiyyəti olan şəxslərdən kimsə Zərərçəkmiş şəxs hadisə baş verən evin çardağına qalxmasını və orada hansısa işləri görməsini tapşırmamışdır.Yəni Zərərçəkmiş şəxs hadisədən bilavasitə əvvəl söküntü işlərini deyil,ərazinin süpürülməsi işlərini görməli olduğu müəyyən edilmişdir.Lakin nəzarətçibriqadir Şəxs "xxxx" MMC-nin direktorunun birinci müavinin 02.08.2021-ci il tarixli 288B nömrəli əmrinə əsasən Şirkətin Şuşa rayonu ərazisində göstərdiyi fəaliyyətlə əlaqədar əməyin mühafizəsi və texniki təhlükəsizlik texnikası üzrə cavabdeh şəxs olduğu halda,01.04.2021-ci il tarixli 103 nömrəli əmrin və 05.08.2021-ci il tarixdə təsdiq edilmiş “Qrup rəhbərinin (foreman) Əməyin Təhlükəsizliyi və Texniki Təhlükəsizliyinə dair vəzifə Təlimatı”nın tələblərini kobud surətdə pozaraq görüləcək işlərlə əlaqədar siravi əməkdaşlar arasında müvafiq iş bölgüsü aparsa da,qeyri-rəsmi olaraq köməkçi təyin etdiyi və əmək funksiyasına daxil olmayan bağban Fariz Məmmədova öz vəzifələrinin icrasını həvalə etməklə işlərin icra vəziyyətinin yoxlanılması,nəzarət edilməsi,fəhlələrin əməyinin mühafizəsi,təhlükəsizlik texnikası qaydalarına,briqada üzvlərinin (nəzarət etdiyi işçilərə) əmək və istehsalat intizamına riayət etmələrini,həmçinin iş öncəsi işçilərin təlimatlandıraraq işə buraxmaqla briqadanın səlahiyyətinə daxil olmayan işlərin görülməməsini və işin təhlükəsizlik tələblərinə,qaydalarına,normalarına,standartlarına və təlimatlara riayət edilməklə yerinə yetirilməsini təmin etməmişdir.Bununla da, "xxxx" MMCnin nəzarətçi-briqadiri Şəxs texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət etməsi vəzifəsi həvalə edilmiş şəxs kimi həmin qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz Şəxs tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə, işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2ci maddəsində nəzərdə tutulmuş əməllər (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması) zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1800 (bir min səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar