Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-30/2024 31.07.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X19 Bəşərəddin oğlunun sədrliyi, Qəribov Namiq Bəkir oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən orqan AR ƏƏSMN yanında DƏMX-nin Qarabağ regional şöbəsinin nümayəndəsi X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "X26" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, "X26" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Qarabağ regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: "X26" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Qarabağ regional şöbəsinin əmək müfəttişi tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, AR ƏƏSMN yanında DƏMX-nin Qarabağ regional şöbəsinin rəisinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərardadına əsasən protokol baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, 2024-cü ilin may ayı ərzində “Qarabağ və X20 rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, "X26" MMC tərəfindən X12, X13, X14, X15, X10, X16, X8 və X22 barədə işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış, lakin ƏMAS-da qüvvədə olan əmək müqaviləsi yoxdur. Nəticədə "X26" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən orqan AR ƏƏSMN yanında DƏMX-nin Qarabağ regional şöbəsinin nümayəndəsi X23 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Qarabağ və X20 rayonlarına giriş” informasiya sistemi üzərindən təqdim olunan məlumatlar əsasında müəyyən edilmişdir ki, "X26" MMC işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığı 8 nəfər şəxslərin adına Nazirliyin əmək və məşğulluğun alt sistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Nəticədə hüquqi şəxs "X26" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsi ilə 01 iyul 2024-ci il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xətanın Şuşa şəhəri Aslan Qarasarov küçəsində törədildiyini və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbehin yalnız hakim tərəfindən tətbiq edildiyini nəzərə alaraq protokol və materiallar aidiyyəti üzrə baxılmaq üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, "X26" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "X26" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə izahatında göstərmişdir ki, təmsil etdiyi "X26" MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Qarabağ regional şöbəsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tamamilə əsassızdır. Belə ki, protokol tərtib edən orqanın əməkdaşı tərəfindən tərəflərin iştirakı təmin edilmədən, müvafiq araşdırma aparılmadan, şahidlər dindirilmədən informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlara istinad etməklə öz mülahizələri əsasında protokol tərtib edilmişdir. Belə ki, protokolda qeyd olunan şəxslərdən 5 nəfərinin əmək müqaviləsinə xitam verilmişdir və onların "X26" MMC-yə heç bir aidiyyətləri yoxdur. Digər 3 nəfər isə Şuşa rayonuna gəldikləri gündən onlarla əmək müqaviləsi bağlanmış və əmək müqqaviləsinin bağlanması barədə bidirişlər müvafiq qurumda qeydiyyatdan keçmişdir. Həmin şəxslər hal-hazırda da Cəmiyyətin işçiləridir və əmək fəaliyyəti ilə məşğuldurlar. Göstərilənləri nəzərə alaraq protokol əsassız olduğundan onun təmin edilməməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərmişdir ki, xx.xx.2023cü il tarixində Şuşa şəhərinə getmişdir. 3 gün ərzində şəhərlə, iş şəraiti, məişət şəraiti ilə tanış olmuş, mədəni tədbirlərdə iştirak etmişdir. xx.xx.2023-cü il tarixində isə onunla "X26" MMC arasında əmək müqaviləsi bağlanmış və təsərrüfat şöbəsinin meneceri vəzifəsinə işə qəbul olunmuşdur. Həmin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bundan sonra bir daha Şuşa şəhərinə getməmişdir. Müqavilə olmadan heç bir işə cəlb edilməmişdir. İş materiallarında olan “Qarabağ və X20 rayonlarına giriş” informasiya sistemindən çıxarışın surətindən görünür ki, "X26" MMC-nin müraciəti əsasında X12, X13, X14, X15, X10, X16, X8 və X17 Xankəndi, Xocavənd Ağdərə və Xocalı ərazisinə giriş üçün icazə verilmişdir. Çıxarışda icazənin verildiyi tarix, icazənin səbəbi barədə məlumat göstərilməmişdir. İş materiallarında olan AR ƏƏSMN yanında DƏMX Qarabağ regional şöbəsi tərəfindən "X26" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-5/2-37348/2024 saylı məktubun surətindən görünür ki, “Qarabağ və X20 rayonlarına giriş” informasiya sistemi üzərindən təqdim olunan məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığı 9 nəfər şəxslərin adına Nazirliyin “Əmək və məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsinin aşkar edilmədiyi "X26" MMC-yə bildirilmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət nəzərinə çatdırılmışdır. İnzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etməsi məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 10:00-da Qarabağ regional DOST Mərkəzinə (Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi 6, tel: 020-20-5-74-44, daxili 91808 və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuşdur. Həmin tarixədək qeyd edilən hüquq pozuntusunun aradan qaldırılaraq müvafiq sənədlərin müzakirə zamanı təqdim edilməsi tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Qarabağ regional şöbəsinin əmək müfəttişi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Qarabağ və X20 rayonlarına giriş” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığı X12, X13, X14, X15, X10, X16, X8 və X22 barədə işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınsa da, lakin ƏMAS-da qüvvədə olan əmək müqaviləsi olmadığına görə, "X26" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barəsində protokol tərtib edilmişdir. Protokolun tərəfə göndərilməsi qeyd olunsa da, göndərilmə tarixi göstərilməmiş, çatdırılması barədə sənəd əlavə olunmamışdır. İş materiallarında olan AR ƏƏSMN yanında DƏMX-nin Qarabağ regional şöbəsinin rəisinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərardadın surətindən görünür ki, xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinin bağlanması və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinin surətindən görünür ki, X12 xx.xx.2023-cü il tarixli əmək müqaviləsi əsasında "X26" MMC-də qida və içki üzrə qrup rəhbəri vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinin bağlanması və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinin surətindən görünür ki, X13 xx.xx.2023-cü il tarixli əmək müqaviləsi əsasında "X26" MMC-də mühafizəçi vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinin bağlanması və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinin surətindən görünür ki, X14 xx.xx.2023-cü il tarixli əmək müqaviləsi əsasında "X26" MMC-də mühafizəçi vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinin bağlanması və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinin surətindən görünür ki, X15 xx.xx.2023-cü il tarixli əmək müqaviləsi əsasında "X26" MMC-də mühafizəçi vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinin bağlanması və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinin surətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixli əmək müqaviləsi əsasında "X26" MMC-də təsərrüfat şöbəsinin meneceri vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X22 xx.xx.2024-cü il tarixli əmək müqaviləsi əsasında "X26" MMC-də xidmətçi vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X8 xx.xx.2024-cü il tarixli əmək müqaviləsi əsasında "X26" MMC-də texniki xidmətçi vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X16 xx.xx.2024-cü il tarixli əmək müqaviləsi əsasında "X26" MMC-də qida və içki üzrə qrup rəhbəri vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan X22 tərəfindən yazılıb imzalanmış xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o, "X26" MMC ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək əmək müqaviləsi bağlayaraq xidmətçi vəzifəsində işləyir. Əmək müqaviləsi bağlamadan heç bir işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. İş materiallarında olan X8 tərəfindən yazılıb imzalanmış xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o, "X26" MMC ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək əmək müqaviləsi bağlayaraq texniki xidmətçi vəzifəsində işləyir. Əmək müqaviləsi bağlamadan heç bir işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. İş materiallarında olan X16 tərəfindən yazılıb imzalanmış xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o, "X26" MMC ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək əmək müqaviləsi bağlayaraq qida və içki üzrə qrup rəhbəri vəzifəsində işləyir. Əmək müqaviləsi bağlamadan heç bir işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Məhkəmə tərəfindən “Qarabağ və X21 rayonlarına giriş” informasiya sistemi üzərindən təqdim olunmuş məlumatlar əsasında "X26" MMC tərəfindən 8 nəfərin iş icazəsi ilə hansı vaxtlarda portaldan keçmələrini təsdiq edən sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə 24 iyul 2024-cü il tarixdə sorğu göndərilmiş, lakin, sorğuya cavab verilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib edən orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndələrinin, şahidlərin izahatlarını dinləyib, xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından "X26" MMC barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan aydın olur ki, şəxs o zaman inzibati məsuliyyətə cəlb edilir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxs hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş olsun. Lakin məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla "X26" MMC tərəfindən X7, X3, X4, X5, X2, X6, X1 və X11 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan və ya əmək müqaviləəsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müvafiq qurumda qeydiyyatdan keçmiş əmək müqavilələri əsasında X12 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək, X13 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək, X14 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək, X15 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək, X10 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək "X26" MMC-də müxtəlif vəzifələrdə işləmişlər və onlarla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. X22 xx.xx.2024-cü il tarixli, X8 xx.xx.2024-cü il tarixli və X16 xx.xx.2024-cü il tarixli əmək müqavilələri əsasında "X26" MMC-də işə qəbul olunmuşlar və hal-hazırda da orada işləyirlər. Protokol tərtib etmiş orqan "X26" MMC tərəfindən qeyd olunan şəxslər barəsində işğaldan azad edilmiş əraziyə girişinə icazə üçün müraciət edilməsini onların Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan və (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi kimi qiymətləndirmiş, inzibati araşdırma aparmadan "X26" MMC-ni inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib etmişdir. Qeyd olunmalıdır ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, inzibati protokol tərtib edildiyi zaman "X26" MMC tərəfindən protokolda qeyd edilən inzibati xətanı törədilibtörədilməməsi araşdırılmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Qarabağ Regional şöbəsinin əmək müfəttişi yalnız öz subyektiv mülahizələrinə əsasən "X26" MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Bununla da İnzibati Xətalar Məcəlləsinin qeyd edilən müddəasına əsasən hüquqi şəxsin inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün göstərilən vəzifəli şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilməsi müəyyən edilsə də, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin hüquqi şəxsin inzibati xətanın törədilməsində təqsiri sübut olunmalıdır. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Qarabağ Regional şöbəsi tərəfindən "X26" MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, inzibati xətanın olmasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslandığı sübutlar Xidmətin Qarabağ Regional şöbəsi tərəfindən aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından "X26" MMC barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: "X26" MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Qarabağ Regional şöbəsindən daxil olmuş material üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(077)-30/2024
Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-30/2024
31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver