Məhkəmə qərarları › İş №3(077)-31/2024

Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-31/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-31/2024 25.07.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X9 Bəşərəddin oğlunun sədrliyi, Qəribov Namiq Bəkir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin rəhbəri Bahri Yıldırımın və nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol, AR ƏƏSMN yanında DƏMX-nin rəis müavininin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərardadına əsasən baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, 2024-cü ilin may ayı ərzində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, Şəxs MMC-nin işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığı X3 və X7 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. NəticədəŞəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, təmsil etdiyi Şəxs MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tamamilə əsassızdır. Belə ki, protokol tərtib edən orqanın əməkdaşı tərəfindən tərəflərin iştirakı təmin edilmədən, müvafiq araşdırma aparılmadan, şahidlər dindirilmədən informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlara istinad etməklə öz mülahizələri əsasında protokol tərtib edilmişdir. Şəxs MMC Xankəndi şəhərində əvvəldən mövcud olan camaşırxananı təmir etdirərək, yenidən işlətmək qərarına gəlmişdir. Bu məqsədlə də protokolda adları qeyd olunan şəxslər üçün portalda icazə alınaraq, işlə tanışlıq üçün Xankəndi şəhərinə dəvət edilmişlər. Lakin, həmin şəxslər iş şəraiti ilə razılaşmadıqlarından onlarla əmək müqaviləsi bağlanmamış və onlar gəldikləri gün də geri qayıtmışlar. Göstərilənləri nəzərə alaraq protokol əsassız olduğundan onun təmin edilməməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin rəhbəri Bahri Yıldırım izahatında göstərmişdir ki, Türkiyədən olan iş adamı olaraq uzun müddətdir ki, Azərbaycanda biznes fəaliyyəti ilə məşğuldur. Şəxs MMC-nin direktoru və qanuni təmsilçisidir. Azərbaycanın Xankəndi şəhəri işğaldan azad olunduqdan sonra çəhərin dirçəldilərək inkişaf etdirilməsində özünün də töhfəsinin olmasını, bu məqsədlə də, həmin şəhərdə əvvəllər mövcud olan camaşırxananı təmir etdirərək işə salmaq istəmişdir. Protokolda adı çəkilən X7 da iş adamıdır. Onu işləməyə dəvət etsə də, mənzil şəraiti təmin etmədiyindən razılaşmamışlar və geri qayıtmışdır. Eyni ilə, digər şəxs X3 də camaşırxananın avadanlıqlarının çox köhnə olduğunu, onun işə salınmasının qeyri-mümkün olmasını bildirmiş və gəldiyi gün də Bakıya geri qayıtmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsinə məlumat verilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, özü iş adamıdır. Şəxs MMC-nin direktoru Bahri Yıldırım onu camaşırxana işlətmək üçün Xankəndi şəhərinə dəvət etmişdir. Ailəlidir və uşaqları var. Lakin, Xankəndi şəhərində lazımi mənzil və digər şəraitin olmaması səbəbindən iş təklifini qəbul etməmiş və Bakıya geri qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, camaşırxanada olan avadanlıqların sazlanması üzrə ustadır. Şəxs MMC-nin direktoru Bahri Yıldırım onu camaşırxanada olan avadanlıqları təmir edib, işə salmaq üçün Xankəndi şəhərinə dəvət etmişdir. Ora gəlib avadanlıqları yoxladıqdan sonra məlum olmuşdur ki, həmin avadanlıqlar çox köhnədir, ən azından 1980-ci ildən qalmadır və onların təmir olunub işlədilməsi rentabelli deyildir. Bu səbəbdən də bunları Bahri Yıldırıma bildirmiş və gəldiyi gün Bakıya geri qayıtmışdır. İş materiallarında olan “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemindən çıxarışın surətindən görünür ki, Şəxs MMC-nin müraciəti əsasında X2 və X5 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək Xankəndi, Xocavənd Ağdərə və Xocalı ərazisinə giriş üçün icazə verilmişdir. Çıxarışın “icazənin səbəbi (işçi, sakin və ya)” qrafasında heç bir qeyd aparılmamışdır. İş materiallarında olan AR ƏƏSMN yanında DƏMX tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-5/2-40631/2024 saylı məktubun surətindən görünür ki, 2024-cü ilin may ayı ərzində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, Şəxs MMC-yə işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığı şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilmədiyi, bununla bağlı xx.xx.2024 tarixli 3-17-5/2-30681/2024 nömrəli məktub göndərildiyi, lakin iş icazəsi alınan işçilərlə əmək müqaviləsinin bağlanılması və müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsinin təmin edilmədiyi göstərilmiş, iş üzrə icraatın başlanması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə saat 11:00-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova 107) və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin əməkdaşı X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığı X3 və X7 xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixinədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə nəticədə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barəsində protokol tərtib edilmişdir. Protokolun tərəfə göndərilməsi qeyd olunsa da, çatdırılması barədə sənəd əlavə olunmamışdır. İş materiallarında olan AR ƏƏSMN yanında DƏMX-nin rəis müavininin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərardadın surətindən görünür ki, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin rəhbərinin və onun nümayəndəsinin, şahidlərin izahatlarını dinləyib, xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan aydın olur ki, şəxs o zaman inzibati məsuliyyətə cəlb edilir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxs hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş olsun. Lakin məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla Şəxs MMC tərəfindən X1 və X4 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən işğaldan azad edilmiş Xankəndi şəhərində camaşırxana fəaliyyəti ilə məğul olmaq məqsədi ilə X7 və X3 oraya dəvət olunuş, lakin iş və məişət şəraiti onları qane etmədiyindən, iş təklifindən imtina edərək, geri qayıtmışlar. Protokol tərtib etmiş orqan Şəxs MMC tərəfindən qeyd olunan şəxslər barəsində işğaldan azad edilmiş əraziyə girişi üçün icazə verilməsini onların Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi kimi qiymətləndirmiş, inzibati araşdırma aparmadan Şəxs MMC-ni inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib etmişdir. Qeyd olunmalıdır ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, inzibati protokol tərtib edildiyi zaman Şəxs MMC tərəfindən protokolda qeyd edilən inzibati xətanı törədibtörətməməsi araşdırılmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs MMCnin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Bununla da İnzibati Xətalar Məcəlləsinin qeyd edilən müddəasına əsasən hüquqi şəxsin inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün göstərilən vəzifəli şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilməsi müəyyən edilsə də, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin hüquqi şəxsin inzibati xətanın törədilməsində təqsiri sübut olunmalıdır. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, inzibati xətanın olmasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslandığı sübutlar Xidmət tərəfindən aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətindən daxil olmuş material üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar