Məhkəmə qərarları › İş №3(077)-32/2024

Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-32/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-32/2024 05.08.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X14 Bəşərəddin oğlunun sədrliyi, Qəribov Namiq Bəkir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Qarabagh Logictics and Operations" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, “Qarabagh Logictics and Operations" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: “Qarabagh Logictics and Operations" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, AR ƏƏSMN yanında DƏMX-nin rəis müavininin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərardadına əsasən baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, 2024-cü ilin may ayı ərzində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, “Qarabagh Logictics and Operations" MMC-nin işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığı X10 xx.xx.2024-cü il tarixdən, X8 və X11 xx.xx.2024-cü il tarixdən hazırki dövrədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Nəticədə “Qarabagh Logictics and Operations" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. “Qarabagh Logictics and Operations" MMC Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoluna etiraz edərək xx.xx.2024-cü il tarixli ərizəsində göstərmişdir ki, müəssisənin barəsində məhkəməyə təqim olunan bu protokol qanunsuz və əsassızdır. Belə ki, müəssisənin Qarabağ regionuna daxil olan şəxslər üçün elektron icazə sisteminə birbaşa giriş səlahiyyəti yoxdur. Bu səbəblə də Qarabağ ərazisində iştirakçısı olduqları layihələrə cəlb ediləsi şəxslərin siyahısı Şuşa Şəhər Dövlət Qoruq İdarəsinə göndərilir (Qoruq) və icazələrin əldə olunması üçün müraciət Qoruq tərəfindən həyata keçirilir. 2024-cü ilin iyul ayında baş tutması planlaşdırılan layihədə işləməsi üçün nəzərdə tutulan bir sıra şəxslərin məlumatları müəssisə tərəfindən may, iyun da daxil olmaqla müxtəlif aylarda Qoruğa təqdim edilmişdir. Protokolda adları göstərilən üç şəxs də adları Qarabağa giriş üçün icazə alınması məqsədilə Qoruğa göndərilmiş şəxslərdəndir. Bir qayda olaraq, Qarabağda işləyən əməkdaşları Bridge House yataqxanasında qonaqlayırlar. Həmin yataqxananın arayışından və məhkəməyə ünvanlanmış notarial ərizədən də göründüyü kimi, X10 xx.xx.2024-cü il tarixdə Qarabağ ərazisinə daxil olmuş, həmin gün yataqxanaya qeydiyyatı aparılmışdır. Lakin anasının xəstələnməsi ilə əlaqədar olaraq Qarabağ ərazisini bir gün sonra, xx.xx.2024-cü il tarixdə, saat 11:20-də tərk etmişdir. Eyni zamanda əldə olunmuş məlumata görə, Famil bir müddətdir ki, ADC adlı müəssisə ilə razılığa gəlmiş və yaxın zamanda həmin müəssisədə işləməyə başlayacaq, Familin yaşadığı kənd üzrə icra nümayəndəliyindən ADC adlı müəssisəyə təqdim etmək üçün əldə etdiyi arayış məhkəməyə təqdim edilir. Digər 2 nəfər- X8 və X1 ərazisinə xx.xx.2024-cü il tarixdə daxil olmuşlar, həmin gün yataqxanaya qeydiyyatları aparılmışdır, yataqxanada qalmağa davam edirlər, eyni gündə işlə əyani tanış olaraq əmək müqaviləsi bağlanması iradəsini bəyan etmişlər, 12 iyulda onlarla əmək müqaviləsi bağlanmışdır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektron sistemindən müvafiq təsdiqedici əmək bildirişləri qoşmadadır. Açıq-aşkardır ki, müəssisə tərəfindən heç bir şəxs əmək müqaviləsi olmadan işlərə cəlb olunmamışdır, ona görə də, DƏMX tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilən protokol qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən, məhkəmədən təqdim olunan protokolun əsassız və qanunsuz olduğu üçün ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. “Qarabagh Logictics and Operations" MMC xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilən pozuntulardan əlavə olaraq, ƏƏSMN tərəfindən tərtib olunan protokol prosessual qaydalara əməl edilmədən tərtib edilmişdir. Belə ki, ƏƏSMN DƏMX tərəfindən prosessual pozuntuya yol verilərək inzibati xəta haqqında elektron protokol tərtib edilməmişdir. İnzibati xətalar məcəlləsinin 16-1-ci fəsli “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə baxılmanın xüsusiyyətləri” adlanır. Həmin fəslə əsasən, “Maddə 127-3. Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477- 1.1.2-ci, 477-1.1.4-cü, 540.1 -ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Maddə 127¬4.1. Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1 -ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. 127-4.6. Barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş müddətdə cəriməni ödəmədikdə həmin protokol baxılması üçün bir gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən məhkəməyə göndərilir. Göründüyü kimi bu halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti informasiya sistemi vasitəsilə müvafiq məlumatları əldə edib protokol tərtib etsə də, qanunun imperativ tələblərinə riayət etməmiş, elektron qaydada aparılmalı olan icraatı kağız daşıyıcıda tamamilə fərqli prosessual qaydalarla aparmış, kobud pozuntuya yol vermişdir. Bu səbəblə də əvvəlki ərizəyə əlavə olaraq ünvanladığı bu ərizəzdə qeyd edilən əsasları da nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Qarabagh Logictics and Operations" MMC-nin nümayəndəsi və vəkili Vəkil etiraz ərizələrində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq izahatında göstərmişdir ki, icazə alınmış şəxslərin sistemdən çıxarılması və digər məsələlər Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin səlahiyyətinə aid olduğundan, protokolda adları qeyd olunmuş şəxslər müəssisədə işləməkdən imtina etdikdən sonra onların adları sistemdə qalmışdır. Göstərilənləri nəzərə alaraq, protokol əsassız olduğundan və prosessual pozuntuya yol verilərək inzibati xəta haqqında elektron protokol tərtib edildiyindən inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsinə məlumat verilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri haqqında çıxarışın surətindən görünür ki, “Qarabagh Logictics and Operations" MMC-nin hüquqi ünvanı ünvan 1 olan “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemindən çıxarışın surətindən görünür ki, “Qarabagh Logictics and Operations" MMC-nin müraciəti əsasında X5 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək, X2 və X6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək Şuşa şəhərinə giriş üçün icazə verilmişdir. İş materiallarında olan AR ƏƏSMN yanında DƏMX tərəfindən “Qarabagh Logictics and Operations" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-5/2-40361/2024 saylı məktubun surətindən görünür ki, 2024-cü ilin may ayı ərzində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında, işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığı şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsinin aşkar edilmədiyi, bununla bağlı xx.xx.2024-cü il tarixli 3-17-5/2-30868/2024 nömrəli məktub göndərildiyi, lakin iş icazəsi alınan işçilərlə əmək müqaviləsinin bağlanılması və müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsinin təmin edilmədiyi göstərilmiş, iş üzrə icraatın başlanması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə saat 10:00-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova 107) və ya video konfrans vasitəsi ilə dəvət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin əməkdaşı X13 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığı X10, X8 və X11 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə nəticədə “Qarabagh Logictics and Operations" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barəsində protokol tərtib edilmişdir. Protokolun tərəfə göndərilməsi qeyd olunsa da, çatdırılması barədə sənəd əlavə olunmamışdır. İş materiallarında olan AR ƏƏSMN yanında DƏMX-nin rəis müavininin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərardadın surətindən görünür ki, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan X11 tərəfindən yazılmış və notarial qaydada təsdiqlənmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, "xxxx" MMC-nin Qarabağda yerləşən müəssisəsində işlə tanış olmaq üçün MMC tərəfindən Qarabağ icazələr portalında onun üçün iş icazəsi alınmışdır. İş ona uyğun olmadığından təklifi qəbul etməmişdir. Adı çəkilən MMC-nin xeyrinə hər hansı əmək fəaliyyəti ilə məşğul olmamışdır. xx.xx.2024 tarixdə “X15” MMC tərəfindən görüləcək işlə tanış edilmiş və iş şərtləri məqbul olduğu üçün əmək müqaviləsini bağlamışdır. Hazırda "X15" MMC-də işləyir. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X11 xx.xx.2024-cü il tarixli əmək müqaviləsi əsasında “X15” MMC-də inşaat fəhləsi vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan X8 tərəfindən yazılmış və notarial qaydada təsdiqlənmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, "xxxx" MMC-nin Qarabağda yerləşən müəssisəsində işlə tanış olmaq üçün MMC tərəfindən Qarabağ icazələr portalında onun üçün iş icazəsi alınmışdır. İş onun üçün uyğun olmadığından təklifi qəbul etməmişdir. Adı çəkilən MMC-nin xeyrinə hər hansı əmək fəaliyyəti ilə məşğul olmamışdır. xx.xx.2024 tarixdə “X15” MMC tərəfindən görüləcək işlə tanış edilmiş və iş şərtləri məqbul olduğu üçün əmək müqaviləsini bağlamışdır. Hazırda "X15" MMC-də işləyir. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X8 xx.xx.2024-cü il tarixli əmək müqaviləsi əsasında “X15” MMC-də inşaat fəhləsi vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan X10 tərəfindən yazılmış və notarial qaydada təsdiqlənmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, həqiqətən də xx.xx.2024-cü il tarixində Qarabağ ərazisində həyata keçirilən layihələrlə tanış olmaq üçün oraya yollanmış, həmin gün Şuşa şəhərində “Bridge House” yataqxanasında gecələdikdən sonra xx.xx.2024-cü il tarixində anasının xəstələnməsi xəbərini aldığı üçün yaşadığı Ağdam rayonuna geri dönmüşdür. Həmin tarixdən bu günə kimi Ağdam rayonunun Mirəşelli kəndində yaşayır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 361 saylı arayışın surətindən görünür ki, həmin arayış Ağdam rayon İHB-nın Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Mirəşelli kəndində daimi qeydiyyata olan və yaşayan X5 ADS şirkətinə təqdim edilmək üçün verilmişdir. "xxxx" MMC tərəfindən “Qarabagh Logictics and Operations" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 24/12 saylı məktubun surətindən görünür ki, müəssisəyə məxsus olan və Şuşa şəhərində yerləşən Bridge House yataqxanasında qonaqlayan 3 şəxsin yataqxanaya giriş və çıxış vaxtlarını aşağıdaki kimi olmuşdur: X10 - Giriş: xx.xx.2024,10:38. Çıxış: xx.xx.2024,11:20. X8 - Giriş: xx.xx.2024,10:35. Çıxış edilməyib. Yataqxanada qalmağa davam edir. X11 - Giriş: xx.xx.2024, 10:45. Çıxış edilməyib. Yataqxanada qalmağa davam edir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Qarabagh Logictics and Operations" MMC-nin nümayəndəsinin izahatını dinləyib, xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından “Qarabagh Logictics and Operations" MMC barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan aydın olur ki, şəxs o zaman inzibati məsuliyyətə cəlb edilir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxs hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş olsun. Lakin məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla “Qarabagh Logictics and Operations" MMC tərəfindən X10, X8 və X3 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Qarabagh Logictics and Operations" MMC tərəfindən işğaldan azad edilmiş Xankəndi şəhərində əmək fəaliyyəti ilə məğul olmaq məqsədi ilə X10, X8 və X11 oraya dəvət olunmuş, lakin iş və məişət şəraiti X4 və X7 qane etmədiyindən, iş təklifindən imtina etmiş, xx.xx.2024-cü il tarixli əmək müqavilələrinə əsasən “X15” MMC-də inşaatçı fəhlə vəzifəsinə işə qəbul edilmişdirlər. X10 isə anasının xıstəliyi ilə bağlı xx.xx.2024-cü il tarixində yaşadığı Ağdam rayonunun Mirəşelli kəndinə qayıtmışdır və hazırda da orada yaşayır. Protokol tərtib etmiş orqan “Qarabagh Logictics and Operations" MMC tərəfindən qeyd olunan şəxslər barəsində işğaldan azad edilmiş əraziyə girişi üçün icazə verilməsini onların Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi kimi qiymətləndirmiş, inzibati araşdırma aparmadan “Qarabagh Logictics and Operations" MMC-ni inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib etmişdir. Qeyd olunmalıdır ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, inzibati protokol tərtib edildiyi zaman “Qarabagh Logictics and Operations" MMC tərəfindən protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti yalnız öz subyektiv mülahizələrinə əsasən “Qarabagh Logictics and Operations" MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Bununla da İnzibati Xətalar Məcəlləsinin qeyd edilən müddəasına əsasən hüquqi şəxsin inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün göstərilən vəzifəli şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilməsi müəyyən edilsə də, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin hüquqi şəxsin inzibati xətanın törədilməsində təqsiri sübut olunmalıdır. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən “Qarabagh Logictics and Operations" MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, inzibati xətanın olmasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslandığı sübutlar Xidmət tərəfindən aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından “Qarabagh Logictics and Operations" MMC barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: “Qarabagh Logictics and Operations" MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətindən daxil olmuş material üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar