Məhkəmə qərarları › İş №3(077)-5/2023

Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-5/2023

30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-5/2023 30.03.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X5 Bəşərəddin oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Prokurorluğu, Şuşa rayon prokurorluğunun nümayəndəsi Şuşa rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X1 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, "xxxx" MMC-də SƏTƏMM üzrə admin (ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2nvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Prokurorluğu, Şuşa rayon prokurorluğu tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vəzifəli şəxs Şəxs - "xxxx" MMC-də SƏTƏMM üzrə admin vəzifəsinə işə qəbul edilmiş və cəmiyyətin direktorunun xx.xx.2022-ci il tarixli 62/22İ nömrəli əmri ilə Şuşa şəhəri, cənub yaşayış zonasında yerləşən yaşayış binalarının tikintisinə SƏTƏM üzrə admin vəzifəsinə təyin edilmişdir. “Hündürlükdə iş zamanı Texniki təhlükəsizlik qaydaları”nın 3.2.1-ci bəndinin və xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş "xxxx" MMC-nin “SƏTƏMM üzrə admin vəzifə təlimat”nın 2.2-ci bəndinin tələblərini kobud surətdə pozaraq cəmiyyət tərəfindən Şuşa şəhərində inşa edilən 24 nömrəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən iş sahəsinin kənarlarının hasarlanmasını, xəbərdaredici və göstəriş verən plakatların (nişanların) asılmasını təmin etməməsi səbəbindən, yəni texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olduğu halda bu qaydaları pozduğuna görə həmin mərtəbədə işləyən qəlibçi Zərərçəkmiş şəxs hündürlükdən yıxılaraq ehtiyatsızlıqdan dərəcəsinə görə sağlamlığa yüngül və az ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər almasına səbəb olmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta inzibati xəta törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğu, Şuşa rayon prokurorluğunun nümayəndəsi Şuşa rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X3 “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarın məzmununa uyğun izahat verərək bildirdi ki, Şuşa Rayon Prokurorluğunun “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı üzrə toplanmış 02C-23 nömrəli materialda Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsinin tərkib əlamətləri olmadığına görə cinayət işinin başlanması rədd edilmiş, "xxxx" MMC-də SƏTƏMM üzrə admin (Şuşa şəhəri üzrə) işləyən Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığına görə cinayət təqibi rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün toplanmış material rayon prokuroruna təqdim edilmişdir. Şuşa rayon prokurorluğu tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən hesab edir ki, gəlməyən tərəflərin iştirakı olmadan işə baxıla bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şuşa Rayon Prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X1 02C-23 nörmrəli yoxlama material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023cü il tarixli qərarından görünür ki, 02C-23 nörmrəli yoxlama material üzrə Azərbaycan Respublikası Cinayət Məcəllənin CM-nin 162.1-ci maddəsinin tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi, "xxxx" MMC-də SƏTƏMM üzrə admin (Şuşa şəhəri üzrə) işləyən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün toplanmış materialın rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. - Şuşa rayon prokuroru, baş ədliyyə müşaviri X4 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, vəzifəli şəxs Şəxs - "xxxx" MMC-də SƏTƏMM üzrə admin vəzifəsinə işə qəbul edilmiş və cəmiyyətin direktorunun xx.xx.2022-ci il tarixli 62/22İ nömrəli əmri ilə Şuşa şəhəri, cənub yaşayış zonasında yerləşən yaşayış binalarının tikintisinə SƏTƏM üzrə admin vəzifəsinə təyin edilmiş “Hündürlükdə iş zamanı Texniki təhlükəsizlik qaydaları”nın 3.2.1-ci bəndinin və xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş "xxxx" MMC-nin “SƏTƏMM üzrə admin vəzifə təlimat”nın 2.2-ci bəndinin tələblərini kobud surətdə pozaraq cəmiyyət tərəfindən Şuşa şəhərində inşa edilən 24 nömrəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən iş sahəsinin kənarlarının hasarlanmasını, xəbərdaredici və göstəriş verən plakatların (nişanların) asılmasını təmin etməməsi səbəbindən, yəni texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olduğu halda bu qaydaları pozduğuna görə həmin mərtəbədə işləyən qəlibçi Zərərçəkmiş şəxs hündürlükdən yıxılaraq ehtiyatsızlıqdan dərəcəsinə görə sağlamlığa yüngül və az ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər aldığından, o, Azərbaycan Respublikası İXMnin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 51/23 nömrəli və xx.xx.2023-cü il tarixli, 66 nömrəli məktublarından və məktublara əlavə edilmiş sənədlərdən görünür ki: - "xxxx" MMC ilə Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi arasında bağlanmış xx.xx.2022ci il tarixli “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə əsasən "xxxx" MMC icraçı qismində Şuşa şəhəri ərazisində tikinti və abadlaşdırma işlərini (hadisə baş verən 24 nömrəli binanın tikintisi daxil) həyata keçirir. - Zərərçəkmiş şəxslə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən o, "xxxx" MMC-də qəlibçi kimi işə qəbul edilmişdir. - Şəxslə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən o, "xxxx" MMCdə SƏTƏM üzrə admin vəzifəsində işə qəbul edilmiş və cəmiyyətin direktorunun xx.xx.2022-ci il tarixli 62/22İ nömrəli əmri ilə Şuşa şəhəri, cənub yaşayış zonasında yerləşən yaşayış binalarının tikintisinə SƏTƏM üzrə admin təyin edilmişdir. - "xxxx" MMC-nin direktoru tərəfindən xx.xx.2021 -ci il tarixdə təsdiq edilmiş və Şəxs tanış olaraq imza etdiyi "xxxx" MMC-nin “SƏTƏM üzrə adminin vəzifə təlimatı”nın 2.1, 2.2 və 2.19-cu bəndlərinə əsasən SƏTƏM üzrə admin əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələri istehsalatda tətbiq edərək iş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə riayət olunmasına nəzarət etməklə yanaşı, həmçinin iş əraziləri üçün təhlükəsizlik nişanları hazırlayıb, çap etməklə aidiyyəti üzrə göndərilməsini təmin etmək öhdəliyi daşıyır. - xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs üzvü olduğu briqada tərəfindən hadisə baş verən 24 nömrəli binanm 3-cü mərtəbəsində görüləcək işlərlə əlaqədar tərtib edilmiş “Təhlükəsiz iş icazəsinə (Naryad-buraxılış) əsasən işin təhlükəsizliyi üzrə səlahiyyətli şəxs Şəxs müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Şuşa şəhərində köhnə İ və İİ nömrəli internat məktəblərinin arxa tərəfində, cənub yaşayış kompleksinin şərq hissəsində "xxxx" MMC tərəfindən inşa edilən 24 nömrəli natamam 5 mərtəbəli (qarajla birlikdə 6 mərtəbəli) binanın 3-cü mərtəbəsidir. Zərərçəkmiş şəxs yıxıldığı yerdən düşdüyü yerə kimi olan məsafə isə ümumilikdə 10.15 metr təşkil edir. Zərərçəkmiş şəxs yıxılaraq xəsarət aldığı 3-cü mərtəbənin ümumi sahəsi eyvanları çıxmaqla 708,63 kv.m təşkil edir. Zərərçəkmiş şəxs üzərində durub işlədiyi eyvanın döşəməsinin çıxıntısı 1.20 x 4.80 metr təşkil edir. 3-cü mərtəbədə təhlükəsizlik məqsədi ilə mühafizə çəpərləri çəkilməmiş, xəbərdaredici və göstəriş verən lövhələr qoyulmamış və ya asılmamış, təhlükəsizlik üçün sığortalayıcı kəmərlərin mərtəbədə birləşmə nöqtələri yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin xx.xx.2023-cü il tarixli 10/1169 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Şuşa şəhəri ərazisində inşa edilən binanın daimi təsirli təhlükəli istehsalat zonasına aid olan 3-cü mərtəbəsində yerləşən iş sahəsinin kənarlarının hasarlanmaması, xəbərdaredici və göstəriş verən plakatların (nişanların) asılmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Eləcə də ekspert rəyinə əsasən Şuşa şəhəri ərazisində inşa edilən binanın 3-cü mərtəbəsində yerləşən iş sahəsinin kənarlarının hasarlanmasmı, xəbərdaredici və göstəriş verən plakatların (nişanların) asılmasını təmin etmədiyinə görə, vəzifə təlimatının 2.2 bəndinin və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.2.1 bəndinin tələbləri "xxxx" MMC-də SƏTƏMM üzrə admin (Şuşa şəhəri üzrə) işləyən Şəxs tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PAB” X9 Sumqayıt şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli 184 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol budun yuxarı 1/3-nin qapalı köndələn yerdəyişən sınığı, sağ baldırın orta 1/3-nin ön səthinin yarası kimi xəsarətlər vardır. Qeyd olunan xəsarətlərin törənmə müddəti xx.xx.2023-cü il tarixə və hündürlükdən yıxılma (10-30 metrə qədər olan məsafə) nəticəsində əmələ gələ bilər. Həmin xəsarətlərdən sol budun yuxarı 1/3-nin qapalı köndələn yerdəyişən sınığı dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya, sağ baldırın orta 1/3-nin ön səthinin yarası kimi xəsarət isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 357 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20/01-005 nömrəli qərarı ilə təsdiq edilmiş “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.2.1-ci bəndinə əsasən işəgötürən hündürlükdə işlərin yerinə yetirilməsi başlayana qədər iş yerlərinin hasarlanmasını, xəbərdaredici və göstəriş verən plakatların (nişanların) asılmasını, kollektiv və fərdi mühafizə vasitələrindən istifadə olunmasını nəzərdə tutan texnikitexnoloji tədbirləri və təşkilati tədbirlərin həyata keçirilməsini təşkil etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz Şəxs tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə, işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 198.3cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2ci maddəsində nəzərdə tutulmuş əməllər (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması) zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1600 (bir min altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar