Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-50/2024 24.09.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, Azərbaycan Respublikası Prokurorluğu, Şuşa rayon prokurorluğunun nümayəndəsi Şuşa rayon prokurorunun köməkçisi X4 Zərərçəkmiş şəxs X7 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Müdafiəçi Abşeron rayon Vəkil bürosunun vəkili X5 iştirakları ilə xx.xx.1995-ci il tarixdə Yevlax rayonunda, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Bakı şəhəri,Xətai rayonu MKTB işləyən Yevlax rayonu,Kolanı kəndində qeydiyyatda olan və Bakı şəhəri,Sabunçu rayonu, Zabrat qəsəbəsi.yeni məhəllədə yaşayan -Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında materiala Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Prokurorluğu, Şuşa rayon prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğu, Şuşa rayon prokurorunun köməkçisi, X9 “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarın məzmununa uyğun izahat verərək bildirdi ki, fiziki şəxs Şəxs 21 sentyabr 2024-cü il saat 17 radələrində Şuşa şəhəri ərazisində yerləşən Şuşa şəhərinin Xankəndi şəhəri istiqamətindəki 4 saylı giriş postunda Şuşa RPŞ-nin Post-patrul xidməti bölüyünün taqım komandiri, polis leytenantı X7 qanuni tələblərinə qəsdən tabe olmayıb söyüşlər söyərək zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmayan hərəkətlər ilə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, eləcə də o, polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamış bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şuşa şəhərinin giriş postuna çatdıqda polis əməkdaşları onların icazə portalının olmasını yoxlamağa başlamış, onun, atasının, Elgiz və Nicatın icazə portalları olduğundan hər hansı problem olmamış, lakin atasının iş yoldaşlarının icazə portalı olmadığı üçün polis əməkdaşları onların Şuşa şəhərinə girməklərinə icazə verilmədiyini bildirmişlər. Dəfələrlə polis əməkdaşlarından xahiş etsə də, onlar icazə olmadığı üçün atasının iş yoldaşlarını Şuşaya buraxmamışlar. Bundan əsəbiləşərək, həmçinin sərxoş vəziyyətdə olduğu üçün ünvansız söyüşlər söyməyə başlamış, həmin vaxtı atası və polis əməkdaşları onu sakitləşdirməyə çalışmışlar. Həmin vaxtı o, polisin qanuni göstərişlərinə əməl etməmiş və söyüşlərini davam etdirmişdir. Bir müddət sonra polis əməkdaşları kömək üçün əlavə digər polis əməkdaşlarını dəvət etmiş, digər polis əməkdaşları gəldikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu sakitləşdirməyə çalışmışlar. Lakin o, müharibə zamanı burada döyüşdüyü üçün onunla birlikdə gələn şəxslərin də Şuşa şəhərinə girmələrinə icazə verdirəcəyini güman edərək polislərlə mübahisə aparmış, polis əməkdaşları ilə mübahisə aparan zaman yaxın təmasda olmuş, postun yanında mübahisə etdikləri və digər vətəndaşların şəhərinə girməsinə maneəçilik törətdiyi üçün polislər onu kənara çəkmək istəmiş, polislər onu kənara çəkən vaxtı müvazinətini itirdiyi üçün qarşısında olan polis əməkdaşının köynəyinin yaxa hissəsindən tutmuş və köynək cırılmışdır. Bundan sonra həmin polis əməkdaşı oradan uzaqlaşmış, atası onu kənara çəkərək sakitləşdirmişdir. Həmin zaman heç kimi döyməmiş, xəsarət yetirməmişdir. X15 məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən peşman olmasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X12 izahatında göstərmişdir ki, 2024-cü il sentyabrın 21-də saat 8:30-dan etibarən xidmətə başlamış və gün ərzində rayon ərazisində xidmətdə olmuşdur. Həmin gün saat 16:40 radələrində Şuşa rayon polis şöbəsinin Post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X13 istifadəsində olan radiostansiya vasitəsilə ona müraciət edərək Şuşa şəhərinin Xankəndi şəhəri istiqamətindəki 4 saylı giriş postunda bir nəfər vətəndaşın onların qanuni tələblərinə əməl etməyərək, səs küy saldığını və ictimai qaydanı pozaraq ünvansız söyüşlər söydüyünü bildirmişdir. Bu məlumatı aldıqdan sonra həmin 4 saylı stasionar posta yaxınlaşmış, posta çatdıqdan sonra həmin vətəndaşa yaxınlaşıb özünü təqdim edərək nə problem olmasını soruşmuşdur. Həmin vətəndaş onunla birlikdə gələn digər vətəndaşların Şuşa şəhərinə girmək istədiyini dedikdə həmin şəxslərin Şuşa şəhərinə girmək üçün icazə portallarının olmamasını, eləcə də, portalları aldıqdan sonra Şuşa şəhərinə daxil ola biləcəklərini həmin vətəndaşa bildirmişdir. Onun bu sözündən sonra adını sonradan bildiyi vətəndaş Şəxs əsəbiləşərək səs-küy salmağa başlamış və yenə ünvansız olaraq söyüşlər söyməyə davam etmişdir. Rəşada söyüş söyməməsini və sakit olmasını bildirmiş, bundan sonra Şəxs Şuşa şəhərinin ünvanına söyüşlər söymüş, o isə yenə ona sakit dayanmasını və söyüşlər söyməməsini bildirmişdir. Həmçinin Şəxs postun yanında dayandığı üçün digər vətəndaşların da postdan keçmələrinə mane olduğundan Rəşadı yolun kənarına çəkmək istəmişlər. Rəşadı yolun kənarına çəkən zaman Rəşad onun sinə nahiyəsinə əl ataraq əynində olan xidməti geyim formasının yaxasını dartıb cırmışdır. Bundan sonra oradan nisbətən uzaqlaşmış digər polis əməkdaşları və Rəşadın atası Rəşadı sakitləşdirmişlər. Daha sonra baş vermiş hadisə barədə raportla şöbənin rəhbərliyinə müraciət etmişdir. Hadisə baş verən vaxtı Şəxs onun xidməti geyim formasının sinə nahiyəsindən dartıb cırmış, ona hər hansı xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şuşa RPŞ-nin Post-patrul xidməti bölüyünün manqa komandiri, polis baş serjantı X11 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Şəfa Hüseynov rabitə vasitəsi ilə ona Xankəndi şəhərindən Şuşa şəhərinə gələn istiqamətdə olan posta gəlməyini, polisin qanuni tələblərinə tabe olmayan şəxslər olduğunu bildirdi. O,təcili olaraq posta gətmiş, orada bir nəfər vətəndaşın Şəfa Hüseynova qarşı səsini yüksəltərək mübahisə etdiyini görmüşdür. Adını sonradan öyrəndiyi Şəxs yanında olan şəxslər aralayaraq kənara apardılar. Bu zaman onunla birlikdə olan iki nəfər şəxs onlara yaxınlaşaraq Şəxs yerinə bizdən üzr istədilər, onun sərxoş olduğunu dedilər. Şəfa Hüseynov onlara Şəxs polisin qanuni tələblərinə tabe olmadığını bildirdi. Onlarla söhbət edərkən X16 posta gəldi. Sabir Əliyev posta gəldikdən sonra vətəndaşlara yaxınlaşaraq nə problem olduğunu soruşdu. Bu zaman Şəxs səs-küy salaraq bir neçə ünvansız söyüşlər söydü, daha sonra Şuşa şəhərinin ünvanına nalayiq ifadələr işlətməyə başladı və yanında gələn bütün şəxslərin Şuşa şəhərinə girməli olduqlarını bildirdi. Sabir Əliyev iki nəfər şəxsin icazə portalı olmadığı üçün Şuşa şəhərinə daxil ola bilməyəcəklərini, geri qayıtmalı olduqlarını və qanunun tələblərinə əməl etmələrini bildirdi.Şəxs bu sözdən sonra Sabir Əliyevin sinə nahiyəsinəəl ataraq xidməti üst geyimini dartıb cırdı.Atası Şəxs sakitləşdirməyə çalışsa da,o içkili olduğundan atasının sözlərinə qulaq asmadı və biz onu polis şöbəsinə gətirdik. Məhkəmə iclasında şahid qismində dindirilən Şuşa RPŞ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X2, Şuşa RPŞ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X1 Taleh Malik oğlu ilə oxşar məzmunlu izahatlar verərək sonuncunun göstərdiklərini təsdiq etmişdirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şuşa rayon prokuroru, kiçik ədliyyə müşaviri X10 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, fiziki şəxs Şəxs 21 sentyabr 2024-cü il saat 17 radələrində Şuşa şəhəri ərazisində yerləşən Şuşa şəhərinin Xankəndi şəhəri istiqamətindəki 4 saylı giriş postunda Şuşa RPŞnin Post-patrul xidməti bölüyünün taqım komandiri, polis leytenantı X7 qanuni tələblərinə qəsdən tabe olmayıb söyüşlər söyərək zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmayan hərəkətlər ilə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, eləcə də o, polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamış bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi ekspertiza və patologiya Anatomiya Birliyi” Publik hüquqi şəxsin xx.xx.2024-cü il 607 saylı tarixli ekspert rəyindən görünür ki,vətəndaş X7 bədənində onun travma almasını göstərən obyektiv məhkəmə tibb əlamətləri aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi ekspertiza və patologiya Anatomiya Birliyi” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 608 saylı ekspert rəyindən görünür ki,vətəndaş Şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə tibb əlamətləri aşkar olunmamışdır. Məhkəmə İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməsi və ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. “Polis haqqında” Qanunun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. İİ-ci hissəsinin 1-ci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsssən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə polis işçilərinin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, Şəxs bu hərəkətin davam etdirilməsini və sərxoş vəziyyətdə olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.1-ci və 33.1.7-ci maddələrinə əsasən məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər Beləliklə, Şəxs AR İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinə görə təqsiri sübuta yetirildiyindən,məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən, hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, Şəxs AR İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli onun faktiki saxlandığı,yəni, xx.xx.2024-cü il tarixdən, saat 13:30-dan hesablanmalı, qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 8 (səkkiz gün) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 13:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinə və Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 5 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X8 müvafiq olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şuşa Rayon məhkəməsinə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elman Məmmədov
Məhkəmə qərarları › İş №3(077)-50/2024
Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-50/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver