Məhkəmə qərarları › İş №3(077)-67/2024

Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-67/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-67/2024 09.12.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X6 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ regional şöbəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ regional şöbəsinin rəisi X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2024cü il tarixli, MN № ******* nömrəli qərardadla aidiyyəti üzrə baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şuşa şəhərində yerləşən hüquqi şəxs Şəxs MMC-yə (VÖEN: **********) məxsus restoranda Şahid əmək müqaviləsi electron qaydada imzalanmadan və hüquqi qüvvəyə minmədən xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətdiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə protocol tərtib edilmişdir. Qeyd olunanlar Şahid izahatı və təqdim etdiyi sübutlarla təsdiq olunur. Belə ki, vətəndaş Şahid tərəfindən daxil olmuş 3-17-5/1-Ə-49946/2024 saylı, xx.xx.2024 tarixli müraciət əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ regional şöbəsində aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, MMC tərəfindən Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozulmuşdur. Nəticədə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun olaraq İnzibati xəta haqqında vəzifəli şəxs qismində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli və hüquqi şəxs qismində MN ******* nömrəli protokollar tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ regional şöbəsinin nümayəndəsi X4 izahatında protokolda göstərilən xüsusatları təsdiq edərək, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, Şahid qonaq qismində dəvət etmişdir. Şahid onlara kömək etmişdir. Ona əmək haqqı verilməmişdir. Kömək etdiyinə görə ona hörmət etmişdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərmişdir ki, şikayətini geri götürmək istəyir. Şuşa şəhərinə “İsa Bulağı” restoranında işlərin görülməsində köməklik etmək üçün getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şahid tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə ünvanlanmış ərizədən və izahatdan görünür ki, o, xx.xx.2024-cü il tarixdə Şəxs MMC tərəfindən Şuşa şəhərində yerləşən İsa Bulagı istirahət kompleksində aşpaz vəzifəsinə işə dəvət olunmuşdur. Şirkət tərəfindən işğaldan azad olunmuş ərazilərə gəlməsi üçün adına portal açılmışdır. xx.xx.2024-cü il tarixdən işə başlamışdır. İşlədiyi dövrdə dəfələrlə əmək müqaviləsinin ona təqdim olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin olmadığı və rəsmi qeydiyyata alınmaması barədə məlumat almış, bununla bağlı rəhbərliyə bildirdikdə, ixtisara düşdüyü və xx.xx.2024-cü il tarixindən işdən azad olunduğu bildirilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ regional şöbəsinin rəisi X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Şuşa şəhərində yerləşən hüquqi şəxs Şəxs MMC-yə (VÖEN: **********) məxsus restoranda Şahid əmək müqaviləsi electron qaydada imzalanmadan və hüquqi qüvvəyə minmədən xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə protocol tərtib olunmuş və xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli qərardadla aidiyyəti üzrə baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. - “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemindən çıxarışın surətindən görünür ki, Şəxs MMC-nin müraciəti əsasında Şahid “İşçi” qismində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək Şuşa şəhərinə giriş üçün icazə verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ regional şöbəsinin "X10 Services” MMC-nin direktoru Fuad Quliyevə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş Şahid tərəfindən daxil olmuş 3-17-5/1 -Ə-49946/2024 saylı, xx.xx.2024 tarixli müraciət əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Qarabağ regional şöbəsində aparılan araşdırma nəticəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun olaraq Qarabağ regional şöbəsində İnzibati xəta haqqında vəzifəli şəxs qismində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli və hüquqi şəxs qismində MN ******* nömrəli protokollar tərtib edilmiş, inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahidin ifadəsini dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, "X10 Services” MMC-nin Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirildiyindən həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş hüquqi şəxs "X10 Services” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmədə sübutların tədqiqatı zamanı işin təkzib edilməyən halları ilə müəyyən edilmişdir ki, hüquqi şəxs "X10 Services” MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edilərək vəzifəli şəxsləri tərəfindən fiziki şəxs Şahid xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanılmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da "X10 Services” MMC Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "X10 Services” MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18.5, 40, 43, 48- 51, 55, 114-117, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "X10 Services” MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar