Məhkəmə qərarları › İş №3(077)-80/2024

Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-80/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-80/2024 23.12.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X17 Bəşərəddin oğlunun sədrliyi, X4 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi, Şuşa Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, müdafiəçi- Abşeron rayon Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şuşa Rayon Polis Şöbəsinin STB-nin sahə rəisi, polis baş leytenantı X12 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Həsənov X3 Nihad Nahid oğlu ilə birlikdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə sərxoş vəziyyətdə "xxxx" MMC-nin işçilərinin Şuşa şəhərində müvəqqəti yaşadıqları ünvanlara gedərək işçilərin müvəqqəti yaşadıqları evlərin həyətlərində səs-küy yaratmış, əsaslı səbəb olamadan istirahət edən işçiləri narahat edərək nalayiq sözlərlə təhqir etmiş, ictimai qaydanı kobud surətdə pozaraq xırda xuliqanlıq etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şuşa Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki X11 tərəfindən xx.xx.2024-cü il tarixində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN seriyalı ******* nömrəli qərardad tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi, Şuşa Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X12 “İnzibati xəta haqqında” protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs Şuşa şəhərində tikinti-təmir işlərini yerinə yetirən "xxxx" MMC-də nəzarətçi işləyən X13 tərəfindən işdən çıxarılmasına görə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə tanışı X5 ilə birlikdə Elton Həsənovla görüşmək üçün sərxoş vəziyyətdə "xxxx" MMCnin işçilərinin Şuşa şəhərində müvəqqəti yaşadıqları ünvanlara gedərək işçilərin müvəqqəti yaşadıqları evlərin həyətlərində səs-küy yaratmış, əsaslı səbəb olamadan istirahət edən işçiləri narahat edərək nalayiq sözlərlə təhqir etmiş, ictimai qaydanı kobud surətdə pozaraq xırda xuliqanlıq etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, ev 11-də anası ilə birlikdə yaşayır. O, öz dolanışıqlarını təmin etmək məqsədilə 2024-cü ilin oktaybr ayında Şuşa şəhərində fəaliyyət göstərən "xxxx" MMC-də işləmək üçün gəlmiş, həmin vaxtdan Şuşa şəhərində "xxxx" MMC-də fəhlə işləmişdir. Təxminən 5-6 gün əvvəl işə gec gəldiyi üçün "xxxx" MMC-də nəzarətçi işləyən Elton ona işdən çıxarıldığını bildirmişdir. Həmin vaxtdan sonra Şuşa şəhərində “Yeni yaşayış” massivində bacısıgildə yaşamışdır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində o, Şuşa şəhərində marketdən bir şüşə araq alıb bacısıgilə getmiş və evdə tək yarım litr arağı qəbul etmişdir. Təxminən saat 22 radələrində o, evdən çıxıb “Bravo” marketə gedib oradan 3 ədəd tərkibində spirt olan “GO” enerji içkisi almış, sonra isə gəlib Bayraq meydanında oturacaqda əyləşib 1 ədədini içmiş, 2 ədədini isə götrüb yaşayış binalarına tərəf getmişdir. O, evə qayıdanda "xxxx" MMC-də işləyən zaman işçilərlə birlikdə qaldığı evə gedib özünə aid qalan əşyalarını götürmüş və yaşayış binalarına tərəf gəlmişdir. O, Şuşa şəhəri, H.Əliyev prospektinə yaxın yerləşən binaların qarşısında əvvəlcədən tanıdığı Nihadla rastlaşmışdır. Nihadla görüşdükdən sonra Nihad "Agroman” MMC-də nəzarətçi işləyən Eltonun tanışını işə düzəltməyə söz verdiyini, lakin işə düzəltmədiyini bildirib Eltonun mobil nömrəsini ondan istəmişdir. O, Nihada yaxınlıqda "xxxx" MMC-nin işçilərinin qaldığı evə gedib Eltonun mobil nömrəsini işçilərdən ala biləcəklərini demişdir. O, Nihadla birlikdə binaların yaxınlığında yerləşən həyət evinə getmiş, işçilərin qaldığı otağın qapısını döydükdə Babək adlı işçi həyətə çıxmışdır. O, Babəkdən Eltonun mobil nömrəsini istəmiş, Babək isə Eltonun telefon nömrəsinin onda olmadığını bildirmişdir. Həmin vaxt Nihad sərxoş olduğuna və Babək nömrəni vermədiyinə görə aralarında mübahisə baş vermişdir. O, Nihadı sakitləşdirib həyətdən çıxarıb binalara tərəf aparmışdır. Bundan sonra binaların yanında olarkən polis əməkdaşları ona yaxınlaşıb onu Şuşa rayon polis şöbəsinə dəvət etmişlər. Şuşa rayon polis şöbəsində o, spirtli içki qəbul etdiyini etitaf etmiş və sərxoşluq müayinəsindən keçmişdir. O, hadisə vaxtı özünün və Nihadın əlində bıçaq və ya hər hansı bır kəsici-deşici əşya olmadığını, kiməsə qarşı zor tətbiq etmədiklərini və ya zor tətbiq etmək hədəsi ilə hədələmədiklərini, hadisə zamanı ancaq sözlə mübahisələri olduğunu bildirmişdir. O. Nihadla birlikdə Şuşa şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" MMC-nin işçilərinin yaşadıqları ünvana Eltonun mobil nömrəsini öyrənmək üçün getdiklərini, Babək adlı işçinin mobil nömrəni vermədiyinə görə aralarında mübahisə olduğunu, əlavə olaraq, Nihadın sonradan "xxxx" MMC-nin Şuşa şəhəri üzrə rəhbər işçilərinin yaşadıqları, “Torpaq meydanı” deyilən ərazidə yerləşən ünvana getdiyini bilmədiyini bildirmişdir. Əməlindən peşman olduğunu göstərmiş və barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən səmimi peşman olduğunu nəzərə alaraq, məhkəmədən onun barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 izahatında bildirmişdir ki, o, Şuşa şəhərində Agroman” MMC-də ambar müdiri vəzifəsində işləyir. Şəxs bir neçə gün əvvəl "xxxx" MMC-dən işdən çıxarılmasına görə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə X5 ilə birlikdə Şuşa şəhərində 'Yeni yaşayış massivi” tərəfdə yerləşən və fəhlələrin qaldıqları ünvana gedərək X1 onunla görüşmək istədiklərini bildirmiş, mobil nömrəsini işçilərdən istəmişlər. Elton hər ikisinin sərxoş olduqlarına görə görüşmək istəməmişdir. İşçilər onun mobil nömrəsini vermədikdə isə Şəxs və X5 orada səs-küy yaradaraq Babək adlı fəhləni və digər istirahət edən işçiləri söyüb təhqir elmişlər. Daha sonra X5 "xxxx" MMC-nin Şuşa şəhəri üzrə rəhbər işçilərinin yaşadıqları, “Torpaq meydanı” deyilən ərazidə yerləşən ünvana getmiş və işçiləri söyüb təhqir elmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 "xxxx" MMC-də iş icraçısı işlədiyini bildirərək, şahid X14 ilə oxşar məzmunda izahatlar vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şuşa Rayon Polis Şöbəsinin təhqiqat qrupunun baş təhqiqatçısı, polis polkovnikleytenantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin əməkdaşı X16 Azərbaycan Respublikasının DİN-in “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək şirkətinin işçilərinin yaşadığı evə 4-5 nələr şəxsin bıçaqla hücum edərək işçilərin telefonlarını götürməsi, bıçaq xəsarətlərinin alıb-almadıqları barədə dəqiq məlumatı olmadığını bildirmişdir. Goranboy rayon Qızılhacılı kənd sakini, "xxxx" MMC-də nəzarətçi işləyən X13 xx.xx.2024-cü il tarixdə Şuşa rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Agroman MMC-də fəhlə işləyən Şəxs təxminən 6 gün əvvəl işdən çıxarmasına görə tanışı Nihad adlı şəxslə birlikdə onun Şuşa şəhərində müvəqqəti yaşadığı ünvana gələrək onu döymək məqsədilə axtardıqlarını bildirmiş və həmin şəxslər barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Material üzrə izahatı alınmış X16 bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-də nəqliyyatın rəhbəri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə səhər vaxtlarında o, Bakı şəhərində olarkən "xxxx" MMC-də işləyən işçilər ona zəng edərək şirkətdə işləmiş Şəxs tanışları ilə birlikdə Şuşa şəhərində işçilərin qaldıqları ünvana bıçaqla hücum edərək işçilərin telefonlarını götürməsi barədə məlumat vermişdir. O, cavabdeh şəxslərlə əlaqə saxlaya bilmədiyin hadisə necə baş verdiyini, işçilərin xəsarət alıb-almadıqlarını dəqiq bilmədiyi üçün narahat olmuş və ona görə də məlumatın araşdırlması üçün Azərbaycan Respublikasının DİN "102” xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Lakin sonradan "xxxx" MMC-də nəzarətçi işləyən X13 və digər işçilərlə əlaqə saxladıqda ona məlum olmuşdur ki, Şəxs bir neçə gün əvvəl "xxxx" MMC-dən işdən çıxarılmasına görə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə tanışı Nihad adlı şəxslə birlikdə sərxoş vəziyyətdə işçilərin qaldıqları ünvana gedərək Elton Həsənovu soruşaraq onunla görüşmək istədiklərini bildirmişdir. Elton hər ikisinin sərxoş olduqlarına görə görüşmək istəmədiyi üçün Ramil və Nihad səs-küy yaradaraq Eltonu və digər işçiləri təhqir elmişlər. Həmin vaxt işçilərə qarşı zorakılıq edilmədiyi və ya telefonlarının götrülmədiyi, həmin şəxslərin əllərində bıçağın olması barədə verilən məlumatın yalan olduğu ona məlum olmuşdur. Material üzrə izahatı alınmış X13 bildirmişdir ki, o, 2021-ci il tarixdən Şuşa şəhərində fəaliyyət göstərən Agroman MMC-də fəhlə kimi işə başlamışdır, 2022-ci ildən nəzarətçi kimi işini davam etdirir. Təxminən 3 ay əvvəl Göyçay rayon sakini Şəxs fəhlə kimi "xxxx" MMC-də işə götürmüşdür. Əvvəllər bir neçə dəfə edilən xəbərdarlığa baxmayaraq xx.xx.2024-cü il tarixdə günorta vaxtlarında Şəxs yenə də işə sərxoş gəldiyi üçün tərəfindən rəhbərliyə məruzə edilmiş və Ramil işdən çıxarılmışdır. Həmin vaxtdan sonra Ramil bir neçə dəfə xahiş etsə də o, Ramili işə qaytarmamışdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə saat 00:30 radələrində o, Şuşa şəhərində “Torpaq meydanı” deyilən ərazidə "xxxx" MMC-nin Şuşa şəhəri üzrə rəhbər işçilərinin qaldığı ıkı mərtəbəli yaşayış evinin birinci mərtəbəsində digər işçilərlə birlikdə istirahət edən zaman evin həyətində səs-küy gəldiyini eşidib yatağından qalxmışdır. Həmin vaxt onunla bərabər birinci və ikinci mərtəbədə istirahət edən işçilər yerlərində qalxıb həyətə çıxmışlar. O, pəncərədən çölə baxdıqda Ramil və sonradan adını bildiyi Nihadın sərxoş vəziyyətdə səsküy yaradaraq onun, eləcə də digər işçilərin ünvanına nalayiq sözlər dediklərini eşitmişdir. İşçilər onun burada olmadığını bildirib hər ikisini birtəhər sakitləşdirib yola salmışlar. O, həmin vaxt işçilərin deməsi ilə bilmişdir ki, Ramil və Nihad onun olduğu ünvana gəlməmişdən əvvəl "xxxx" MMC-nin Şuşa şəhərində 'Yeni yaşayış massivi” tərəfdə yerləşən və fəhlələrin qaldıqları ünvana gedərək onun mobil nömrəsini işçilərdən istəmişlər, işçilər onun mobil nömrəsini vermədikdə isə orada səs-küy yaradaraq Babək adlı fəhləni söyüb təhqir edərək digər istirahət edən işçiləri narahat etmişlər. O, Ramil və Nihadın sərxoş vəziyyətdə onu döymək üçün axtardıqlarını düşünüb xx.xx.2024-cü il tarixdə gecə vaxtlarında Şuşa rayon polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. O. hadisə vaxtı Ramil və Nihad tərəfindən özünə və digər işçilərə qarşı zor tətbiq edilmədiyini, həmin şəxslərin əlində bıçaq və ya digər kəsici-düşici əşyaların olmadığını əlavə olaraq bildirmişdir. Araşdırma zamanı Şuşa rayon polis şöbəsinin DYPB-dan alınmış xx.xx.2024-cü il tarixli 00335 və 00340 nömrəli protokollaşdırma çeklərindən görünür ki, sərxoşluğun müayinəsi zamanı Şəxs qəbul etdiyi alkoqolun miqdarı 1.448 % və X2 qəbul etdiyi alkoqolun miqdarı isə 1.512 % olmuşdur. Toplanmış təhqiqat materialı ilə müəyyən edilmişdir ki. baş vermiş hadisə zamanı Şəxs və X5 tərəfindən ictimai qaydanın kobud surətdə pozulmasına baxmayaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zodələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər baş verməmişdir. Belə olan halda Azərbaycan Respublikasının CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından onlar barəsində CM-nın 221-ci maddəsinin müvafiq bəndləri ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməsi tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Şəxs AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinə görə təqsirinin sübuta yetirilməsini, onun səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alıb hesab edir ki, onun barəsində AR İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli onun faktiki saxlandığı, yəni, xx.xx.2024-cü il tarixdən hesablanmalı, qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X8 Mərkəzinə həvalə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 32, 40, 43, 48- 51, 61, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 12 (on iki) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X8 Mərkəzinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 (üç) saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil müvafiq olaraq 18 (on səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şuşa Rayon məhkəməsinə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar