Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-1/2022 11.01.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, xx.xx.1968-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, işsiz, evli, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Naxçıvan MR Dövlət Gömrük Komitəsinin 24 dekabr 2021-ci il tarixli, 1010-150/001- 22/000537 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə təqsirləndirilməsinə dair 23 dekabr 2021-ci il tarixli, 20000-0017/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. 23 dekabr 2021-ci il tarixli, 20000-0017/21 nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, 09.02.2021-ci il tarixdə Biləsuvar gömrük postunda İran İslam Respublikası ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi "DAF" markalı 90VP885/99ZA669 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə gedən Azərbaycan Respublikası vətəndaşı X3 avtomobilinin yoxlanması zamanı avtomobilin yük yerindən 017752 saylı CMR-də göstərilməyən və gömrük nəzarətinə bəyan edilməyən 270 qutu "Want" markalı, 17 qutu "Marlboro Gold" markalı və 10 qutu "Marlboro" markalı siqaretlər aşkarlanaraq götürülmüş və həmin siqaretlərin kimə aid olması, hansı şəkildə əldə edilməsi, ölkəyə necə gətirilməsi barədə müvafiq araşdırma aparılmışdır. Aparılmış araşdırma üzrə materiallar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq baş İdarəsi tərəfindən baxılması üçün Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinə göndərilmişdir. Araşdırmada özünü 70 qutu "Want" markalı siqaretlərin sahibi kimi təqdim edən X2 və özünü 200 qutu "Want" markalı siqaretlərin sahibi kimi təqdim edən Şəxs izahatlarının yenidən alınması üçün həmçinin 17 qutu "Marlboro Gold" və 10 qutu "Marlboro" markalı siqaretlərin sahiblərinin müəyyən olunması üçün "xxxx" MMC-nin nümayəndəsini, "xxxx" MMC-nin nümayəndəsini və əvvəlcə adı "xxxx" MMC olan, hazırda "xxxx" MMC adı ilə fəaliyyət göstərən karqo şirkətinin nümayəndəsinin ünvanlarına bildirişlər göndərilmiş, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinə dəvət edilmiş və yenidən izahatları alınmışdır. Azərbaycan Respublikası vətəndaşı X4 24 may 2021-ci il tarixdə Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin istintaq şöbəsinə verdiyi izahata əlavə və dəyişikliklər etmiş, özünə məxsus kimi qeyd etdiyi 70 qutu "Want" markalı siqaretlərin Şəxs məxsus olduğunu bildirmişdir. Araşdırma üzrə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinə dəvət edilmiş Azərbaycan Respublikası vətəndaşı Şəxs öz izahatında həqiqətən həmin siqaretlərdən 270 qutu "Want" markalı siqaretlərin özünə məxsus olduğunu bildirmişdir. Həmin siqaretləri Türkiyə Respublikasına gedən müxtəlif şəxslər tərəfindən Sədərək Gömrük İdarəsinin ərazisində yerləşən rüsumsuz ticarət mağazasından alınaraq Türkiyə Respublikasına aparıldığını, lakin hamısını istifadə etmədikləri üçün Naxçıvan şəhərinə geri qaytarılarkən avtovağzal ərazisində müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərdən ucuz qiymətə aldığını etiraf etmişdir. "Marlboro" markalı siqaretlərin isə ona məxsus olmadığını bildirmişdir. Beləliklə də Şəxs aksiz markası olmayan 270 qutu "Want" markalı siqaretlərin gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə əldə etdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2021-ci il tarixli 7/318-9/1979 nömrəli ekspert rəyində "X10" markalı siqaretlərin müvafiq bazar qiyməti 1 ədədinin qiyməti 2.20 manat olmaqla 150 qutusunun ümumi dəyəri 330 manat və "X9" markalı siqaretlərin müvafiq bazar qiyməti isə 1 ədədinin dəyəri 2.20 manat olmaqla 120 qutusunun ümumi dəyəri 264 manat müəyyən olunmuşdur. Lakin həmin qiymətlər ilə vətəndaş Şəxs qeyd etdiyi qiymətlər arasında uyğunsuzluq olmuşdur. Şəxs bu siqaretlərin qiymətinin həmin rəydə göstərilənlərdən aşağı olduğunu, rəydə göstərilən qiymətlərin sözügedən siqaretlərin ölkə ərazisindəki orta bazar qiyməti olduğunu, həmin siqaretlərin isə rüsumsuz ticarət mağazasından alındığını və daxili bazarda olan qiymətindən xeyli aşağı olduğunu bildirmişdir. Vətəndaşın yazılı ərizəsi üzrə yenidən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və 07 dekabr 2021-ci il tarixdə 1010-150/001-22/000489 nömrəli məktubla X5 Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mrəkəzinə müraciət edilmişdir. X5 Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mrəkəzinin 20 dekabr 2021-ci il tarixli 348 nömrəli rəyinə əsasən ekspertizaya təqdim edilən 138 qutu "X10" markalı və 110 qutu "X9" markalı siqaretlərin ölkənin rüsumsuz ticarət mağazalarındakı qiyməti ilə ümumilikdə qiyməti 248 (iki yüz qırx səkkiz) manat həcmində müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 02.12.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi "DAF" markalı 90VP885/99ZA669 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə gedən Azərbaycan Respublikası vətəndaşı X3 avtomobilinin yoxlanması zamanı avtomobilin yük yerindən 017752 saylı CMR-də göstərilməyən və gömrük nəzarətinə bəyan edilməyən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 270 qutu "Want" markalı siqaretləri Şəxs Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə əldə etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsinə əsasən “Malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müsadirə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan aksiz markası ilə markalanmayan 138 qutu "X10" markalı və 110 qutu "X9" markalı siqaretlər dövlət nəfinə müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-1/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-1/2022
11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver