Məhkəmə qərarları › İş №3(078)-1/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-1/2024

09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-1/2024 09.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxs Şəxs MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.2 və 447.0.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Hüquqi şəxs olan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.2 və 447.0.1-ci maddələri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(007)- 5775/2023 nömrəli qərardadı ilə inzibati material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinə əsasən aidiyyatı üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati material xx.xx.2023-cü il tarixdə aidiyyatı üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş və iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Protokola əsasən xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında Şəxs MMC-nin saytında qiymətlər xarici valyutada göstərilmiş 10.0 kq və üstü bağlamalarda 1 kq-nın çəkisi üçün 1.1 ABŞ dolları müəyyən olunmasına baxmayaraq, çəkisi 10.0 kq olan bağlamaya görə 15 dollar alınmışdır. Bu fakt vətəndaş Loğman Hüseynovun xx.xx.2023-cü il tarixli müraciəti ilə təqdim etdiyi sənədlər, fotoşəkillər və Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə təsdiq edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.2 və 447.0.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.2 və 447.0.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxs Şəxs MMC-nin vəkili və nümayəndəsi Vəkil protokolu qəbul etməyərək məhkəmənin ünvanına etiraz göndərmiş və məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, sözügedən protokolla başlanmış icraata icraatı rədd edən hallar mövcud olduğu üçün xitam verilməlidir. Belə ki, iddia edilən xəta ilə bağlı həm cəlbetmə müddəti keçmişdir, həm də inzibati xəta tərkibi mövcud deyildir. Bundan başqa, protokol düzgün tərtib edilmədiyi üçün də geri qaytarma üçün əsaslar mövcuddur. Başlanmış icraata xitam verilməsi üçün əsaslar (İXM m. 53.1.6 və m. 53.1.2): protokoldan aydın olur ki, törədildiyi iddia edilən xəta faktı xx.xx.2023 tarixli məktubla təsdiqini tapır. Dolayısıyla, iddia edilən xətanın törədilmə anı sözügedən tarixdən əvvələ təsadüf edir. Bu baxımdan xətanın törədilmə anını qeyd edilən məktubun tarixindən hesablasaq belə, 4 aylıq cəlb etmə müddətinin (İXM m. 38.1) keçməsi ilə bağlı icraata xitam verilməlidir. Qiymət intizamının pozulması ilə əlaqədar iddialarla bağlı nəzərə almaq lazımdır ki, internetin hər yerdə mövcud olma (“omniprelence”) xüsusiyyətinə görə elektronik kommersiya bazarında eyni internet informasiya resursu ilə birdən çox ölkədə xidmət vermək mümkündür. Bu baxımdan sözügedən web saytında USD ilə Türkiyədəki xidmət alanlar üçün qeyd edilməsi normal və təbiidir. Saytın müxtəlif url-lərindən də göründüyü kimi Azərbaycandan olan müştərilər üçün AZN-lə də xidmət qiymətləri qeyd edilmişdir. Yalnız USD ilə qiymət göstərilməsi faktı təsdiqini tapmır. Eyni zamanda istehlakçının 6 AZN məbləğində aldadılmasına, əslində bu məsələ izaha ehtiyacı olmayan qanunvericiliyin aydm şəkildə sui-istifadəsidir. Belə ki, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Qanun istehlakçının aldadılmasını malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə şərtləndirir. Halbuki, iş materiallarından aydın olur ki, şikayət verən şəxs aldadıldığım iddia etdiyi qiymət barədə məlumatlıdır. İXM 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. İXM-nin 109.1.6-cı maddəsinə isə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Protokoldan isə aydm olur ki, hüquqi şəxsin qanuni nümayəndəsi olaraq icraata çağırılan və imzası alman şəxs ümumiyyətlə hüquqi şəxsin nümayəndəsi yox, təsisçidir! Zira, iş materiallarına həmin şəxsin nümayəndə kimi səlahiyyətlərini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Bundan başqa, protokolu tərtib edən aparıcı məsləhətçisinin səlahiyyətlərini təsdiq edən heç sənəd iş materiallarında mövcud deyil. Vəkil sadalanan və ex officio nəzərə alınmalı əsaslarla sözügedən işlə bağlı alternativli olaraq icraata xitam verilməsini, əks təqdirdə protokolun geri qaytarılmasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə vəkil və nümayəndəni dinləyib, inzibati işin materiallarını yoxlayıb hesab edir ki, hüquqi şəxsi məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin aparıcı məsləhətçisi X1 tərəfindən xx.xx.2023-cü il tarixində MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.2 və 447.0.1-ci maddələri üzrə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsi müəyyən edir ki, Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İnzibati xəta haqqında materiallardan aydın olur ki, barəsində inzibati protokol tərtib edilən hüquqi şəxs haqqında müvafiq məlumatlar protokol tərtib etmiş orqana 2023-cü ilin avqust ayında verilmişdir. Həmin hallar araşdırılmış və 07 noyabr 2023-cü il tarixdə protokol tərtib edilmişdir. Protokol baxılması üçün düzgün olmayaraq başqa məhkəməyə göndərilmiş, həmin məhkəmə tərəfindən iş düzgün olaraq Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş Naxçıvan Şəhər Məhkəməsinə 13 dekabr 2023-cü il tarixdə daxil olmuşdur ki, artıq həmin vaxt inzibati məsuliyyətə cəlb etmə müddətinin bitməsinə 5 gün qalırdı. 5 gün müddətində məhkəmə iclasının keçirilməsi qeyri-mümkün olduğundan işə inzibati xətalar qanunvericiliyində müəyyən edilmiş müddətdə baxılmışdır. Həmin müddətdə isə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsi məsuliyyətə cəlb edilməsi üçün tərtib edilmiş protokolda qeyd edilən maddələr 1 il məsuliyyətə cəlb etmə müddəti nəzərdə tutulan xüsusi kateqoriya işlər sırasına daxil olmadığından ümumi 4 aylıq müddət tətbiq edilməlidir. İşə uzanan inzibati xəta nöqteyi nəzərdən yanaşdıqda belə xətanın protokol tərtib edən orqan üçün 18 avqust 2023-cü il tarixdə aşkar edilməsi materiallarla təsdiq edilər. Ümumi müddət 18 dekabr 2023-cü il tarixdə isə başa çatmışdır. Məsuliyyətə cəlb etmə müddəti protokol tərtib edilməsi ilə deyil, bunun üçün qərar qəbul edilməsi hesablanan müddətdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r v e r d i: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.2 və 447.0.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar