Məhkəmə qərarları › İş №3(078)-1/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-1/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-1/2025 14.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Naxçıvan Muxtar Respublikası X25 Xidməti” X19 nümayəndəsi X1 və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X7 iştirakları ilə, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan “Naxçıvan Muxtar Respublikası X25 Xidməti” X19 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Naxçıvan Şəhər Məhkəməsinə 28 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən “Naxçıvan Muxtar Respublikası X25 Xidməti” X19 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, 09 oktyabr 2024-cü il tarixdə “Naxçıvan Muxtar Respublikası X25 Xidməti” X20 X13 Xidməti tərəfindən aparılan araşdırma nəticəsində müəssisə tərəfindən 4 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası təmin edilmədiyi müəyyən edilmişdir. Nəticədə “Naxçıvan Muxtar Respublikası X25 Xidməti” X27 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Naxçıvan Muxtar Respublikası X25 Xidməti” X19 nümayəndəsi X3 izahatında protokolla razı olmadıqlarını, protokolu tərtib etmiş orqanın məsələyə qərəzli yanaşdığını düşündüyünü, protokol tərtib edilməmişdən əvvəl, yəni yoxlamalar aparılmamışdan qabaq seminarlar təşkil olunmalı olduğunu, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən aparılmış yoxlamanın nəticəsində akt tərtib olunduğunu, həmin aktda nəzərdə tutulan nöqsanların aradan qaldırılması ilə bağlı müəssisə tərəfindən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə məktub göndərildiyini, ancaq məktub nəzərə alınmadan qərəzli şəkildə inzibati xəta haqqında protokol tərtib olunduğunu, elektron qaydada 1 gün içində nöqsanların düzəldildiyini, qeyd olunan nöqsanlardan olan işçi ilə müddətli əmək müqaviləsi bağlana bilməməsinin düzəldildiyini, hazırki protokolun “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”larının təmin edilməməsi ilə bağlı olduğunu, Naxçıvan Muxtar Respublikası X25 Xidməti X19 Səhiyyə Nazirliyinə tabe olan hüquqi şəxs olduğunu, özlərinin ayın ortası yeni işə götürdükləri işçini icbari sığorta etdirə bilmədiklərini, ayın sonunu gözləməli olduqlarını, Səhiyyə Nazirliyi vəsait ayırdıqda edə biləcəklərini, özlərinin nizamnamə əsasında fəaliyyət göstərdiklərini, nizamnamədən kənara çıxa bilmədiklərini, sadəcə bu məsələnin deyil aktda göstərilən bir çox məsələnin mübahisəli olduğunu, bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə məktub ünvanladıqlarını, həmin məktuba hələ də cavab verilmədiyini, heç bir xəbərdarlıq edilmədiklərini, seminar təşkil olunmadığını, mübahisələr öz həllini tapmadan protokol tərtib edilməsinin qərəzli və absurd olduğunu düşündüyünü bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X15 izahatında 09 oktyabr 2024-cü il tarixdə “Naxçıvan Muxtar Respublikası X25 Xidməti” X20 yoxlama aparılan zaman 4 nəfər işçinin “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”larının təmin edilməməsinin müəyyən edildiyini, bu əsasda inzibati xəta haqqında protokol tərtib olunduğunu və aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərildiyini, müəssisə tərəfindən də onlara bu barədə məlumat verildiyini, müqavilə bağlanıldığı gün icbari sığortanın həyata keçirilməli olduğunu, əmək müqaviləsinin ƏMAS-a həmin gün işləndiyini, ancaq sistemə vurulmanın gecikdirildiyini bildirərək “Naxçıvan Muxtar Respublikası X25 Xidməti” X19 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş 09 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, Naxçıvan Muxtar Respublikasının Baş naziri tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş 3-2/3-29/2024 tarixli məktuba əsasən “Naxçıvan Muxtar Respublikası X25 Xidməti” X20 çalışan əməkdaşların əmək hüquqlarının təmin olunması ilə bağlı aparılan araşdırma zamanı “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 108-ci maddəsinə uyğun olaraq iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılmadığı müəyyən edilmişdir. Məcəllənin 45-ci maddəsinə əsasən iş yeri daimi xarakter daşıdığından işəgötürənlə işçilər arasında bağlanılmış əmək müqavilələri müddətsiz olaraq bağlanılmalı olduğu halda 81 nəfər işçinin əmək müqavilələri müddətli olaraq bağlanılmışdır. İşçilərin əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın verilməsi gecikdirilərək ödənilmişdir. 75 nəfər işçinin əmək müqaviləsinə Ali Məclisin sədrinin 22 iyun 2023-cü il tarixli sərəncamına əsasən xitam verilməsi nəzərdə tutulsada faktiki olaraq isə Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş, işçilərin ərizələri xitam tarixindən 1 gün sonra (qeyri iş günü 31 dekabr 2023-cü il) alınmış və xəbərdarlıq müddəti gözlənilmədən xitam verilmişdir. Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimat jurnalları mövcuddur, lakin təlimatlar qanunamüvafiq təşkil olunmayıb və biliyin yoxlanılması təşkil olunmamışdır. 4 nəfər işçinin "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortaları təmin edilməmişdir. Nazirlər Kabinetinin 74 saylı qərarına əsasən axşam və gecə vaxtı çalışan işçilərin əmək haqqılarına əlavələr axşam saatlarına görə ödənilmir. Bəzi işçilərin əmək müqaviləsinə Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə və 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilməsinə baxmayaraq razılıq ərizələri müəyyən edilməmişdir. Vəzifə təlimatları mövcud deyil. Şəxsi işlərə baxış keçirilərkən keçmiş dövrlərdə işə götürülən işçilərlə yazılı əmək müqaviləsi forması tərtib edilməmişdir. (12 avqust 2024-cü il tarixədək) Xeyli sayda işçilərə verilən intizam tənbehləri tam qanunamüvafiq şəkildə həyata keçirilməmişdir. "Məşğulluq haqqında'' Azərbaycan Respublikasının Qanunun 18.3-cü maddəsinə uyğun olaraq 245 ştat vahidinin bir qismi "Əmək və məşğulluq" altsistemində vakansiya bankına 4 oktyabr 2024-cü il tarixdən daxil edilmişdir. Ştat üzrə direktor müavini - baş həkim vəzifəsi daşıyan şəxsə əlavə ştat üzrə boş olan direktor vəzifəsi 7 yanvar 2023-cü il tarixdən həvalə edilmiş, bu müddət qanunvericilikdə müəyyən edilmiş 3 aylıq müddəti keçmiş və hal-hazırda həvalə edilmiş vəzifə həmin şəxs tərəfindən davam etdirilir, (qeyd bu hal Naxçıvan MR Səhiyyə Nazirliyilıyınin səlahiyyətlərinə aiddir)” nöqsanları aşkar edilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Muxtar Respublikası X25 Xidməti” X27 tərəfindən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X13 Xidmətinə ünvanlanmış 26 noyabr 2024-cü il tarixli, 159 nömrəli məktubu ilə göndərilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 oktyabr 2024-cü ildə “Naxçıvan MR X25 Xidməti” X20 apardığı araşdırma zamanı aşkarladığı nöqsanlar haqqında məlumatda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə 108-ci maddəsinə uyğun olaraq qeyri iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü iş günün müddəti həftəlik iş günlərinin sayından bir saat qısaldılması aradan qaldırılmışdır. 81 nəfər işçinin müddətli əmək müqaviləsi müddətsiz əmək müqaviləsinə keçirilmişdir. Dövlət tərəfindən maliyyələşən publik hüquqi şəxs olduğu üçün hər ayın sonu icbari sığorta agentliyi tərəfindən ayın sonundan onların hesabına pul köçürülür. Bu səbəbdən son haqq-hesab gecikdirilir. Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinin adının dəyişilməsi bağlı 75 nəfər işçinin əmək müqaviləsinə xitam verilməsi haqqında işçilərin ərizələrin tarixi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçirilməsi aradan qaldırılmışdır. Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlar qanunamüvafiq təşkil olunması və biliyin yoxlanılması təşkil olunmuşdur. 4 nəfər işçinin "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta”ları təmin edilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təlimatında gecə pulu 15- 50% hesablandığı və işçilər növbəli iş rejimində işlədiyi üçün həftəlik normasını yerinə yetirildiyi üçün əmək haqqılarına əlavələr axşam saatlarına görə ödənilmir. xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə işdən azad olunan işçilərdən yenidən əlaqə saxlanılaraq işdən azad olunması haqqında razılıq ərizələri alınmışdır. X4 idarəyə gələrək işdən azad olunması haqqında razılıq ərizəsinin yenidən alınmasına etiraz bildirmişdir. Naxçıvan MR X25 Xidməti" X19 bütün işçiləri vəzifə təlimatı ilə tanış edilib imzaları alınmışdır. Keçmiş dövrlərdə işə götürülən işçilərlə yazılı əmək müqaviləsi forması tərtib edilmiş və aradan qaldırılmışdır. İş materiallarına əlavə olunmuş 24 sentyabr 2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, işəgötürən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Muxtar Respublikası X25 Xidməti” X19 direktor vəzifələrini icra edən X16 ilə işçi X12 arasında əmək müqaviləsi bağlanmış və X12 “Naxçıvan Muxtar Respublikası X25 Xidməti” X19 maliyyə şöbəsinin mühasibi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş 08 oktyabr 2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, işəgötürən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Muxtar Respublikası X25 Xidməti” X19 direktor vəzifələrini icra edən X16 ilə işçi X6 arasında əmək müqaviləsi bağlanmış və X6 “Naxçıvan Muxtar Respublikası X25 Xidməti” X19 Naxçıvan şəhəri üzrə kiçik tibb işçisi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş 01 oktyabr 2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, işəgötürən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Muxtar Respublikası X25 Xidməti” X19 direktor vəzifələrini icra edən X16 ilə işçi X8 arasında əmək müqaviləsi bağlanmış və X8 “Naxçıvan Muxtar Respublikası X25 Xidməti” X19 Babək rayonu üzrə paramedik vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş 01 oktyabr 2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, işəgötürən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Muxtar Respublikası X25 Xidməti” X19 direktor vəzifələrini icra edən X16 ilə işçi X5 arasında əmək müqaviləsi bağlanmış və X5 “Naxçıvan Muxtar Respublikası X25 Xidməti” X19 Şahbuz rayonu üzrə təcili yardım avtomobil sürücüsü vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Əmək müqaviləsi icbari sığorta məlumatları barədə elektron çıxarışdan görünür ki, X12 17 oktyabr 2024-cü il tarixdə, X6 17 oktyabr 2024-cü il tarixdə, X8 17 oktyabr 2024-cü il tarixdə və X5 17 oktyabr 2024-cü il tarixdə işəgötürən tərəfindən icbari sığorta edilmişlər. İş materiallarını nəzərdən keçirən zaman məlum olmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Naxçıvan Muxtar Respublikası X25 Xidməti” X19 nümayəndəsi X9 26 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etmiş və həmin protokolun surəti 26 noyabr 2024cü il tarixli, 3-17-9-5/2-2000/2024 nömrəli məktubla Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi ünvanına göndərilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki “Naxçıvan Muxtar Respublikası X25 Xidməti” X19 Azərbaycan Respublikasının İXM-in 469.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Naxçıvan Muxtar Respublikası X25 Xidməti” X27 Azərbaycan Respublikasının İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli, 999-İİİQ nömrəli Qanununun 3.1 və 3.1.1-ci maddələrinə əsasən hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Həmin qanunun 21.2-ci maddəsinə əsasən sığortalılar tərəfindən bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin görülməsi və əməyin mühafizəsi üzrə vəzifələrin yerinə yetirilməsi üzərində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin qanunun 23-cü maddəsinə əsasən bu Qanunun pozulmasına görə sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən, xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Naxçıvan Muxtar Respublikası X25 Xidməti” X27 Azərbaycan Respublikasının İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə “Naxçıvan Muxtar Respublikası X25 Xidməti” X23 tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, “Naxçıvan Muxtar Respublikası X25 Xidməti” X27 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs qismində 5000 (beş min) manat məbləğində cərimə edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: “Naxçıvan Muxtar Respublikası X25 Xidməti” X27 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar