Məhkəmə qərarları › İş №3(078)-102/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-102/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-102/2025 19.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, ünvan 1 ünvanında fəaliyyət göstərən, VÖEN nömrəsi ********** olan hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: 17 fevral 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 37665.40 (otuz yeddi min altı yüz altmış beş dollar qırx sent) ABŞ dolları məbləğində olan vəsait bank vasitəsilə 24 yanvar 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 37665.40 (otuz yeddi min altı yüz altmış beş dollar qırx sent) ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 25 yanvar 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində İXM-in 430.4-cü maddəsi üzrə tərtib olunmuş 7 fevral 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə baxışı iclasında "xxxx" MMC-nin nümayəndəsi X3 izahatında birinci dəfə belə olduğunu, gömrük orqanına müraciət etdiklərini, əlində gömrük bəyannaməsi olduğunu, təkrar-təkrar qeyd etdiyini, gömrüyə müraciət etdiyini, inzibati qaydada müraciət edilmədiyini, müqavilənin predmeti eyni olduğunu, 1 maddənin fərqli olduğunu, ödəniş tapşırığına əsasən uyğunzuluğun aşkar edilməli odulduğunu, mallar tam həcmində ödənildiyini, 120 kodu olduğunu, normalda 100, 110, 120 kodlarının olduğunu, 100 tam, 110 hissə-hissə, 120 mallar gəldikdən sonra ödəniş olmasını, kodun səhv göstərildiyini, orada 100 kodu yazılmalı olduğunu, iki müqavilə olsa da bir gömrük bəyannaməsi olduğunu, 1 köçürmə aparıldığını, şirkətində malları göndərməsini təsdiq etdiyini, onların ödəniş təyinatında açıqlama verilməsini istədiyini, yenidən məhkəməyə verilsə, digər müqaviləni göstərəcəyini, 2023-cü il üzrə ödəniş etmədiyini, 2022-ci il üzrə ödəniş aparıldığını, bir dəfə mal aldıqlarını, bəyannamənin texniki olaraq səhv verildiyini, səhvliyin aradan qaldırılması üçün müraciət etdiklərini, faktın ortada olduğunu bildirmiş və məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, nümayəndənin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli "xxxx" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim etdiyi məktuba, əsasən, Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3 bəndinə müvafiq olaraq xx.xx.2023, xx.xx.2023 xx.xx.2023-cü il tarixlərində Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adlarını və köçürməyə aid bütün təsdiqedici sənədlər iş materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli OX2 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" ASC vasitəsilə olan hesabdan 37665.40 (otuz yeddi min altı yüz altmış beş dollar qırx sent) ABŞ dolları-USD məbləğində pul vəsaiti köçürülmüşdür; xx.xx.2022-ci il tarixli İNR**********331 nömrəli fakturaya, əsasən, malların miqdarı 37665.40 ABŞ dolları tutmuşdur. xx.xx.2022-ci il tarixdə"xxxx" MMC və İnar UluslarasıNakliyye Gida Hayv. Tekstil. Mob.İNS. Malzemeleri ŞTİ arasında İNR-AVM-01/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinə məktub göndərilmiş və məktubda “xx.xx.2023-cü il tarixində ölkə-xarici köçürmə zamanı (X5 Gida Hayv. Tekstil. Mob.İNS. Malzemeleri ŞTİ) platforma, müqavilə Kapitalbanka və Gömrük İdarəsinə fərqli tarix və fərqli adla yanlışlıqla təqdim olunmuşdur. Məhz buna görə gömrük bəyənnaməsinin çatdırılma kodu 100 nəzərə alınmışdır, lakin Gömrük bəyənnaməsi 120 kodu altında rəsmiləşdirilmişdir. Bildiyimiz kimi, 100 kodu altında ödəniş avans oldugundan ilk dətə sənədlər Kapıitalbanka (muqvilə, pratorma ve oр olduğundan ilk dəfə sənədlər Kapitalbanka (müqvilə, praforma və ödəniş təyinatı) təqdim olunmuşdur. Bununla bağlı, 02 noyabr 2023-cü ildə Sizə məktub əsasında müraciət olunmuşdur. Qarşı tərəfin riskini (halhazırda həmin şirkətlə alışımız olmur və yenidən ödəmə risklidir) nəzərə alaraq yenidən Sizə müraciət edirik ki, zəhmət olmasa yaranan problemin aradan qaldırılmasına köməklik göstərəsiniz. Sizdən xahiş olunur ki, gömrük bəyənnaməsinin çatdırılma kodunun 120-dən 100-ə dəyişdirilməsinə köməklik göstərəsiniz. Sizə müraciət olunan Gömrük bəyənnaməsinin sorğu nömrəsi-**********9270.” qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda “20 oktyabr 2023-cü il tarixli 76 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, **********9270 və **********4539 sorğu nömrəli gömrük bəyannamələrinin 20-ci qrafasının ikinci yarımbölməsində 120 kodu ilə göstərilən çatdırılma şərti təqdim olunan müqavilə və digər müşayiət sənədlərindəki məlumatlarla eynilik təşkil edir. Eyni zamanda qeyd etmək istəyirik ki, uyğunsuzluq aşkar edilməmişdir, təqdim edilmiş sənədlər əsasında rəsmiləşdirilmişdir.” qeyd edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin rəhbərliyinə ünvanlanmış məktubda “02 noyabr 2023-cü il tarixdə "xxxx" MMC tərəfindən Naxçıvan Baş Gömrük İdarəsinə yazılan məktubu nəzərə alasınız. Həmin məktubda **********9270 nömrəli yük gömrük bəyənnaməsinin çatdırılma şərtinin kod olaraq 120 kodundan 100 və ya 110 koduna dəyişdirilməsi üçün "xxxx" MMC tərəfindən Naxçıvan Baş Gömrük İdarəsinə müraciət olunmuşdur. Qarşı hüquqi şəxsin (İnar Uluslararası) riskli olduğu nəzərə alınaraq gömrük bəyannaməsində yaranan problemləri (müqavilə və proformanın nömrə və tarixі yanlış təqdim olunmuşdur) qaydasına salmaq üçün həmin məbləğin (37665.40 USD) qarşı tərəfə yenidən ödənilməsi məqbul hesab edilməmişdir. Beləki, xx.xx.2025 tarixi üçün rəsmi qaydada yenidən Naxçıvan Baş Gömrük İdarəsinə müraciət olunmuşdur.” qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC və İnar UluslarasıNakliyye Gida Hayv. Tekstil. Mob.İNS. Malzemeleri ŞTİ arasında AVM-03/23 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2025-ci il tarixli "xxxx" MMC tərəfindən göndərilmiş vəsatətə, əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankın Hüquq və Təşkilati işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsi tərəfindən "X7" MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli "inzibati xəta haqqında protokol" üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin 13 mart 2025-ci il tarixli, 3-33-1200/2-000882/2025 nömrəli məktubuna, əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli İNR-AVM-01/22 nömrəli müqaviləyə əsasən 24 yanvar 2023-cü il tarixində "xxxx" ASC vasitəsilə OX2 nömrəli ödəniş tapşırığı üzrə 37 665,40 ABŞ dolları müqabilində Baş İdarə üzrə idxal-ixrac əməliyyatları qeydə alınmamışdır. Məhkəmə protokol və ona əlavə edilən sənədləri araşdırıb, müəyyən edir ki, "xxxx" MMC 37665 USD məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2023-cü il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və bunun müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi vardır və həmin əməli törətməkdə təqsirlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin dispozisiyasından da göründüyü kimi, bu maddə, ilk növbədə, Azərbaycan Respublikasının iqtisadi fəaliyyət subyektləri tərəfindən xarici ölkələrə (xarici iqtisadi fəaliyyət subyektlərinin bank hesablarına) malların alınması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün avans yolu ilə ödənilmiş (köçürülmüş) valyuta vəsaitlərinin düzgün (təyinatı üzrə) istifadəsinə nəzarət, bu sahədə maliyyə intizamını möhkəmləndirmək və müəyyən olunmuş maliyyə qaydalarının pozulmasına görə hüquqi məsuliyyətin tətbiqi məqsədini daşıyır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 28 fevral 2020-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi lazım bilir ki, sahibkarlıq fəaliyyətinin əsasını təşkil edən mülkiyyət hüququ mütləq hüquq deyil və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun (bundan sonra – Konvensiyanın 1 saylı Protokolu) 1-ci maddəsində dəqiq müəyyən edilmiş məhdudiyyətlərə məruz qala bilər. Həmin maddəyə görə mülkiyyət hüququna müdaxiləyə yalnız aşağıdakı hallarda yol verilir: - qanunla müəyyən edilmişdirsə; - ictimai maraq kəsb edirsə; Göründüyü kimi, mülkiyyət hüququna müdaxilə ilk növbədə qanunauyğunluq tələbini ödəməlidir. Şəxsin mülkiyyət hüququna qanuni müdaxilə yalnız ümumi (ictimai) maraqlar üçün legitim məqsəd güdüldüyü halda əsaslandırıla bilər. Bu öhdəlik Konvensiyanın qeyd edilən maddəsində əmlakdan məhrumetmə və əmlakdan istifadəyə münasibətdə açıq şəkildə ifadə edilmişdir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” X1 2012-ci il 12 mart tarixli Qərarı). “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin (hərəkətin) inzibati xəta kimi müəyyən edilməsi valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə cavab verdiyindən, məhkəmələr bu kimi işlərin hallarını hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, bu işlərə həmin Məcəllənin 111.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxsin nümayəndəsi izahatında bildirir ki, eyni məbləğə münasibətdə iki dəfə müqavilə bağlanmış, lakin bir dəfə gömrük bəyənnaməsi ilə mal daxil edilmişdir. Həmin gömrük bəyənnaməsində qeyd edilən müqavilə nömrəsi və tarixi yalnış olmuşdur, texniki səhvliyə yol verilmişdir, bununla bağlı gömrük orqanına müraciət etsələr də yalnışlıq düzəldilməmişdir. Lakin məhkəmə qeyd edir ki, hər bir halda iki ayrı müqavilə üzrə eyni məbləğə, eyni predmetə münasibətdə müqavilə bağlansa da bir dəfə gömrük bəyənnaməsi ilə ölkəyə mal daxil edilmişdir. Həmin gömrük bəyənnaməsində qeyd edilən müqavilə həqiqətən mövcud olmuş və müqavilə üzrə qeyd edilən mal ölkəyə daxil edilmişdir. Əgər gömrük bəyənnaməsində göstərilən müqavilə reallıqda mövcud olmasaydı və ya müqavilədə qeyd edilən məbləğ və ya müqavilənin predmeti fərqli olsaydı bununla bağlı texniki yalnışlıq barədə qeyd edilən arqument təqdim edilən sənədlər əsasında araşdırıla bilərdi. Lakin gömrük bəyyənnaməsində göstərilən müqavilə, məbləğ, predmet reallıqda mövcud olmuşdur. Həmin gömrük bəyənnaməsində qeyd edilən yalnışlığın ardan qaldırılması barədə hüquqi şəxsin sorğusuna, eləcə də məhkəmənin sorğusuna cavab olaraq hər hansı uyğunsuzluğun olmadığı bildirilmişdir. Buna görə də məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilmişdir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də həmin qurum sözügedən maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə "xxxx" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, köçürülən məbləği həcmini nəzərə alaraq hesab edir ki, ona İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyərinin 20% həcmində cərimə tənbeh növü tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 37665.40 (otuz yeddi min altı yüz altmış beş dollar qırx sent) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, 7533.08 (yeddi min beş yüz otuz üç dollar səkkiz sent) ABŞ dolları (qərar icra olunan gün manatın dollara nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar