Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-104/2021 06.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1974 –cü ildə Babək rayonu Zeynəddin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi ticarət fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, iki uşaq atası, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material 06 sentyabr 2021-ci il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Vətəndaş Şəxs 06 sentyabr 2021-ci il tarixdə Naxçıvan şəhəri, Cahan Ticarət Mərkəzinin 19 nömrəli mağazasının qarşısında ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər, özünün və şahidlərin məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi ifadəsində həqiqətən də, 06 sentyabr 2021-ci il tarixdə işlədiyi Cahan Ticarət Mərkəzində olarkən əvvəldən borclu olduğu Malik adlı şəxslə telefonla danışaraq ondan pulunun istədiyini, lakin həmin şəxsin ona dəfələrlə bəhanələr deyərək pulunu qaytarmadığından bu dəfə də Bakıda olduğunu bildirdiyindən əsəbləşib ucadan söyüş söydüyünü, onun nalayiq ifadələrini eşidən mağaza sahiblərinin yaxınlaşaraq irad bildirdiklərini, daha sonra polis şöbəsinə zəng vurduqlarını, onun səs-küy salmasından narazı olan şəxslərdən üzr istədiyini, əməlindən peşman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini bildirib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid X5 oğlu izahatında 06 sentyabr 2021-ci il tarixdə işlətdiyi Cahan Ticarət Mərkəzində pərdə mağazasının qarşısında qonşu dükanı işlədən Şəxs nalayiq ifadələr işlətdiyini eşitdiyini, mağazadan çıxaraq narazılığını bildirdiyini və irad tutduğunu bildirdi. Məhkəmə baxışı iclasında şahid X2 izahatında 06 sentyabr 2021-ci il tarixdə Cahan Ticarət Mərkəzində işlətdiyi ətir mağazasında olarkən qonşu dükanı işlədən Şəxs nalayiq ifadələr işlətdiyini eşitdiyini, mağazadan çıxaraq narazılığını bildirdiyini və irad tutduğunu, bununla bağlı mühafizəyə məlumat verdiyini bildirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs 06 sentyabr 2021-ci il tarixdə Cahan Ticarət Mərkəzində ictimai yerdə ictimai qaydanı pozmuş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X6 tərəfindən 06.09.2021-ci il tarixdə verilmiş 103 nömrəli arayışa əsasən Şəxs sağlamdır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər şöbəsi tərəfindən verilmiş 06 sentyabr 2021-ci il tarixli, 530 nömrəli arayışdan görünür ki, Məmmədov X1 MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər şöbəsində qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Şəxs əməlində səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə inzibati xətanının törədilməsini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi işin materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 100 (bir yüz) manat miqdarında cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində 100 (bir yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-104/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-104/2021
06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver